Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-433/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, tərəflərin qarşılıqlı münasibətlərində yaranan işgüzar praktika, sübutetmə vəzifəsi, elektron qaimə-fakturanın sübut kimi qiymətləndirilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC-yə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək göndərilən qaimələr üzrə malların dəyəri olan 9323,18 manat məbləğində pulun və 110 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun, proses zamanı yaranacaq digər xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 19 iyul 2019-ci il tarixində iddiaçı ilə cavabdeh arasında GS-514/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq iddiaçı elektron qaimədə göstərilən malları cavabdeh tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və cavabdeh də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öz üzərinə götürmüşdür. 2.2. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar iddiaçı tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə iddiaçı tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq, bu günədək ödəniş öhdəliyini həyata keçirməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.3-cü və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Əbdülfət qızı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı QSC tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Etirazda işin halları ilə bağlı göstərilmişdir ki: 6.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə GS-514/19 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə müəyyənləşdirilmiş və yerinə yetirilmiş xidmətlərin dəyəri iddiaçıya ödənilmişdir. Alınan malların dəyəri tam şəkildə iddiaçıya ödənilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə satılmamış mallara görə əlavə olaraq pul tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi məbləği əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 6.2. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma 2 və Forma 3 sənədləri, invoys və digər zəruri mühasibatlıq sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir. Həmçinin iddiaçı tərəf məhkəməyə sübut olaraq yalnız sistem tərəfindən təsdiq olunan elektron qaimələrin və tərəflər arasında bağlanmış müqavilənin surətini təqdim etmişdir. Bununla da iddiaçı görülməmiş işlərlə bağlı öz iddia tələbini sübuta yetirməyə çalışmışdır. Lakin sözügedən elektron qaimələr öz özlüyündə işlərin görülməsini birbaşa təsdiq etmir. Həmin elektron qaimələr işlərin görülməsini təsdiq edən digər sübutlarla birlikdə əlaqəli olaraq qiymətləndirilməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 752.1, 753.4-cü və s. maddələri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarı göstərilmişdir
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, qiymətlərin razılaşdırılması protokolu birtərəfli qaydada təsdiq olunsa da, tərəflər arasındakı işgüzar münasibət təhvil-təslim aktlarının cavabdehin nümayəndələri tərəfindən imzalanması, elektron qaimə əsasında ödənişlərin edilməsi şəklində olmuşdur. Əsasında ödənişlər edilmiş elektron qaimələrin də əksəriyyəti cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmişdir.
9. Cavabdehin nümayəndə və vəkili Vəkil Əbdülfət qızı məhkəmənin birinci hazırlıq iclasında iştirak etmiş, işlə tam tanış olmaq üçün hazırlıq iclasının təxirə salınması xahiş etmiş, daha sonra iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir.
10. Cavabdeh tərəf məhkəmənin baxış iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə rəsmi qaydada məlumat verilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qismində) ilə cavabdeh arasında 19 iyul 2019-cu il tarixli GS-514/19 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sifariş verilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
15. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 9323,18 manat pulun ödənilməsini tələb edir.
16. Cavabdeh alınan malların dəyərinin tam ödənildiyini qeyd edir, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrin malların təhvil alındığının sübutu kimi çıxış edə bilməyəcəyini, digər sübutlarla əlaqəli olaraq qiymətləndirilməli olduğunu bildirir.
17. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı)
19. Müqavilə məzmunu müəyyən edilərkən, onun şərtləri təfsir edilərkən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Konstitusiya Məhkəməsi də müqavilənin təfsiri ilə bağlı göstərmişdir ki, mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
21. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar qismində malların təsviri, miqdarı və qiyməti, ödəniş qaydası təsvir edilən, birtərəfli qaydada tərtib edilmiş, 19 iyul 2019-ci il tarixli alqı-satqı müqaviləsinə əlavələr kimi çıxış edən qiymət razılaşma protokolları, hesab-fakturalar, təhvil-qəbul aktları və elektron qaimələrə istinad edir (iş materialları səhifə 35-94).
22. Belə ki, 19 iyul 2019-ci il tarixli alqı-satqı müqaviləsinə 60 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 1862,04 manat, 72 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 797,68 manat, 59 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 113,28 manat, 69 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 195,88 manat, 67 nömrəli əlavə olan xx.xx.2022-ci tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 436,6 manat, 66 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 112,10 manat, 67 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 1729,88 manat, 70 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 513,3 manat, 71 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 842,52 manat, 73 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 1180 manat, 74 nömrəli əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 112,10 manat, 75 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 123,9 manat, 77 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 123,9 manat, 78 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu ilə ümumi dəyəri ƏDV daxil 737,5 manat olan ayrı-ayrı malların adı, spesifikasiyası, qiyməti, çatdırılma və ödəmə qaydası göstərilmiş, iddiaçı tərəfindən təsdiqlənmişdir.
23. Həmçinin iş materiallarına əlavə edilən hesab-fakturalardan görünür ki, malların ödənilməsi üçün xx.xx.2022-ci il tarixli 4213 nömrəli, xx.xx.2022-ci il tarixli 4215 nömrəli, xx.xx.2022-ci il tarixli 4216 nömrəli, xx.xx.2022-ci il tarixli 4652 nömrəli, xx.xx.2022-ci il tarixli 4691 nömrəli, xx.xx.2022-ci il tarixli 4800 nömrəli, xx.xx.2022-ci il tarixli 4835 nömrəli, xx.xx.2022-ci il tarixli 5260 nömrəli, xx.xx.2022-ci il tarixli 5263 nömrəli, xx.xx.2022-ci il tarixli 5373 nömrəli, xx.xx.2022-ci il tarixli 5388 nömrəli, xx.xx.2022-ci il tarixli 5374 nömrəli, xx.xx.2023-cü il tarixli 564 nömrəli, xx.xx.2023-cü il tarixli 570 nömrəli, xx.xx.2023-cü il tarixli 755 nömrəli invoyslar tərtib edilmişdir.
24. Qeyd edilən protokollar və hesab-fakturalar birtərəfli qaydada təsdiq edilsə də, 2300148, 2300218, 2300649, 2209864, 22008871, 2209845, 2210204, 2210759, 2210466, 2209789, ******* nömrəli malların təhvil-qəbul aktları malları təhvil alan şəxslər (Yusubov Altun, Quliyev Samir və s.) tərəfindən də imzalanmışdır.
25. Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBCH 711513 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1862,04 manat, xx.xx.2022-ci il tarixli EBCH 711107 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 442,5 manat, xx.xx.2022-ci il tarixli EBCH 711197 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 113,28 manat, xx.xx.2022-ci il tarixli EBCJ 048371 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 195,88 manat, xx.xx.2022-ci il tarixli EBCJ 120951 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 436,6 manat, xx.xx.2022-ci il tarixli EBCJ 477470 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 112,10 manat, xx.xx.2022-ci il tarixli EBCJ 443932 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1729,88 manat, xx.xx.2022-ci il tarixli EBCL 014178 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 513,3 manat, xx.xx.2022-ci il tarixli EBCL 016896 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 842,52 manat, xx.xx.2022-ci il tarixli EBCL 258529 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 797,68 manat, xx.xx.2022-ci il tarixli EBCL 253901 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 112,10 manat, xx.xx.2022-ci il tarixli EBCL 318955 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1180 manat, xx.xx.2023-cü il tarixli EBCN 209588 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 123,9 manat, xx.xx.2023-cü il tarixli EBCN 241122 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 123,9 manat, xx.xx.2023-cü il tarixli EBCN 681285 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 737,5 manat dəyərində olmaqla ümumilikdə 9323,18 manat malların təqdimi üçün tərtib edilmişdir.
26. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən 9323,18 manat məbləğində pul ləğv edilməmiş və ya mübahisələndirilməmiş elektron qaimələr tərtib edilməklə təqdim edilmiş, mallar təqdim edilərkən təhvil-təslim aktları malları təhvil alan şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda göstərilən elektron qaimələrin “əsas” qrafasında hesabfaktura nömrələrinə, “əlavə qeydlər” qrafasında təhvil-təslim aktlarının nömrələrinə istinad edilmişdir.
27. İddiaçının iddiaya etirazda da göstərdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Bu mənada məhkəmə yuxarıda göstərilən elektron qaimələrin, təhvil-qəbul aktlarının, hesab-fakturaların mötəbərliyinin qiymətləndirilməsi üçün tərəflər arasında 19 iyul 2019-ci il tarixli GS-514/19 nömrəli alqı-satqı müqaviləsi üzrə formalaşmış işgüzar praktikanın, qarşılıqlı münasibətlərin məzmunun araşdırılmasını zəruri hesab edir.
29. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ41PAHA40060AZNHC********** nömrəli (19 iyul 2019-ci il tarixli GS-514/19 nömrəli alqı-satqı müqaviləsində də həmin müqaviləyə istinad edilmişdir) bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBCC 551190, EBCC 600626, EBCC 582678, EBCC 580863, EBCC 660899, EBCC 660882 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 4585 manat, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBBX 989527, EBBX 990241, EBBX 991088, EBCA 274354, EBCA 521912, EBCA 534655, EBCA 532622, EBCA 533659, EBCA 531968 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 9955 manat, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBCD 321651, EBCD 416758, EBCD 415860, EBCD 416583, EBCD 415402, EBCD 418925 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 4909,6 manat, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBBO 844613, EBBP 083129, EBBP 453916 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 11853,2 manat, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBBX 791948, EBBX 991810 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 3445 manat, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən EBBR 363783, EBBR 448871, EBBR 446094 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 4002,14 manat, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən EBCD 419513, EBCE 090183, EBCG 99927, EBCG 101991, EBCH 202498, EBCH 713837, EBCH 713234, EBCH 712876, EBCH 712155 seriya və nömrəli elektron qaimələr üzrə cəmi 4335 manat və s. ödənişlər həyata keçirilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışdan (iş materialları səhifə 175- 189) görünür ki, EBBP 453916 seriya və nömrəli elektron qaimə istisna olmaqla yuxarıda göstərilən elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
31. Həmçinin həmin elektron qaimələrdə (iş materialları səhifə 137-157) “əsas” hissəsində istinad edilən və məhkəməyə təqdim edilən (elektron iş materialları 15 və 16-cı sıradakı sənədlər) hesab-fakturalar da birtərəfli tərtib edilmiş, eləcə də “əlavə qeydlər” hissəsində istinad edilən malların təhvil-qəbul aktları təhvil alan kimi Yusubov Altun, Quliyev Samir, Əliyev və s. adlı şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslər hazırda mübahisə predmeti üzrə təqdim edilmiş təhvil-qəbul aktlarına da imza etmişlər.
32. Beləliklə, məhkəmə göstərir ki, tərəflər arasında işgüzar münasibətlər malların cavabdehin nümayəndələri tərəfindən təhvil-qəbul aktlarına imza edilməklə təhvil alınması, iddiaçı tərəfindən təhvil-qəbul aktlarının və tərtib edilən hesab-fakturaların nömrələrinə istinad edilməklə elektron qaimənin hazırlanması və cavabdehə göndərilməsi, cavabdeh tərəfindən həmin elektron qaimələrin ləğv edilməməsi (az hallarda təsdiq edilməsi) və həmin elektron qaimə fakturalara əsaslanmaqla ödənişlərin edilməsi şəklində olmuşdur.
33. Hazırda məhkəməyə təqdim edilən sübutlar da məhz həmin işgüzar münasibətlərə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsuluna uyğun olmaqla hər hansı ağlabatan şübhə doğurmur. Cavabdehin nümayəndəsi isə iddiaya etirazında malların dəyərinin tam ödənildiyini qeyd etsə də, hər hansı sübut təqdim edə bilməmiş, tərəflər arasındakı işgüzar münasibətin digər yöndə olması barədə dəlillər verməmiş, dəyəri ödənilməmiş malların təhvil-qəbul aktlarındakı imzalarla, dəyəri ödənilmiş malların təhvilqəbul aktlarındakı imzaların vizual eyniliyini mübahisələndirməmişdir.
34. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
37. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
38. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
39. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəf öz sübutetmə vəzifəsini icra edə bilməmiş, etirazının əsasını təşkil edən halları, o cümlədən 19 iyul 2019-ci il tarixli GS-514/19 nömrəli alqı-satqı müqaviləsinin dəyərini tam olaraq ödədiyini sübut edə bilməmişdir.
41. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
42. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
43. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
44. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
48. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
49. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 9323,18 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
50. İddiaçı həmçinin 110 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun, proses zamanı yaranacaq digər xərclərin cavabdehdən tutulmasını xahiş edir.
51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-03679 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir və xx.xx.2023-cü il tarixli 1613 nömrəli ödəniş tapşırığından və icra qeydindən görünür ki, iddiaçı tərəfindən Bakı 2 saylı mediasiya təşkilatının bank hesabına 110 manat mediasiya xərci iddiaçının nümayəndəsinin tapşırığı ilə köçürülmüşdür
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
54. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
55. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
56. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 114,33 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
57. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-433/2024 nömrəli qərardadı ilə artıq ödənilmiş 111,10 qəpik məbləğində dövlət rüsumu İddiaçı QSC-yə qaytarılması qərara alınmışdır.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə iddia tələbinin təmin olunduğunu, artıq ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarıldığını, proses zamanı yaranmış digər xərclər barədə iddiaçı tərəfindən hər hansı məlumat təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,23 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 9323 (doqquz min üç yüz iyirmi üç) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 (üç) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova