Məhkəmə qərarları › İş №e-2-2(113)-430/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-430/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-430/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Laqriss SP.ZO.O” şirkətinə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Laqriss SP.ZO.O” şirkətindən İddiaçı MMC-nin xeyrinə 112921,01 avro əsas borcun, 14303,3 avro cərimənin, cəmi 127224,31 avro və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC-ti ilə alıcı “Laqriss SP.ZO.O” şirkəti arasında imzalanmış xx.xx.2018-ci il tarixli AZ010 saylı müqaviləyə əsasən tərəflərindən cavabdehə 80230 avro dəyərində pomidor və 93702 avro dəyərində pomidor çatdırılmışdır. İddiaçı MMC-nin təqdim etdiyi tərəvəzin əvəzinə xx.xx.2019-cu il tarixə cavabdeh tərəfindən yalnız 47624,99 Avro məbləğində pul ödənilmişdir. xx.xx.2018ci il tarixdə ixrac edilmiş 13386 Avro dəyərində xiyar yarasız olduğundan alıcı tərəfindən geri qaytarılmış və xx.xx.2019-cu il tarixdə respublikaya qaytarılmışdır. Cavabdeh tərəfindən 58146 və 5661 nömrəli YGB ilə ona çatdırılmış ümumi dəyəri 26772 avro olan tərəvəzin (xiyarın) xarab olduğu və Polşanın müvafiq səlahiyyətli qurumu tərəfindən məhv edildiyi bildirilmiş, lakin, müqavilənin şərtlərinə əsasən mülkiyyət hüququnun cavabdehə keçməsini nəzərə alaraq bu məsələni mübahisəli hesab edirlər. Hazırda cavabdehin borcu 112921,01 Avro təşkil edir və dəfələrlə etdikləri tələblərə baxmayaraq bu günədək borc cavabdeh tərəfindən bağlanmamışdır. xx.xx.2018-ci il tarxili müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı malı aldığı tarixdən 30-gündən gec olmayaraq malın pulunu ödəməlidir. Bu müddət ərzində Alıcı tərəfindən qalan malın keyfiyyəti ilə bağlı Satıcıya heç bir irad bildirilməmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən qeyd olunan müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının maddi və prosessual normalarına əsasən Azərbaycan Respublikasının məhkəmələrində həll edilir. Pul öhdəliyinin icra etməməsinə gəldikdə isə AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mal alıcıya 2018-ci ilin sonunadək çatdırıldığından xx.xx.2019-cu ildən AR Mərkəzi Bankının bank uçot dərəcəsi ortalama 8% faiz olmaqla cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə vurulmuş ziyan 14303,3 Avro təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, “Laqriss SP.ZO.O” şirkətindən İddiaçı MMC-nin xeyrinə 112921,01 avro əsas borcun, 14303,3 avro cərimənin, cəmi 127224,31 avro və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi bir daha qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, sorğu nömrəsi **********2357 olan gömrük bəyyanəməsi üzrə 13386 avro dəyərində mallar yararsız olduğundan alıcı tərəfindən geri qaytarıldığından iddia tələbində bu hal nəzərə alınmışdır, yəni, hazırda cavabdehdən həmin məbləğ tələb edilmir, lakin, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6651 və xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8146 olan gömrük bəyannamələri üzrə onlara çatdırılmış ümumi dəyəri 26772 avro olan tərəvəzin (xiyarın) xarab olduğu və Polşanın müvafiq səlahiyyətli qurumu tərəfindən məhv edildiyi bildirilsə də, bu məsələni mübahisəli hesab edərik. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Laqriss SP.ZO.O” şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli AZ010 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı kontraktından (bundan sonra - müqavilə) görünür ki, Satıcı – İddiaçı MMC malları qiyməti razılaşdırılmaqla (malın dəyəri markasına, çəkisinə və paketləmə (tara) və s. meyarlara görə müəyyən edilir) müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə hesab-invoys, “A” formalı sertifikat, keyfiyyət setifikatı (nağd ödəniş olduqda) və digər sənədlər əsasında alıcıya - “Laqriss SP.ZO.O” şirkətinə təhvil verməyi (satmağı), Alıcı – “Laqriss SP.ZO.O” şirkəti də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. Həmçinin, həmin müqavilənin 10.2-ci bəndinə əsasən qeyd olunan müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının maddi və prosessual normalarına əsasən Azərbaycan Respublikasının məhkəmələrində həll edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6167 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 altlıq təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6651 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 palet təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********7601 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 altlıq təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8138 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 palet təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8146 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 palet təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********9709 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 palet təzə xiyar) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********0937 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 13860 avro məbləğində və ümumi çəkisi 13200 kq olan mallar (33 palet (2280 qutu) təzə pomidor) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6934 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 16642 avro məbləğində və ümumi çəkisi 15850 kq olan mallar (32 palet (2500 qutu) təzə pomidor) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8234 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 16285,50 avro məbləğində və ümumi çəkisi 15510 kq olan mallar (33 palet (ümumi qutu sayı 2832) Pink Paradise sortlu təzə pomidor) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8724 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 17587,50 avro məbləğində və ümumi çəkisi 16750 kq olan mallar (33 palet (2784 qutu) Pink Paradise sortlu təzə pomidor) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********0243 olan gömrük bəyyanəməsindən görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 15855 avro məbləğində və ümumi çəkisi 15100 kq olan mallar (32 palet (2516 qutu) Pink Paradise sortlu təzə pomidor) “Laqriss SP.ZO.O” şirkətinə göndərilmişdir. xx.xx.2019-cu il tarixli, sorğu nömrəsi **********2357 olan gömrük bəyyanəməsindən görünür ki, “Laqriss SP.ZO.O” şirkəti tərəfindən ümumi dəyəri 13386 avro məbləğində və ümumi çəkisi 19400 kq olan mallar (26 palet xiyar) İddiaçı MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən “Laqriss SP.ZO.O” şirkətinə ümumi dəyəri 173932 avro olan tərəvəz (pomidor, xiyar) satılmış, 13386 avro dəyərində xiyar xarab olduğundan “Laqriss SP.ZO.O” şirkəti tərəfindən Azərbaycan Respublikasına qaytarılımış, “Laqriss SP.ZO.O” şirkəti əldə etdiyi mallara görə İddiaçı MMC-yə 47624,99 avro ödəniş etmiş, xx.xx.2020-ci il tarixə “Laqriss SP.ZO.O” şirkətinin İddiaçı MMC-yə 112921,01 avro borcu qalmış, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla “Laqriss SP.ZO.O” şirkəti tərəfindən İddiaçı MMC-yə 14303,3 avro ziyan vurmuş və xx.xx.2020-ci il tarixə “Laqriss SP.ZO.O” şirkətinin İddiaçı MMC qarşısında ümumi borcu 127224,31 avro təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh “Laqriss SP.ZO.O” şirkəti arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş yəni, xx.xx.2018-ci il tarixli AZ010 nömrəli müqavilə üzrə ümumi dəyəri 173932 Avro dəyərində olan malları cavabdehə göndərmiş (xx.xx.2019-cu il tarixli, sorğu nömrəsi **********2357 olan gömrük bəyyanəməsi üzrə 13386 avro dəyərində mallar yararsız olduğundan alıcı tərəfindən geri qaytarılmış, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6651 və xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8146 olan gömrük bəyyanəmələri üzrə onlara çatdırılmış ümumi dəyəri 26772 avro olan tərəvəzin (xiyarın) xarab olduğu və Polşanın müvafiq səlahiyyətli qurumu tərəfindən məhv edildiyi bildirilmiş, bu halı iddiaçının nümayəndəsi öz izahatında təsdiq etmişdir) lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, göndərilən malların əvəzində cəmi 47624,99 avro məbləğində ödəniş etmişdir. Məhkəmə ümumi dəyəri 26772 avro olan tərəvəzin məhv edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi həmin halı mübahisəli hesab etməsinə baxmayaraq, məhkəmə xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********6651 və xx.xx.2018-ci il tarixli, sorğu nömrəsi **********8146 olan gömrük bəyannamələri üzrə ümumi dəyəri 26772 avro olan tərəvəzin (xiyarın) xarab olması və Polşanın müvafiq səlahiyyətli qurumu tərəfindən məhv edilməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə iddiaçının 112921,01 avro borcun qalması tələbini qismən, yəni, 86149,01 avro (112921,01-26772=86149,01) məbləğində pul tələbi hisəssində əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən əsas borca görə 14303,3 avro məbləğində (əldən çıxmış fayda) cərimə hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 2000 avro məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Laqriss SP.ZO.O” şirkətindən xx.xx.2018-ci il tarixli AZ010 nömrəli müqavilə üzrə 86149,01 avro məbləğində pul, yerinə yetirilməmiş öhdəliyə görə 2000 avro cərimə olmaqla, cəmi 88149,01 avro məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 69,29%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 69,29%-i, yəni 20,79 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli AZ010 nömrəli müqavilə üzrə 86149,01 avro məbləğində pul, 2000 avro cərimə olmaqla, cəmi 88149,01 avro məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,79 manat məbləğində pul cavabdeh “Laqriss SP.ZO.O” şirkətindən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar