Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-431/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24.865 manat pulu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 nömrəli “Yükdaşıma Xidmətlərinin göstərilməsinə dair” Müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-yə 24865 manat borc qalmışdır. Sonuncu dəfə borc məbləğinin xx.xx.2020-ci il tarixədək ödənilməsi barədə cavabdeh vaxt istənilməsinə dair məktub versə də, bu günədək heç bir məbləğ ödənilməmişdir. Borcun ödənilməsi üçün yazılı pretenziya verilməsinə və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək cavabdeh borcu ödəməkdən imtina edir. Bu səbəbdən borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə 20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə görə bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (Əlavə No 1 ilə) müəyyən edilir. 5.2-cü bəndinə görə ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir. Təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən İcraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 iş günü ərzində icraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019 - cu il tarixli, 20 No- li “Yükdaşıma Xidmətlərinin Göstərilməsinə dair” xidmət müqaviləsinə əsasən 2019 - cu ilin dekabr ayında 12.185 manat, 2020-ci ilin yanvar ayında isə 15.680 manat olmaqla 2 ay ərzində ümumilikdə 27.865 manat məbləğində xidmətlərdən istifadə edilmişdir. Qeyd edilən məbləğin 3000 manatı xx.xx.2020 - ci il tarixində "İddiaçı" MMC-nin bank hesabına ödənilib və xx.xx.2020-ci il tarixinə qalıq borc 24.865 manat təşkil edir. Cavabdeh MMCnin bank hesablarında kifayət qədər vəsaitin olmadığı nəzərə alınaraq ödənişlə bağlı xx.xx.2020-ci il tarixinədək möhlət verilməsi xahiş edilmişdir. Həmçinin İddiaçı MMC-yə olan qalıq borcun xx.xx.2020-ci il tarixinədək tam ödəniləcəyi bildirilmişdir. -"İddiaçı" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 24.865 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "İddiaçı" MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərmiş, Cavabdeh MMC göstərilmiş xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə "İddiaçı" MMC–yə 24.865 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü yük daşınma xidmətinə görə haqqı ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə iddiaçı "İddiaçı" MMC-yə 24.865 manat məbləğində borcunun yarandığını, iddiaçı "İddiaçı" MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 24.865 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 24.865 (iyirmi dörd min səkkiz yüz altmış beş) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-431/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-431/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver