Məhkəmə qərarları › İş №e-2-2(113)-432/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-432/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-432/2022 08.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli müqavilə üzrə 10296 (on min iki yüz doxsan altı) manat gecikdirilmiş əsas borc və 3047,99 manat (üç min qırx yeddi manat doxsan doqquz qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 13693,99 manat (on üç min altı yüz doxsan üç manat doxsan doqquz qəpik) pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 02.09.2021-ci il tarixə 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli müqavilə üzrə 10296 (on min iki yüz doxsan altı) manat gecikdirilmiş əsas borc və 3047,99 (üç min qırx yeddi manat doxsan doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflər arasında 19.10.2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, covid-19 virusuna yoluxduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, eyni zamanda məhkəməyə iş üzrə bütün sübutları təqdim etdiyindən məhkəmə baxışının yekunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, müqavilə şərtlərinə əsasən 20 faiz ödəniş etdikdən sonra Cavabdeh güzəştlər tətbiq edilməli idi. Lakin müqavilədə göstərilən güzəştlər ona tətbiq edilməmişdir. Bundan başqa, 2021-ci ilin oktyabr ayında da cavabdeh tərəfindən ödəniş edilmiş, lakin həmin ödəniş nəzərə alınmamışdır. İddia əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 76150 manat olan və Spesifikasiyada (Əlav N1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra- Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikaların dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən 7615 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 30 iyul 2018-ci il tarixli, 2/474 nömrəli aktda qeyd olunmuşdur ki, 2 adda qeyd edilən (Traktor Belarus-1221, və Kotan 5 gövdəli asma (təkərli) SP 145) texnikalar "xxxx" ASC-nin 27 iyul 2018-ci il tarixli 3654/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. Aktı hər iki tərəf imzalamışdır. - 02.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 10296 manat, hesablanmış cəriməyə görə 3047,99 manat olmaqla, ümumilikdə 13343,99 manat məbləğində təşkil edir. Müqavilə üzrə 20730 manat ödəniş edilmişdir. - 27.07.2018-ci il tarixli, TT**********8587615 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 982-L/18 nömrəli lizinq müqaviləsi üzrə ilkin ödəniş olaraq 7615 manat məbləğində pul vəsaiti köçürmüşdür. - "xxxx" ASC-nin 18.05.2021-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə 1000 manat məbləğində pul vəsaiti köçürmüşdür. - "xxxx" ASC-nin 19.05.2021-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə 1000 manat məbləğində pul vəsaiti köçürmüşdür. - "xxxx" ASC-nin 11.10.2021-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə 1000 manat məbləğində pul vəsaiti köçürmüşdür. - Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. - 866593/00677 nömrəli, 22.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun AZ41AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 27.07.2018-ci il tarixli 982-L/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini 27.07.2018-ci il tarixli, 982-L/18 nömrəli müqavilə üzrə 10296 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli və 9296 manat (10296 manat əsas borc – 1000 manat lizinq alan tərəfindən lizinq verənə 11.10.2021-ci il tarixdə edilmiş ödəniş) məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əsas borc hissəsi ilə əlaqədar yuxarıda qeyd olunan nəticəyə gələrkən nəzərə almışdır ki, iş materiallarında olan lizinq alanın lizinq verənə borc məbləğlərinin qeyd edildiyi maliyyə arayışı 02.09.2021-ci il tarixdə tərtib edilmişdir və lizinq alanın həmin tarixə olan borc məbləği göstərilmişdir. Bundan sonra cavabdeh tərəfindən 11.10.2021-ci il tarixdə lizinq verənə 1000 manat məbləğində pul ödənilmişdir (iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11.10.2021-ci il tarixli qəbzi). İddiaçı tərəf isə hazırkı iddia tələbi ilə məhkəməyə 19.11.2021-ci il tarixdə müraciət etmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 3047,99 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən göstərilmiş hüquqi yardıma görə cavabdehdən 150 (yüz əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9296 (doqquz min iki yüz doxsan altı) manat əsas borc, 350 (üç yüz əlli) manat cərimə və 150 (yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 9796 (doqquz min yeddi yüz doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar