Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4316/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə, əldən çıxmış fayda) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 056 saylı alqı- satqı müqaviləsinə əsasən əsas borc 47200 manat, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə (gecikdirdiyi hər gün üçün 0,05% hesablanmaqla) 10080 manat cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 4058 manat gecikmə faizi və 447 manat dövlət rüsumu olmaqla ümumilikdə 61785 manat pul vəsaitini tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında fəaliyyət göstərən direktoru X1 şəxsində İddiaçı MMC və nizamnamə əsasında fəaliyyət göstərən direktoru Nümayəndə şəxsində Cavabdeh ASC arasında xx.xx.2024-cü il tarixli, 056 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ümumilikdə 610060 AZN dəyərində texnikalar alıcıCavabdeh MMC-yə təhvil verilmişdir. AlıcıCavabdeh MMC müqavilə üzrə öhdəliklərini pozmuş və ümumilikdə 112100 manat borcunu ödəməmişdir. Müqavilə üzrə əsas borc tələbinə dair; xx.xx.2024-cü il tarixli, 056 saylıalqı-satqı müqaviləyə əsasən satıcıİddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumilikdə 610060 manat dəyərində texnika satılmışdır. Cavabdeh MMC müxtəlif vaxtlarda satılan malların dəyərinin bir qismini ödəmişdir. Müqavilə üzrə sonuncu ödəniş tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsə də, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyindən təhvil verilmiş texnikaların ümumi dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin qalıq borcu hazırda 112100 manat təşkiledir. Ümumilikdə müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan əsas borc (ƏDV daxil) məbləği 112100 AZN-dir.Müqavilə üzrə gecikdirilmiş borcun (cərimə) ödənilməsi və pul vəsaitinin qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmağa görə ödənilməli olan gecikmə faizinə dair: Müqavilə üzrə gecikdirilmiş borcun (cərimə) ödənilməsinə dair: Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 056 saylı alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən “tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə hər bir gecikdirilən gün üçün Müqavilə dəyərinin 0.05% miqdarında cərimə və dəymiş zərəri ödəyirlər”. Müqavilənin 6.2. bəndinə əsasən cavabdehin texnikaların dəyərini ödəməli olduğu son tarix xx.xx.2024-cü il olduğundan borcun ödənilməsinin gecikmə müddəti həmin tarixdən hesablanacaqdır. Belə ki, xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək (iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək) 9 ay 20 gün (290 gün) keçmişdir. Müqavilənin 7.2. bəndinə əsasən hər gecikdirilən gün üçün müqavilə dəyərinin 0.05% miqadarında cərimə ödənməli olduğundan, eləcə də ərizəyə əlavə edəcəyimiz xx.xx.2024-xx.xx.2024-cü illəri əhatə edən dövr üzrə hesab kartasından görünür ki, xx.xx.2024-cü il tarixə kimi cavabdehin 256060 manat borcu qalmışdır. Müqavilə üzrə borclu Cavabdeh MMC əsas borc 112100 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05% həcmində hesablanmaqla 37129 manat cərimə, ümumilikdə 149229 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin xeyrinə ödəməlidir. Pul vəsaitinin qanunsuzsaxlamaqla, onu qaytarmaqdan boyun qaçırmağa görə ödənilməli olan gecikmə faizinə dair: Hazırda müqavilənin sonuncu icra edilməli olan tarixindən pul vəsaitinin qanunsuzsaxlanılması üçün cavabdehdən müvafiq faiz tutulmalıdır. İddia verildiyi günə görə bank uçot faiz dərəcəsi 7,25% təşkiledir. Odur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdeh iddianın verildiyi günədək 9 ay 20 gün (290 gün) müddət hesablanmaqla (1 il üçün 7.25%, 290 gün üçün isə 9 ay 20 gün üçün isə 5.7% hesablanmaqla) əsas borcun 5.7%-İ məbləğində gecikmə faizi ödəməlidir. Məhkəmə gedişi müddətində Cavabdeh MMC (ƏDV daxil) 64.900 manat ödəniş etmişdir. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 47,200 manat əsas borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1. 445.2, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaya münasibət bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ümumilikdə 64900 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırkı vəziyyətdə iddiaçı qarşısında olan əsas borc məbləği 47400 manat təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən 37129 manat məbləğində cərimə, habelə özgənin pul vəsaitini qanunsuz saxlama və qaytarmaqdan boyun qaçırmaya görə hesablanmış 6390 manat gecikmə faizinin ödənilməsini əsassız hesab edir və qəbul etmirlər. Onlar dövlət sifarişi ilə həyata keçirilən layihələr üzrə podratçı kimi fəaliyyət göstərir və müvafiq ödənişlər yalnız həmin layihələr üzrə sifarişçi qurumlar tərəfindən vəsait ayrıldıqda mümkün olur. Buna görə də öhdəliklərin icrasında yaranmış gecikmə obyektiv səbəblərlə, yəni dövlət layihələrindən ödənişlərin gecikməsi ilə əlaqədardır və cavabdehin iradəsindən asılı olmayan hallar nəticəsində baş vermişdir. Cərimə və gecikmə faizi tələblərinin tətbiq edilməməsini və borcun yalnız əsas məbləğ üzrə nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı “Aqrointer LTD" MMC ilə Alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 056 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Satıcı” müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş əşyaları Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada “Alıcfnm mülkiyyətinə verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən 1 ədəd Hidromek HMK. 210W markalı təkərli ekskavator 263000 manat, 2 ədəd Hidromek HMK 102B K.4 A4 markalı ekskavator yükləyici 254000 manatdır. Müqavilə üzrə Malın ümumi razılaşdırılmış dəyəri 18% ƏDV ilə birlikdə 610060 manat məbləğində müəyyən edilir.Müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirilmədikdə hər bir gecikdirilən gün üçün Müqavilə dəyərinin 0,05 % miqdarında cərimə və dəymiş zərəri ödəyirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən ƏDV daxil olmaqla malın qiyməti 610060 manat təşkil edir. 14 iyun 2024-cü il tarixli texnikanin təhvil verilməsi haqqinda 24-066 nömrəli aktına əsasən “Aqrointer LTD" MMC tərəfindən "xxxx" MMC-yə komplekti, xarici görünüşü, nəzarət plombu, hərarət indikatoru, yağın səviyyəsi və markası, yoxlanma zamanı yağın tərkibi və keyfiyyəti, filterlərin vəziyyəti, bərkitmə,sayğac sürət və yaxud moto saat vəziyyəti ,texniki xidmətinin (TX) aparılma dövrü, sıradan çıxmış ehtiyyat hissələri, üstündə olan hissələr İstismar təlimat kitabı operator geyimi miqalka,yağlama şprisı,açar dəsti təhvil verilmişdir. 07 may 2024-cü il tarixli texnikanin təhvil verilməsi haqqinda 24-049 nömrəli aktına əsasən “Aqrointer LTD" MMC tərəfindən "xxxx" MMC-yə komplekti, xarici görünüşü, nəzarət plombu, hərarət indikatoru, yağın səviyyəsi və markası, yoxlanma zamanı yağın tərkibi və keyfiyyəti,filterlərin vəziyyəti, bərkitmə,sayğac sürət və yaxud moto saat vəziyyəti ,texniki xidmətinin (TX) aparılma dövrü, sıradan çıxmış ehtiyyat hissələri təhvil verilmişdir. 07 may 2024-cü il tarixli texnikanin təhvil verilməsi haqqinda 24-048 nömrəli aktına əsasən “Aqrointer LTD" MMC tərəfindən "xxxx" MMC-yə komplekti, xarici görünüşü, nəzarət plombu, hərarət indikatoru, yağın səviyyəsi və markası, yoxlanma zamanı yağın tərkibi və keyfiyyəti, filterlərin vəziyyəti, bərkitmə,sayğac sürət və yaxud moto saat vəziyyəti ,texniki xidmətinin (TX) aparılma dövrü, sıradan çıxmış ehtiyyat hissələri təhvil verilmişdir. xx.xx.2024-31.12.24-cü il dövr üzrə hesab kartasından görünür ki?? Sənəd 12-ci sıra MT2406 seriyalı, 10760623 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 310340 manat dəyərində mallar “Aqrointer LTD" MMC tərəfindən "xxxx" MMC -yə ödənilməsi üçün təqdim edilmişdir. ƏDV SUB UÇOT hesabından köçürmələrin siyahısından görünür ki, “Amal Group“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024cü il tarixdə 12060 manat, xx.xx.2024-cü il tarixdə 9000 manat, xx.xx.2024-cü il tarixdə 8280 manat köçürmə edilmişdir. xx.xx.2024-cü il tarixli **********0 nömrəli, xx.xx.2024-cü il tarixli **********6 nömrəli, xx.xx.2024-cü il tarixli **********5 nömrəli, xx.xx.2024-cü il tarixli **********6 nömrəli, xx.xx.2025-ci il tarixli **********2 nömrəli, xx.xx.2025-ci il tarixli MVkRJ2e11 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən “Aqrointer LTD" MMC-nin hesabına müvafiq olaraq 46000 manat, 50000 manat, 67000 manat, 5000 manat,45000 manat, 10000 manat ödəniş edilmişdir. Köçürmənin aparılması haqqında **********592386 nömrəli xx.xx.2025-ci il tarixli, **********170951 nömrəli xx.xx.2025-ci il tarixli, **********634778 nömrəli xx.xx.2024-cü il tarixli, **********202765 nömrəli xx.xx.2024-cü il tarixli, **********444563 nömrəli xx.xx.2024-cü il tarixli bildirişlərə əsasən "xxxx" MMC tərəfindən “Aqrointer LTD" MMC-nin hesabına müvafiq olaraq 8100 manat,1800 manat, 900 manat, 12060 manat, 9000 manat köçürməsi olmuşdur. “Aqrointer LTD" MMC tərəfindən "xxxx" MMC -yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda borc məbləğinin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, “Aqrointer LTD" MMC 446 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə məhsulları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı məhsulların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması və malları təhvil alması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh iddianı qismən, 47200 manat əsas borc hissəsində qəbul etmiş, iş məhkəmənin icraatında olduğu müddətdə əsas borc məbləğindən bir qismini, 64900 manat ödəniş etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların bir hissəsinin dəyərini, 47200 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı məhsulların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin əsas borcu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 47200 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 10080 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı dəymiş zərər kimi 4058 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi və pul məbləğini özündə saxlaması nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 447 manat dövlət rüsumunun 240,60 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 47200 manat əsas borc, 3000 manat cərimə olmaqla ümumilikdə 50200 (əlli min iki yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 240 (iki yüz qırx) manat 60 (altmış) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4316/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4316/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver