Məhkəmə qərarları › İş №e-2-2(113)-4319/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4319/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4319/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-ci il tarixində bağlanmış 23/61 saylı alğı-satqı müqaviləsinə əsasən 2497.50 əsas borcun, 700 manat cərimənin, 52 manat dövlət rüsumunun, toplam 3249.50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında xx.xx.2023-ci il tarixində bağlanmış 23/61 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 9497.50 manat olan mal satılmışdır. Cavabdeh tərəf həmin məbləğdən 7000 manat ödəniş etmişdir. Hal-hazırda cavabdeh Cəmiyyətin 2497.50 manat ödənilməmiş qalıq borcu qalmışdır. Cavabdehlə aralarında olan alğı-satqı müvafiq qiymət razılaşma protokolu və təsdiq olunmuş elektron qaimə ilə öz təsdiqini tapır. Bu Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”nı Müqavilənin Əlavələrində qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı”ya ödəyir. İddiaçı tərəfindən cavabdeh tərəfə xx.xx.2024-cü il tarixdə elektron qaydada pretenziya məktubu göndərilmişdir. Ancaq bu vaxtadək qalıq borc ödənilməsi ilə bağlı heç bir hərəkət olmamışdır. Bu Müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.5%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 700 manat təşkiledir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu borc məbləğinin ümumi həcmi 3197.50 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 443.1, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı MMC “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2023-cü il tarixli 23/61 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”nı bu Müqavilənin Əlavələrində (X2) qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı’ya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu Müqaviləyə Əlavələrlə (X2) müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrlə (X2) müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Tərəflər arasında razılaşdırılmış müddətlərdə Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. “Satıcı” Malın təhvil verilməsini tərəflərin hər ikisinin imzaladığı təhvil-təslim aktı ilə rəsmiləşdirir. Mallar “Alıcı”nın nümayəndəsi tərəfindən vizual yoxlanıldıqdan və təsdiq olunduqdan sonra imzalanmış Təhvil-Təslim aktı əsasında çatdırılmış və ilkin olaraq təhvil alınmış hesab edilir. Alıcı təsdiqlənmiş sifariş üzrə təqdim edilən Məhsulları təhvil almağı, təhvil alan zaman qablaşdırmaların vəziyyətini, bağlamaların sayını və tamlığını vizual (göz ilə) yoxlamalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin ödəniş şərtləri, bundan sonra qiymət razdaşnıa protokolu əsasında tənzimlənməsi şərtlərişdirilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında "Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.5%-i miqdarında cərimə tələb edə bilər. xx.xx.2023-cü il tarixli 001 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh müxtəlif adda malların qiymətlərinin cəmi 9497 manat məbləğində müəyyənləşdirmişlər. EBDF seriyalı 950453 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 9497 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir 25 iyun 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 5000 manat məbləğ İddiaçı MMC-yə ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 53 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qiymətlərin razılaşdırılması protokolu, elekton qaimə və sair) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 2497,50 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2497,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 700 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 125 manat müəyyən olunmalıdır. Bundan başqa hesab edirəm ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 52 manat dövlət rüsumunun 47 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 23/61 saylı, 15 may 2023-cü il müqaviləyə əsasən 2497 (iki min dörd yüz doxsan yeddi) manat 50 (əlli) qəpik əsas borc, 125 (yüz iyirmi beş) manat cərimə borcu, ödənilmiş 52 manat dövlət rüsumunun 47 (qırx yeddi) manatının əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar