Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4284/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabadehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 21112 (iyirmi bir min yüz on iki) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153.34 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2023 -ci il tarixli, 131/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 21112 (iyirmi bir min yüz on iki) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş vəüç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş vəİddiaçı MMC-yə olan borcunun 21112 (iyirmi bir min yüz on iki) manat hissəsini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Azərbaycan RespublikasıMülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, “Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında ikivə ya bir neçə şəxsin razılaşması müqavilə sayılır”. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər”. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək ahüququnu ehtivaedən mülki hüquq münasibətidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Və işə qiyabi icraat qaydasında baxılması barədə ərizə verdiyi bildirdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023 -ci il tarixli, 131/2023 saylı saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən:
9. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya ümumi dəyəri 21112 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.
10. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 21112 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.
11. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 21112 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərəf daşıyır.
13. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.
14. xx.xx.2023-cü il tarixli, 131/2023 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 21112 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
15. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə İddiaçı MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 21112 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, xx.xx.2023-cü ilə qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.
16. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən:
17. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 21112 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 21112 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.
18. Müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 7037,33 manat olmaqla, xx.xx.2023-cü il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
19. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə kreditorun qeydiyyatda olduğu ünvan üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən və ya mübahisə İnzibati-İqtisadi Məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacaqdır.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023 -ci il tarixli, 131/2023 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bənidnə əsasən satıcı alıcıya ümumi dəyəti 21112 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 21112 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul etməyi və müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya olan borcunu 21112 manat olmaqla 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdeh alqıdı mallara görə ödənişlərini etməmişdir.
29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və borcun etirafına dair ərizə və mücərrəd müqavilə ilə təsdiqini tapdığı üçün iddia tələbinin 21112 manat borca dair təmin olunması üçün əsaslar mövcuddur.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 21112 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 21112 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 153,34 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.
32. MPM-in:
33. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
35. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu xərcinin əvəzi olaraq 153,34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 21112 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 153,34 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova