Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4321/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ehtiyat hissələrinin satışı müqaviləsi üzrə 18,45 manat əsas borc, 2422 manat cərimə və ödənilmiş 133 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar tərəflər arasında 08 iyun 2023-cü il tarixli 186-AÇ-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları cavabdehə satmağı və cavabdeh isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Sözügedən müqavilə əsasında hazırlanmış və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” əlavələr üzrə cavabdehin 11373,14 manat məbləğdə borcu qalmışdır. Malların satışı və təhvil-təslimi hər iki tərəfdən imzalanmış sözügedən əlavələr üzrə rəsmiləşdirilmişdir. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə yuxarıda göstərilmiş əlavələr əsasında tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir. Yalnız ərizə məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən 11354,69 manat ödəniş edilmiş, 18,45 manat borc qalmışdır. 2.3. Həmçinin adıçəkilən müqaviləyə əsasən, əgər cavabdehə hesab-faktura təqdim edildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, sonuncu hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-i həcmində cərimə ödəyəcək. Həmin bəndə əsasən xx.xx.2023-cü il tarixində qarşı tərəfə təqdim edilmiş son elektron qaimənin təsdiq edildiyi tarixdən iddia ərizəsinin yazıldığı tarixə qədər təqribən 213 gün keçmişdir. Bu hesabla cavabdehin ödəməli olduğu cərimə məbləği 2422 manat təşkil edir. 2.4. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya məktubu elektron kargüzarlıq qaydasında göndərilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 441, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2023-cü il tarixli 186-AÇ-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilən malları cavabdehə satmağı və cavabdeh isə öz növbəsində həmin mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xx.xx.2023-cü tarixli 01 nömrəli aktla ƏDV daxil olmaqla 105 manat, xx.xx.2023-cü tarixli 02 nömrəli aktla ƏDV daxil olmaqla 5742,18 manat, xx.xx.2023-cü tarixli 03 nömrəli aktla ƏDV daxil olmaqla 4360,03 manat, xx.xx.2023-cü tarixli 04 nömrəli aktla ƏDV daxil olmaqla 5516,5 manat, xx.xx.2023cü tarixli 05 nömrəli aktla ƏDV daxil olmaqla 2142,08 manat, xx.xx.2023-cü tarixli 06 nömrəli aktla ƏDV daxil olmaqla 1386 manat, xx.xx.2023-cü tarixli 07 nömrəli aktla ƏDV daxil olmaqla 4819,48 manat, xx.xx.2023-cü tarixli 08 nömrəli aktla ƏDV daxil olmaqla 7652,65 manat, xx.xx.2023-cü tarixli 09 nömrəli aktla ƏDV daxil olmaqla 2805 manat, xx.xx.2023-cü tarixli 10 nömrəli aktla ƏDV daxil olmaqla 2141,94 manat, xx.xx.2023-cü tarixli 11 nömrəli aktla ƏDV daxil olmaqla 6077,9 manat, xx.xx.2023-cü tarixli 12 nömrəli aktla ƏDV daxil olmaqla 110 manat, xx.xx.2023-cü tarixli 13 nömrəli aktla ƏDV daxil olmaqla 2805,09 manat, xx.xx.2023-cü tarixli 14 nömrəli aktla ƏDV daxil olmaqla 3836,77 manat, xx.xx.2023-cü tarixli 15 nömrəli aktla ƏDV daxil olmaqla 6795,81 manat, xx.xx.2023-cü tarixli 16 nömrəli aktla ƏDV daxil olmaqla 8226,98 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 64523,41 manat mal cavabdehə təhvil verilmiş və aktlar hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Həmçinin müəyyən olunur ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 8545,04 manat (ƏDV xaric) ödəniş edilmişdir.
11. İddiaçı 08 iyun 2023-cü il tarixli 186-AÇ-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə malların qalıq dəyərinin – əvvəlcə 11373,14 manat, cavabdeh tərəfindən icraatın gedişində edilən ödənişlərdən sonra 18,45 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
30. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 08 iyun 2023-cü il tarixli 186-AÇ-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə 18,45 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
31. İddia ərizəsində iddiaçı həmçinin 2422 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
32. 08 iyun 2023-cü il tarixli 186-AÇ-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsinin 4.1.3-cü bəndinə əsasən, Əgər “Alıcı”ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-i həcmində cərimə ödəyəcək.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, icraatın gedişində əhəmiyyətli ödənişlər etmiş, eyni zamanda iddiaçı da alqısatqı müqaviləsi üzrə sonuncu akt xx.xx.2023-cü il tarixdə təqdim edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 550 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
38. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 550 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı ödənilmiş 133 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********14 nömrəli mədaxil qəbzi ilə 133 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Hüquqi yardımın göstərilməsi haqqında 579 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçıya göstəriləcək hüquqi yardıma görə haqq 300 manat razılaşdırılmışdır.
42. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 900 manat məbləğində pul “Femida” vəkil bürosuna ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
49. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonradan (məhkəmə icraatının gedişində) iddia tələbini təşkil edən borc məbləğindən (11373,14 manat) əhəmiyyətli ödənişlər (cəmi 11354,69 manat) etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
50. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2023-cü il tarixli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə 18 (on səkkiz) manat 45 (qırx beş) qəpik əsas borc, 550 (beş yüz əlli) manat cərimə olmaqla 568 (beş yüz altmış səkkiz) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 (bir yüz otuz üç) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova