Məhkəmə qərarları › İş №e-2-2(113)-429/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-429/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-429/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "X3" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 66339,38 manat məbləğində borcun, 400 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 1000 manat xidmət haqqın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, satıcı - İddiaçı MMC ilə alıcı - Cavabdeh MMC arasında 01 aprel 2019-cu il tarixili 010419/GDF/14 saylı xam süd alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən təchizatçı/satıcı müvafiq spesifikasiyalara əsasən mallan təchiz etməyi, alıcı isə malları qəbul etməyi və ödəniş həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən qəbul edilmiş malın dəyəri həftədə bir qaimə faktura əsasında satıcıya köcürmə və ya nağd yolla ödəniləcəkdir. Lakin, hazırda alıcı tərəfindən alınmış olduğu mallara dair 66339,38 manat məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında təsdiqlənmiş ən son üzləşmə aktında borc məbləği 82571,28 manat olmuş, bundan sonra cavabdeh 16231 manat məbləğində ödəniş edərək borc məbləğini 66339,38 manata endirmişdir. Həmin ödənilmiş məbləğ 14 may 2020-ci il tarixinə 500 manat, 18 iyul 2020-ci il tarixinə 1600 manat, 09 oktyabr 2020-ci il tarixinə 400 manat, 14 oktyabr 2020-ci il tarixinə 10000 manat, 03 noyabr 2020-ci il tarixinə isə 3731,90 manat təşkil etmişdir. Beləliklə, qeyd edildiyi kimi satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla alıcıya təhvil vermişdir, lakin alıcı üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirilərək borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdehin bu günə olan 66339,38 manat borc məbləği ilə bağlı 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaimə tərəfə göndərilmişdir. Borc məbləği ödənilmədiyindən, satıcı tərəfindən 25 iyun 2021-ci il tarixində cavabdehə 23/21 saylı pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilsə də, nəticəsi olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı təqdim olunmuş sənədlərə əsasən aparılmış ödənişlər iddiaçi tərəfindən inkar olunmur və borc məbləği hesablanarkən nəzərə alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “X4” MMC ilə Cavabdeh MMC arasında xam süd alqı-satqısına dair 01 aprel 2019-cu il tarixili 010419/GDF/14 saylı müqavilə bağlansa da, həmin müqavilə iddiaçı şirkətdə yoxlama aparılan dövrdə rəsmiləşdirilmişdir. Belə ki, tərəflərin rəhbərləri arasında dostluq münasibətləri olmuş, iddiaçı xam südün alınmasını Cavabdeh MMC-nin rəhbərinə təklif etmiş, o da razılaşmışdır. Bundan sonra iddiaçıdan alınan süd istehsalda istifadə olunmuşdur. Bir müddət sonra xam süddən istifadə edilməklə hazırlanan məhsulların keyfiyyətsizliyi barədə Cavabdeh MMC-yə şikayətlər daxil olmuşdur. Buna səbəb, alınan südun qoxusu və acı dadı olmuşdur. Bununla bağlı iddiaçıya xam südün keyfiyyətsiz olması ilə bağlı müracət edilmiş və iddiaçı etiraf etmişdir ki, xam südə azot qatılmışdır. Bu səbəbdən, südün dadı və qoxusu dəyişmişdir. Lakin, məhsulun keyfiyyətsizliyi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Şikayətlər daxil olandan sonra xam südün alınması dayandırılmış, bütün ödənişlər də həyata keçirilmişdir. Xam südün alınması və üzləşmə aktında göstərilən borcun olunması cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin həmin borc məbləğinin ödənilməsi barədə qəbzlər və digər ödəniş sənədləri də mövcuddur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, "X3" MMC ilə "xxxx" MMC arasında xam südün alqısatqısına dair şifahi razılaşma olmuş, 2020-ci ildə isə müqavilə rəsmiləşdirilmişdir. Xam süd alınarkən, yoxlanılması üçün laboratoriyaya göndərilmiş və bütün göstəricilərə əsasən keyfiyyəti yaxşı olmuşdur. Alınan xam süd məhsulundan dondurma, yağ və digər süd məhsulları hazırlanırdı. Bir müddət sonra südün xoşagəlməz dadı ilə bağlı "xxxx" MMC-yə müraciətlər daxil olmuş, iddiaçı şirkət isə səbəbini məhsulunun daşınması zamanı konteyner və trubaların çirkli olması ilə əlaqələndirmişdi. Lakin, sonradan müəyyən olmuşdur ki, iddiaçı şirkət tərəfindən inəklərin qidasına karbonid azelik məhlulu əlavə edilmiş, bu məhlul da südün dadına və qoxusuna pis təsir göstərmişdir. Bununla əlaqədar, 2019-cu ilin iyun ayında xam südün alqı-satqısı dayandırılmışdır. Xam süddən hazırlanan donduramalar xoşagəlməz dada görə satışdan çıxarılmış, nəticədə cavabdeh şirkətə böyük məbləğlərdə ziyan dəymişdi. Bu səbəbdən, "X3" MMC-dən alınan maln qiymətində güzəştlər olunması barədə şifahi razılaşma əldə olumuş, lakin, buna baxmayaraq, 04 noyabr 2020-ci ildə hər hansı bir güzəşt tətbiq edilmədən, iddiaçı tərəfindən 66339,38 manat məbləğinin ödənilməsi ilə bağlı e-qaimə göndərilmişdir. Həmin e-qaimə üzrə ödənişlər tam məbləğdə həyata keçirilmişdir. İş materiallarında olan: - 01 aprel 2019-cu il tarixili 010419/GDF/14 saylı xam süd alqı-satqısına dair müqaviləyə əsasən satıcı - İddiaçı MMC xam südü alıcıya - AER Company Qrup” MMC satmağı, alıcı isə malı qəbul edib, dəyərini satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Südün qiyməti hər litr üçün 0,65 manat müəyyən olunmuşdur. - "xxxx" MMC ilə "X3" MMC arasında imzalanmış üzləşmə aktına əsasən 01 yanvar 2017-ci il tarixindən 15 aprel 2020-ci il tarixədək "xxxx" MMC-nin ödənilməmiş 82571,28 manat məbləğdə borcu yaranmışdır. - EAAS seriyalı, 826004 saylı 09 aprel 2019-cu il tarixli elektron qaiməyə əsasən 13731,9 manat dəyərində mal "xxxx" MMC-yə verilmişdir. - 16 may 2019-cu il tarixli ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən "X3" MMC-yə EAAS seriyalı, 826004 saylı e-qaimə üzrə 5000 manat məbləğində ödəniş olunmuşdur. - 13 oktyabr 2020-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən "X3" MMC-yə EAAS seriyalı, 826004 saylı e-qaimə üzrə 10000 manat məbləğində ödəniş olunmuşdur. - 03 noyabr 2020-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən "X3" MMC-yə e-qaimə üzrə 3731,9 manat məbləğində ödəniş olunmuşdur. - EBAS seriyalı, 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaiməyə əsasən 66339,38 manat dəyərində mal "xxxx" MMC-yə verilmişdir. - AAA seriyalı, 10207 saylı 14 oktyabr 2019-ci il tarixli hesab-fakturaya əsasən 8850 manat dəyərində mal "xxxx" MMC-yə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 66339,38 manat dəyərində malın "X3" MMC tərəfindən "xxxx" MMC-yə verilməsi, üzləşmə aktında göstərilən məbləğ işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməldiyindən və təqdim olunmuş sənədlərlə təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Cavabdehin iddiaya etirazının əsasını 6639,38 manat məbləğində pulun ödənilməsi təşkil edir. Tərəflər arasında ümumi satış dövriyyəsi 144818,53 manat təşkil etmiş, "xxxx" MMC-nin 92080,08 manat məbləğində borcun olması onun tərəfindən təsdiqlənmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan kassa məxaric orderlərindən və qəbzlərdən görünür ki, sonuncu 52738,45 manat məbləğində ödəniş həyata keçirmişdir. Bu hal iddiaçı tərəfindən təsdiq edilir. Bundan başqa, borcun əvəzləşdirilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya 9508,8 manat məbləğində yağ satılmışdır. Bu hal üzləşmə aktında öz əksini tapmışdır. Daha sonra cavabdeh tərəfindən 13731,90 manat və 2500 manat pul məbləği ödənilmişdir. 04 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi”nə dair 66339,38 manat həcmində elektron qaimə göndərilmişdir. Cavabdeh tərəfindən EBAS seriyalı, 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaimə üzrə ödənişlərin həyata keçirilməsi bildirilsə də, həmin tarixdən sonra sonuncu tərəfindən hər hansı bir məbləğdə ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilin göstərdiyi yardıma görə xərclər, çıxış üçün təqdim olunmuş hesab iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması mümkün deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 66339,38 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat pul vəsaiti Cavabdehndən tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar