Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4329/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, sübutetmə vəzifəsi, müqavilənin təfsiri qaydası, öhdəliyin icrasının qəbulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 37400 manat borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh MMC arasında hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh hər cari ay üzrə 1200 manat məbləğində abonent haqqı ödəməyi öhdəlik götürmüş, daha sonra qeyd edilən müqaviləyə 05 yanvar 2023-cü il tarixli 1 saylı Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən, müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək cavabdeh hər cari ay üzrə 3000 manat məbləğində abonent haqqı ödəməyi öhdəlik götürmüşdür. 2.2. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayına qədər hər ay üzrə abonent haqqının və əlavə olaraq 2023-cü ilin iyun ayı üzrə 10800 manat əlavə xidmət haqqının ödənilməsi üçün cavabdehə ümumi məbləği 32400 manat məbləğində elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lаzımıncа icrа еtməmiş, nəticədə iddiaçı qarşısında müqavilə üzrə ümumilikdə 32400 manat məbləğində bоrcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası mərhələsində cavabdeh iddiaçı qarşısında olan borcundan 10 000 manat ödəniş etmişdir. 2.3. Bundan sonra tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olduğunu nəzərə alaraq iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə abonent haqqının ödənilməsi üçün e-qaimələr göndərilmiş, lakin cavabdeh e-qaimələri təsdiq etməmiş, abonent haqqını ödəməmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında icra edilməmiş 37400 manat məbləğində bоrcu yaranmışdır. 2.4. Tərəflər аrаsındа münаsibətləri məhkəmədən kənаr qаydаdа həll еtmək məqsədi ilə cavabdehə pretenziya göndərilmiş və tərəflər arasında mübahisənin məhkəmədən kənаr qаydаdа həll edilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə yaranmış borcun, vaxtında ödənilmədiyi halda hesablanacaq faiz və cərimələrin, eləcə də yaranacaq məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı Bakı 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi üçün 210 manat ödəniş etmiş və 28 iyul 2023-cü il tarixdə arayış almışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci maddələri göstərilmişdir.
4. Cavabdeh tərəf (qanuni təmsilçisi tərəfindən elektron imzalanmaqla) iddiaya etirazlar təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazlarını onunla əsaslandırmışdır ki: 4.1. tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cəmi 6 ay üzrə xidmət göstərilmişdir ki, həmin xidmətin cəmi dəyəri 12 600 manat təşkil edir. İddiaçının özünün də təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt əsasında 1200 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 1200 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 1200 manat, xx.xx.2023-cü il akt əsasında 3000 manat, xx.xx.2023-cü il akt əsasında 3000 manat, xx.xx.2023-cü il akt əsasında 3000 manat dəyərdə xidmət təhvil alınmışdır. Bu da onunla əlaqədardır ki, müqavilənin 2.3-cü bəndinə əsasən xidmətlərin təhvil verilməsi və onların dəyəri hər hansı bir sənəd, o cümlədən elektron qaimə-faktura əsasında deyil, yalnız akt əsasında təhvil verilir və rəsmiləşdirilir. Hətta elektron qaimə-fakturalardan da göründüyü kimi, fakturalar akta əsaslanmalıdır. Qeyd edilən aylardan başqa, digər iddia edilən aylar üzrə xidmət göstərilmədiyindən akt rəsmiləşdirilməmişdir. İddiaçı 2023-cü ilin iyun ayında 10800 manat əlavə ödəniş edilməli olduğunu iddia etsə də, həmin ödənişin heç bir hüquqi əsası olmamış, nə iddiaçıya ödənilməsi barədə razılıq (müqavilə) olmuş, nə də həmin dəyərdə xidmət barədə akt olmuşdur. Bu isə ona işarə edir ki, həmin məbləğdə iddiaçıya cavabdeh tərəfindən ödənişin heç bir hüquqi əsası olmamışdır. Cavabdehin iddiaçıya olan 12600 manat xidmət haqqının 10 000 manatı özünün də qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə ödənilmiş, digər hissə isə ondan daha əvvəl artıqlaması ilə ödənilmişdir. Belə ki, “MilliÖn” elektron ödəmə sisteminin 51508 nömrəli terminalının etiraza əlavə edilən 5 ədəd qəbzindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya cəmi 10 000 manat ödəniş etmişdir (xx.xx.2023-cü il tarixli etiraz). 4.2. cavabdeh tərəfindən tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hər ay – may 2023-cü il tarixinə qədər mütəmadi olaraq ödəniş həyata keçirilmiş və heç bir borc məbləği qalmamışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü ilin may ayına qədər cavabdehə hüquqi yardım göstərilmiş, lakin iyun ayından etibarən heç bir hüquqi xidmət göstərilməməsinə baxmayaraq, cavabdehə qaimələr göndərilməyə davam etmişdir. Həmçinin cavabdeh tərəfindən 01 oktyabr 2022-ci il tarixli hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsinin ləğv edilməsi ilə əlaqədar iddiaçıya pretenziya məktubu yollanmışdır. Eyni zamanda mütəmadi ödənişlərin edilməsinə dair ödəniş qəbzləri də məhkəmə işinin materiallarına əlavə edilmişdir. İddiaçı subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilməmişdir, o, öz hərəkətlərində hüquqi ixtiyarlı və hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, subyektiv hüququn öz hərəkətlərinə hüquqi ixtiyarlı olmaq elementi onu ehtiva edir ki, iddiaçı mübahisə predmeti barədə qanuni əsaslara sahib olsun və ya qanuni əsalara söykənən hüquqi gözləntiyə malik olsun. Hazırkı mübahisədə isə iddiaçı hər hansı qanuni əsasa söykənən gözləntiyə malik deyildir və cavabdeh tərəfindən pulun həqiqətən də ödənilmədiyini sübut edə bilmir (xx.xx.2023-cü il tarixli etiraz).
II. Tərəflərin mövqeləri:
a) İddiaçının mövqeyi
5. İddiaçı məhkəməyə yazılı izahat (mülahizələr) təqdim edərək bildirmişdir ki, cavabdeh etirazında müqavilənin 2.3-cü bəndinin yalnız 1-ci cümləsini əsas gətirmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə (2.3-cü bəndinin tam mətnində qeyd edilir) ilə şərtləndirilmişdir ki, cavabdeh təhvil-təslim aktı təqdim edildiyi gündən etibarən 3 gün ərzində onu imzalamağı öhdəlik götürmüşdür və bu müddət keçdiyi andan təhvil-təslim aktı imzalanmış hesab edilir. İddiaçı öz növbəsində elektron poçtla (e-mail) 2023-cü ilin yanvar ayı üzrə 25 yanvar 2023-cü il tarixdə, saat 21.00-da, 2023-cü ilin may ayı üzrə 24 may 2023-cü il tarixdə, saat 17.41-də, 2023-cü ilin iyun ayı üzrə 20 iyun 2023-cü il tarixdə, saat 19.05-də aktlar göndərmişdir. Eləcə də, həmin aktlar müvafiq vaxtlarda kağız daşıyıcıda iddiaçı tərəfindən imzalanmış şəkildə cavabdehin ofisində cavabdehin mühasibi Əli adlı şəxsə təqdim edilmiş və mütəmadi olaraq imzalanmasını cavabdehə dəfələrlə xatırlatmışdır. Lakin buna baxmayaraq, cavabdeh müqavilə ilə müəyyən edilmiş 3 gün ərzində həmin aktları imzalamamış, belə olan halda müqavilənin 2.3-cü bəndinə əsasən 2023-cü ilin yanvar, may və iyun ayları üzrə təhvil-təslim aktları imzalanmış hesab edilir. Bundan əlavə, göstərilmiş xidmətlərlə bağlı hansı iradların olduğuna dair münasibət bildirilməmişdir. Əksinə, cavabdeh bununla bağlı iddiaçı tərəfindən göndərilən elektron qaimələri təsdiq edərək, xidmətlərin göstərildiyinə dair iradə ifadəsini bildirmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlər üçün hər cari ay üzrə 3000 manat məbləğində abonent haqqı ödəyir. Müqavilənin 2.2-ci bəndi ilə şərtləndirilmişdir ki, tərəflər arasında əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq icraçı tərəfindən çəkilən xərclər, o cümlədən (zəruri olduqda cəlb edilmiş mütəxəssis və məsləhətçilərin haqqı), dövlət büdcəsinə ödənişlər, ezamiyyə xərcləri Sifarişçi tərəfindən ayrıca ödənilir. Müqavilə şərtlərindən göründüyü kimi, cavabdeh iddiaçıya aylıq abonent haqqı 3000 manat, əlavə xidmət haqqının isə ayrıca ödənilməsinə öhdəlik götürmüşdür. 2023-cü ilin iyun ayında isə cavabdehə 10800 manat məbəğində əlavə xidmət göstərilmişdir və bununla bağlı yuxarıda qeyd edildiyi kimi, müvafiq akt tərtib edilərək göndərilmiş və həmin akt imzalanmış hesab edilir. 10000 manat ödənişlərin edilməsinə dair cavabdehin təqdim etdiyi qəbzlərlə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsi məhkəmədə yanlış təsəvvürün formalaşmasına xidmət edir. “MilliÖn” elektron ödəmə sisteminin 51508 nömrəli terminalından 10 000 manat ödənişin, ümumiyyətlə, cavabdehlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin qəbzlərdən ödənişin kim tərəfindən və nə üçün ödənildiyi (ödənişin təyinatı) belə müəyyən edilmir. İddiaçının şəxsi bank kartına edilən istənilən ödənişi cavabdehlə əlaqələndirmək yalnız ağlasığmazdır. Digər tərəfdən, əgər həqiqətən cavabdehin iddiaçı qarşısında olan borcu özü qeyd etdiyi kimi, 12600 manat təşkil edirsə və əgər həqiqətən müqaviləyə görə iddiaçıya xx.xx.2023-cü il tarixdə 10 000 manat ödənilmişsə, belə olan halda sual doğurur ki, nədən cavabdeh mediasiya mərhələsində xx.xx.2023-cü il tarixdə borcun qalıq hissəni 2600 manatı deyil, 10 000 manat ödəmişdir. Cavabdehin dəlilləri bir-biri ilə nəinki uzlaşmır, hətta zidiyyət təşkil edir. Cavabdehin bu cür uydurmaları onu deməyə kifayət qədər əsas verir ki, iddiaçı qarşısında olan borcunun ödənilməsindən hər vəchlə yayınmağa cəhd edir.
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın və yazılı izahatların (mülahizələrin) məzmununa uyğun izahatlar verdi və məhkəmənin suallarına cavab olaraq bildirdi ki, sonuncu təhvil-təslim aktı iyun ayında göndərilmiş, xidmətlər qəbul olunaraq elektron qaimələr təsdiq edilmişdir. Sifariş olmadığından iyun ayından sonra hüquqi xidmət göstərilməmiş, cavabdeh göndərilmiş elektron qaimələri təsdiq etməmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu və müqavilədə aylıq abonent haqqının ödənilməsi razılaşdırıldığından sonrakı aylar üzrə də cavabdeh ödəniş etməlidir. Həmçinin xx.xx.2023-cü il tarixli ödənişlə bağlı suallara cavab olaraq bildirmişdir ki, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə edilmiş 10000 manat ödəniş onunla başqa şəxs arasında olan şəxsi borc münasibəti ilə bağlıdır və bu ödənişlə ona olan borc ödənilib. Borclu olan bu şəxs hüquqi cəhətdən yox, faktiki cəhətdən cavabdehin və "xxxx" MMC-nin sahibidir. Həmin şəxsin ona şəxsi borcu olub, onu ödəyib. Həmin şəxslə olan borc münasibətləri yazılı qaydada rəsmiləşdirilməyib, şifahi borc münasibətləri olub.
b) Cavabdehin mövqeyi
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etirazların məzmununa uyğun izahatlar vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında izahatında bildirmişdir ki, 2023-cü ilin aprel ayından sonra xidmət göstərilməmişdir. İddiaçı təcili pul lazım olduğunu bildirdiyi üçün “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə Şəmkir rayonundan 10000 manat ödəniş edilmişdir. İddiaçının qeyd etdiyi kimi, İsmayıl müəllimin iddiaçıya hər hansı borcu olmayıb, əksinə iddiaçı İsmayıl müəllimdən 50000 manat borc alıb. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, məhkəmələrdə mübahisələr davam edirdi, iddiaçı hüquqi xidmətləri göstərməyi davam etdirməli idi. Ona görə də may, iyun ayları üzrə göndərilən elektron qaimələr ləğv olunmayıb.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin suallarına cavab olaraq bildirdi ki, may ayında göstərilən xidmətləri qəbul edirlər. Ümumilikdə iyun ayının 1-nə qədər göstərilmiş xidmətləri qəbul edirlər. Lakin iyun ayında göstərilən xidmətləri qəbul etmirlər. Əli adlı şəxs cavabdehin və "xxxx" MMC-nin mühasibidir. Tərəflər arasında münasibətlər pozulduğu üçün iddiaçının iyun ayında cavabdehin mühasibi Əli bəyin elektron poçtuna göndərdiyi akta əhəmiyyət verməyiblər. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, iddiaçı 2023-cü ilin yanvar ayında qədər cavabdehə və "xxxx" MMC-yə, 2023-cü ilin yanvar ayından ancaq cavabdehə xidmət göstərib. İddiaçıya göndərilən xx.xx.2023-cü il tarixli məktubda edilmiş ödənişlərin cəminin 20000 manat deyil, 18600 manat yazılmasının səbəbi “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə edilmiş 10000 manat ödənişin 8600 manatının hazırkı iş üzrə mübahisə predmeti olan müqavilə ilə bağlı ödənilməsi, 1400 manatının isə "xxxx" MMC ilə olan müqavilə ilə bağlı ödənilməsidir. 10000 manat ödənişin 8600 manat hissəsi hazırkı iş üzrə cavabdehin borcuna görə ödənilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə xx.xx.2023-cü il tarixdə 1 saylı Əlavə ilə dəyişiklik edilmişdir; - iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək xidmətlər göstərilmişdir; - müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10000 manat ödəniş edilmişdir.
12. xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin fəaliyyəti ilə bağlı hüquqi məsələlər üzrə bu müqavilənin şərtlərinə uyğun olaraq məsləhət və digər hüquqi xidmətlər göstərir, sifarişçi isə xidmətlərin göstərilməsi ilə əlaqədar bu müqavilənin şərtlərinə müvafiq olaraq göstərilən xidmətlərin dəyərini icraçıya ödəyir (1.1). İcraçı sifarişçinin tapşırığı ilə aşağıdakı istiqamətlər üzrə hüquqi xidmətlər göstərir: sifarişçinin fəaliyyət dairəsini əhatə edən məsələlər üzrə hüquqi məsləhətlər verir; sifarişçinin fəaliyyətinə aid analitik icmaları hazırlamaq, onun fəaliyyət göstərdiyi sahəni tənzimləyən qanunvericilikdə baş verən dəyişikliklər barədə sifarişçini vaxtında məlumatlandırır; sifarişçinin müraciəti əsasında onun fəaliyyət göstərdiyi sahəni tənzimləyən qanunvericilik aktlarına dair izahlar verir; hüquqi səciyyəli məsələ və problemlər üzrə təkliflər, tövsiyələr və hüquqi rəylər hazırlayır; sifarişçinin apardığı danışıqlarda hüquqi məsələlərin müzakirəsində iştirak edir; üçüncü şəxslərlə münasibətlərdə sifarişçini təmsil edir, sifarişçinin daxili sənədlərinin qanunvericiliyi tələblərinə uyğunluğunu yoxlayır, həmin sənədlərin hazırlanmasında və düzgün tərtib edilməsində köməklik göstərir; sifarişçi tərəfindən bağlanılan mülki-hüquqi müqavilələrin tərtib edilməsində və bağlanılmasında iştirak edir, bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, həmin müqavilələrin icra olunmasına yönəlmiş zəruri hüquqi xidmət göstərir; sifarişçinin tapşırığı ilə və sifarişçi tərəfindən qanunla müəyyən edilmiş qaydada verilmiş etibarnamə əsasında onun adından danışıqlar aparır; sifarişçinin təsis sənədlərinə edilmiş əlavə və dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin işlənib hazırlanması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətlərin edilməsini təmin edir; qarşılıqlı razılaşmaya əsasən digər xidmətlər göstərir (1.2).
13. Müqavilənin 1.3-cü bəndinə əsasən, sifarişçi icraçıya onu maraqlandıran sualları yazılı və/və ya şifahi şəkildə verir və icraçı tapşırığı alan andan 7 (yeddi) gün müddətində (zəruri olduqda bu müddət uzadıla və qısaldıla bilər) yazılı və/və ya şifahi surətdə cavablar hazırlayıb sifarişçiyə təqdim edir. Zəruri hallarda icraçı öz xidmətlərini sifarişçinin yerində göstərir. Müqavilənin 2-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlər üçün hər cari ay üzrə 1200 manat məbləğində abonent haqqı ödəyir (2.1). Sifarişçi İcraçıya tapşırıq verdikdə həmin tapşırığı yazılı və/və ya şifahi şəkildə verir (3.1). Sifarişçi icraçını öz öhdəliklərini yerinə yetirmək məqsədilə müvafiq etibarnamə ilə təmin edir (3.4).
14. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən, müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək “sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlər üçün hər cari ay üzrə 3000 manat məbləğində abonent haqqı ödəyir” kimi razılaşdırılmışdır.
15. İş materialları əsasında müəyyən olunur ki, tərəflər icraçı tərəfindən göstərilmiş xidmətlərin təhvili və onların dəyərinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi, sifarişçinin, göstərilmiş xidmətlərin təhvil-təslim aktı icraçı tərəfindən təqdim edildiyi gündən etibarən 3 gün ərzində imzalaması, bu müddət keçdiyi andan təhvil-təslim aktının imzalanmış hesab edilməsi, sifarişçinin təhvil-təslim aktını imzalandığı andan 3 gündən gec olmayaraq xidmət haqqını icraçıya ödəməsi barədə razılaşmışlar (müqavilənin 2.2-2.4-cü bəndləri). İddiaçı göstərilmiş xidmətlərin təhvili və onların dəyərinin rəsmiləşdirilməsi üçün xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 1200 manat olan xx.xx.2022-ci il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 3000 manat olan xx.xx.2023-cü il tarixli, xidmət haqqının dəyəri 13800 manat olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları tərtib etmiş, müxtəlif tarixlərdə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023) elektron poçt vasitəsi ilə cavabdeh tərəfə göndərmişdir. Qeyd olunan təhvil-təslim aktlarından xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar cavabdehin möhürü ilə təsdiqlənmiş, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar isə ancaq iddiaçı tərəfindən təsdiq olunmuşdur. Həmçinin iddiaçı xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi üçün cavabdehə yuxarıda qeyd olunan aktlara əsasən (əlavə qeydlər hissəsinə istinadən) xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim etmiş, qeyd olunan qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə iyul, xx.xx.2023-cü il tarixdə avqust, sentyabr, xx.xx.2023-cü il tarixdə oktyabr, xx.xx.2023-cü il tarixdə noyabr ayı üzrə elektron qaimələr göndərmiş, həmin qaimələr təsdiqlənməmiş, cavabdeh tərəfindən düzəlişə qaytarılmışdır.
16. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə iyul ayına qədər xidmət göstərilmiş, cavabdeh xidmətləri qəbul etmişdir. Belə ki, iyun ayı daxil olmaqla cavabdehə təhvil-təslim aktları təqdim edilmiş, elektron qaimələr göndərilmiş, həmin qaimələr təsdiq edilmişdir. İyun ayından sonra xidmət göstərilməsə də, müqavilədə hər ay üzrə abonent haqqının ödənildiyi razılaşdırıldığından xidmət göstərilməyən sonrakı aylar üzrə də ödəniş edilməlidir. Buna görə də sonrakı aylar üzrə elektron qaimələr göndərilmiş, lakin təsdiq edilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə cəmi 10 000 manat xidmət haqqı ödənilmişdir. Həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixdə edilmiş 10 000 manat ödəniş hazırkı işin predmetini təşkil edən müqavilə üzrə deyil, başqa şifahi borc müqaviləsi üzrə ona edilmişdir. Ona görə də hazırkı iş üzrə öhdəliyin icrası kimi qəbul edilməməlidir.
17. Cavabdeh bildirir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı iyun ayına qədər xidmət göstərmiş, göstərilmiş xidmətə görə xx.xx.2023-cü il tarixdə 8600 manat (iddiaya etirazda xx.xx.2023-cü il tarixdə edilmiş 10000 manat ödənişin hazırkı müqavilə üzrə edildiyi qeyd olunsa da, xx.xx.2023-cü il tarixli baxış iclasında həmin məbləğin 8600 manatının hazırkı müqavilə üzrə edildiyi təsdiqlənmişdir), xx.xx.2023-cü il tarixdə isə 10 000 manat ödəniş edilmiş, borc qalmamışdır. Ona görə də iddia rədd olunmalıdır.
18. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə tapşırıq müqaviləsidir və hazırkı tələbin hüquqi (qanuni) əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı normaları nəzərdən keçirilməlidir.
19. Belə ki, Mülki Məcəllənin 771.1-ci maddəsində göstərilmişdir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
20. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
21. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
22. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
23. Hazırkı iş üzrə tərəflər arasında yazılı formada müqavilə bağlanmış, muzd ödənilməsi və ayrı-ayrı tapşırıqların (tapşırığın məzmununa daxil olan hərəkətlərin) yazılı və/və ya şifahi şəkildə verilməsi razılaşdırılmışdır. Lakin göstərilmiş xidmətin həcmi və ödənişə (muzd) dair müqavilə şərti barəsində tərəflər arasında mübahisə mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə ödəniş barədə müqavilə şərti şərh olunmalı və göstərilmiş xidmətin həcmi müəyyən edilməli, bundan sonra cavabdehin ödəməli olduğu muzdun miqdarı və cavabdeh tərəfindən icra edilməyən öhdəliyin həcmi aydınlaşdırılmalıdır.
24. Məhkəmə qeyd olunan məsələlərin aydınlaşdırılması və mübahisənin həlli baxımında sübutetmə və sübutetmə üzrə vəzifələrin müəyyən edilməsinin vacibliyini nəzərə alaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
26. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
27. Məhkəmə sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi zamanı həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
28. İddiaçı xidmət göstərmədiyini bildirdiyi iyul-noyabr ayları üzrə muzdu müqavilənin 2.1-ci bəndində qeyd olunan “abonent haqqı” ifadəsinə istinadən tələb edir.
29. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Məhkəmə qeyd edir ki, müqavilənin qiyməti və xidmətlərin ödənilməsi qaydası tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndi ilə tənzimlənir. Qeyd olunan bəndi təhlil etdikdə aydın olur ki, ödənişin adı abonent haqqı kimi qeyd olunsa da, tərəflərin iradəsi məhz göstərilmiş xidmətlərə görə hər ay ödənişin edilməsi yönündə olmuşdur. Məhz 2.1-ci bənddə “göstərilmiş xidmətlər üçün... abonent haqqı”nın ödənilməsi razılaşdırılmışdır. Buna görədir ki, tərəflər icraçı tərəfindən göstərilmiş xidmətlərin təhvili və onların dəyərini aktlarla rəsmiləşdirmək barədə razılaşmışlar. Əks halda belə bir rəsmiləşdirmə barədə müqavilədə tənzimləmənin həyata keçirilməsi zərurəti olmaz, müqavilənin qüvvədə olma müddətində aylıq muzdun standart olaraq ödənilməsi razılaşdırılardı. İddiaçı da iyun ayından sonra xidmət göstərilmədiyindən cavabdehə aktlar təqdim etməmiş, təqdim etdiyi elektron qaimələr isə cavabdeh tərəfindən təsdiq edilməmiş və düzəlişə qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi xidmət göstərilməyən iyul-noyabr ayları üzrə xidmət haqqının cavabdehdən tutulması hissəsində əsassızdır, tərəflər arasındakı müqavilə münasibətlərini ehtiva etmir və təmin oluna bilməz.
31. İddiaçı tərəfindən göstərilmiş xidmətlərin həcmi ilə bağlı məhkəmə qeyd edir ki, 2023-cü ilin iyun ayına qədər xidmətin göstərilməsi işin mübahisəsiz (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bu faktı təsdiqləmişdir) halıdır, iyul-noyabr ayları üzrə xidmət haqqının cavabdehdən tutulması hissəsində iddia tələbini, yuxarıda göstərildiyi kimi, məhkəmə əsassız hesab edir. Belə olan halda xidmətlərin həcmi müəyyən edilərkən məhkəmə tərəfindən aydınlaşdırılmalı olan hal iyun ayında xidmətin göstərilib-göstərilməməsidir.
32. İş materiallarındakı sübutlar və məhkəmə iclasında tərəflərin verdiyi izahatlar əsasında tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar münasibətləri təhlil etdikdə aydın olur ki, tərəflər işlərin təhvil-təslimini müqavilənin 2.3cü bəndində razılaşdırdıqları qaydaya uyğun olaraq həyata keçirmiş, həmçinin iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməsi, cavabdeh tərəfindən qaimələrin təsdiqlənməsi ilə rəsmiləşdirilmişdir.
33. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh aktları 3 gün ərzində imzalamalıdır, bu müddət keçdiyi andan təhvil-təslim aktı imzalanmış hesab edilir. İddiaçı müvafiq aktları təsdiq edilməsi üçün elektron poçt vasitəsi ilə cavabdehin əməkdaşına (məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili aktların elektron poçtuna göndərildiyi Əli adlı şəxsin cavabdehin mühasibi olduğunu təsdiqləmiş, aktların elektron poçt vasitəsi ilə təqdim edildiyini mübahisələndirməmişdir) təqdim etmiş, cavabdeh aktların bir hissəsini (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar) möhürü ilə təsdiqləmiş, bir hissəsini (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlar) isə təsdiqləməmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktları təsdiqləməsə də, həmin aylarda xidmətin göstərildiyini mübahisələndirməmişdir.
34. Göründüyü kimi cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktları təsdiqləməsə də, həmin aktlar üzrə xidmətlərin göstərildiyini təsdiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən - 2023-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərə görə akt məhz tərəflər arasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq elektron poçt vasitəsi ilə cavabdehə təqdim olunmuşdur. Cavabdeh də həmin aktı mübahisələndirməmiş, bununla bağlı iddiaçıya hər hansı etiraz bildirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin akt göndərilən zaman tərəflər arasında münasibətlərin pis olduğuna görə akta əhəmiyyət verilməmişdir. Tərəflər arasında formalaşmış işgüzar münasibətləri və cavabdehin aktın təqdim edildiyi gün - xx.xx.2023-cü il tarixdə ödəniş etdiyini nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh tərəfin qeyd olunan arqumenti əsaslı hesab edilə bilməz.
35. Digər tərəfindən iş materiallarından müəyyən olunur ki, iddiaçı 2022-ci ilin oktyabr-dekabr, 2023-cü ilin yanvar-iyun ayları üzrə cavabdehə elektron qaimələr təqdim etmiş, qeyd olunan qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçının sonrakı - iyulnoyabr aylar üzrə təqdim etdiyi elektron qaimələr isə təsdiqlənməmiş, düzəliş üçün qaytarılmışdır. Göründüyü kimi, cavabdeh elektron qaimələr üzrə elektron sistemini sayıq nəzarəti altında saxlayaraq iyul-noyabr ayları üzrə qaimələri düzəliş üçün qaytarsa da, mübahisələndirilən iyun ayı üzrə elektron qaiməni düzəlişə qaytarmamış, qaimə əvvəlki aylardakı kimi sistem tərəfindən təsdiqlənmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iyun ayı üzrə iddiaçı tərəfindən xidmətlər göstərilmiş və cavabdeh tərəfindən qeyd olunan xidmətlər qəbul edilmişdir. Belə olan halda cavabdehin 2023-cü ilin iyun ayında xidmətlərin göstərilməsini mübahisələndirməsi ilə bağlı mövqeyi əsassızdır. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər müqavilədə (1.3 və 3.1-ci bəndləri) tapşırığın və icranın yazılı və/və ya şifahi qaydada həyata keçirilməsi razılaşdırmışdır.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh oktyabr 2022-iyun 2023-cü il tarixləri üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üzrə öhdəlik daşıyır. Qeyd olunan aylar üzrə göstərilmiş xidmətlərin dəyəri isə 32 400 manat (2022-ci ilin oktyabr ayı üzrə 1200 manat, noyabr ayı üzrə 1200 manat, dekabr ayı üzrə 1200 manat, 2023-cü ilin yanvar ayı üzrə 3000 manat, fevral ayı üzrə 3000 manat, mart ayı üzrə 3000 manat, aprel ayı üzrə 3000 manat, may ayı üzrə 3000 manat, iyun ayı üzrə 13800 manat) təşkil edir.
38. xx.xx.2023-cü il tarixdə 10 000 manat ödənişin edildiyi işin mübahisəsiz halıdır. Cavabdeh “MilliÖn” elektron ödəniş sistemi vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə edilmiş 10000 manat ödənişin qəbzlərini təqdim edir və qeyd olunan ödənişin 8600 manat hissəsinin (etirazda qeyd olunan məbləğin hamısının hazırkı mübahisə predmeti olan müqavilə üzrə edildiyi göstərilsə də, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi/vəkili məhz 8600 manat hissəsinin hazırkı mübahisə predmeti olan müqavilə üzrə edildiyini təsdiqlədi) hazırkı mübahisə predmeti olan müqavilə üzrə edildiyi bildirir. İddiaçı xx.xx.2023-cü il tarixdə edilmiş 10000 manat ödənişin cavabdehin faktiki rəhbərinin ona olan şəxsi borcuna görə edildiyini göstərir.
39. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
40. Sübutetmənin maddi əsası kimi çıxış edən qeyd olunan normanın tələbindən göründüyü kimi, qanunda birbaşa öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditorun üzərinə sübutetmə yükü qoyulmuşdur ki, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə icra edilmiş öhdəliyin başqa öhdəlik olmasını (iddiaçının bu hala istinad etdiyi nəzərə alındıqda) sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd olunan vəsaitin cavabdehin faktiki rəhbərinin ona olan borcuna görə ödənildiyini qeyd etsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
41. Sübutetmə vəzifəsi və yükünün bölüşdürülməsi qaydasına dair qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya ödənişin edildiyi öz təsdiqini tapdığından, lakin iddiaçı həmin ödənişin hazırkı mübahisənin predmetini təşkil edən müqavilə üzrə deyil, başqa müqavilə üzrə edildiyini sübut edə bilmədiyindən və həmin tarixdə edilmiş ödənişin 8600 manat hissəsi hazırkı iş üzrə mübahisə predmeti olan müqavilə üzrə edildiyindən xx.xx.2023-cü il tarixdə iddiaçıya edilmiş 8600 manat ödəniş hazırkı iş üzrə mübahisə predmeti olan müqavilə üzrə cavabdehin öhdəliyinin icrası kimi qəbul olunmalıdır.
42. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
43. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
46. Beləliklə, məhkəmə hesab edir ki, tapşırıq müqaviləsi üzrə muzdun (xidmət haqqının) ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 13800 manat (cəmi öhdəlik 32 400 manat-xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş 8600 manat-xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş 10000 manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı həmçinin 210 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
49. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00195 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 210 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
52. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
53. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova