Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4324/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən 11.879,94 borcun və ödənilən 126 manat dövlət rüsumunun alınaraq "xxxx" Birgə müəssisəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Birgə Müəssisəsinin rəhbəri ilə Cavabdeh (borclu) Cavabdehn rəhbərliyi arasında 15 fevral 2024-cü il tarixdə № MG055-24 saylı birgə müqavilə bağlanmışdır. Cavabdehlə bağlanmış müqavilənin şərtlərinə əsasən elektron qaimə və razılaşma protokoluna uyğun olaraq təhvil aldığı ümumi məbləği 10.799,95 manat olan malların (laminat parket) dəyərini iki bank iş günü ərzində iddiaçının bank hesabına ödəməli idi. Lakin, borclu Qanuni nümayəndə qısa bir müddətdə yaranmış borcunun iddiaçının bank hesabına ödəyəcəyinə söz versə də üzərinə götürdüyü öhdəliyin tələblərini yerinə yetirməmişdir. Cavabdehin əsas borcu 10.799,95 manat olduğu halda, iddiaçıya əlavə 1.079,99 manat dəbbə pulu ödəməyə borcludur. Ümumilikdə isə 11.879,94 manat borc təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Birgə Müəssisəsi (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 15 fevral 2024-cü il tarixdə № MG055-24 saylı birgə müqavilə və qiymət razılaşma protokolu imzalanmışdır.
10. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müxtəlif çeşidli laminat, parket, DSP, MDF, mebel aksessuarları, qapılar, boyalar və sair malların alınması üçün satıcının təklif etdiyi qiymətlər ilə razılaşmışdır.
11. Müqavilənin 3.7-ci bəndinə əsasən sifariş verilmiş mallar alıcıya elektron qaiməyə əsasən göndərilir.
12. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr alıcı tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, satıcının təqdim etdiyi sənədlər (hesab-fakturalar, elektron-qaimələr, aktlar, üzləşmələr, digər sənədlər) əsasında əvvəlcədən 100 % avans olaraq və ya elektron qaimə verildiyi tarixdən 2 bank günü ərzində həyata keçirilməlidir.
13. Qiymət razılaşma protokolu ilə ümumi qiyməti 3.661 manat, 01 ədədinin qiyməti 9.1525 manat olan 400 kv.m FP 203.2 Lam.Parket 8 mm 195x1380 adlı malın, ümumi qiyməti 2.745,75 manat, 01 ədədinin qiyməti 9.1525 manat olan 300 kv.m FP 208 Lam.Parket 8 mm 195x1380 adlı malın və ümumi qiyməti 2.745,75 manat, 01 ədədinin qiyməti 9.1525 manat olan 300 kv.m FP 461.2 Lam.Parket 8 mm 195x1380 adlı malın, ümumilikdə dəyəri 10.799,95 manat olan malların verilməsi razılaşdırılmışdır.
14. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Birgə Müəssisəsinin üzərinə düşür.
15. İş materillarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDZ seriyalı, 747974 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10.799,95 manat olan elektron qaimə göndərilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
17. Bundan başqa, məhkəmə qeyd edir ki, müqavilənin 3.7-ci bəndindən də göründüyü kimi, tərəflər aralarında işgüzar münasibətlərin elektron qaimə üzərindən həyata keçirilməsini razılaşdırmışlar.
18. İddiaçı tərəf də, hazırda verilmiş mallara görə cavabdehin ödənilməmiş 10.799,95 manat borcunun qaldığını bildirir.
19. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş və borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdehin isə verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və 10.799,95 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Bundan başqa, işdən görünür ki, iddiaçı dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 126 manat məbləğində pul ödənmişdir.
26. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 123,90 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə ətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 10.799 (on min yeddi yüz doxsan doqquz) manat, 95 (doxsan beş) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 11.299 (on bir min iki yüz doxsan doqquz) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 (bir yüz iyirmi üç) manat, 90 (doxsan) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov