Məhkəmə qərarları › İş №e-2-2(113)-433/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-433/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-433/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, maliyyə sanksiyası və qanuni faizin tətbiqi əsasları) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqvailələri üzrə 50572,98 manat əsas borc, 3030 manat cərimə məbləği, 3666,54 manat əldən çıxmış faydanın və ödənilmiş 266 manat dövlət rüsumunun, 1100 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə cavabdeh arasında 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli məhsul/xidmət satışına dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında iddiaçının təqdim etdiyi məhsul/xidməti almağı, müqavilənin 4.2-ci bəndinə əsasən isə cavabdeh ödənişi 10% avans şəklində iddiaçının hesab-faktura təqdim etdiyi təqvim günündən 10 təqvim günü ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli müqavilə əsasında ümumilikdə 252 116,71 manat məbləğində mal satılmışdır. 2.2. Sonradan cavabdeh ilə iddiaçı arasında müqavilə yenilənmiş və tərəflər arasında B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli malın alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin sifarişləri əsasında müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə məhsul təhvil verməyi, cavabdeh isə həmin məhsulu qəbul edərək, məhsulun qiymətini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə əsasında ümumilikdə 10507,40 manat məbləğində mal satılmışdır. Satılmış malların ödənişləri üçün iddiaçı cavabdehə aşağıdakı elektron qaimələir göndərmişdir xx.xx.2024-cü il tarixli EBED 523866 seriya və nömrəli (8509,52 manat), xx.xx.2024-cü il tarixli MT2407 11090047 seriya və nömrəli (1084,15 manat), xx.xx.2024-cü il tarixli MT2407 11090597 seriya və nömrəli (416,42 manat), xx.xx.2024-cü il tarixli MT2407 11089639 seriya və nömrəli (497,31 manat). 2.3. Hər iki müqavilə üzrə cavabdeh iddiaçıdan aldığı malların dəyərinin bir qismini iddiaçıya ödəsə də, bir qismini bu günə kimi ödəməmişdir. Sonuncu dəfə cavabdeh xx.xx.2024-cü il tarixində 969,02 manat ödəmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40065,58 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 10507,40 manat məbləğində borcu qalmışdır. Satılmış malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə edilmiş müraciətlərin nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin vaxtından əvvəl xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişlər göndərmiş və müqavilələrə xx.xx.2024-cü il tarixində xitam veriliməsini, 10 iş günü ərzində satılmamış malların geri qaytarılmasını, yaxud satılmış malların dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh bildirişləri xx.xx.2024-cü il tarixində qəbul etsə də, satılmamış malların qaytarılması və ya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə ERC197 və ERC198 saylı xx.xx.2024-cü il tarixli pretenziyalar göndərmiş və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40065,58 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10507,40 manat məbləğində borcu 3 iş günü ərzində tam həcmdə ödəməyi tələb etmişdir. Cavabdeh pretenziyaları xx.xx.2024-cü il tarixində qəbul etmiş, lakin ödəniş etməmişdir. 2.4. Əlavə olaraq iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə “e-mehkeme” portalı vasitəsilə də P6050/2024 və P6051/2024 nömrəli elektron pretenziyalar göndərmişdir. Tərəflər arasında imzalanmış 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli məhsul/xidmət satışına dair müqaviləsinin 4.4-ci bəndinə əsasən, cavabdeh məhsul/xidmət üzrə ödənişi müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, iddiaçının hər gecikən gün üzrə ödənməyən məbləğə görə cavabdehə həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Tərəflər arasında imzalanmış B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli malın alqı-satqı müqaviləsinin 2.7-ci bəndinə əsasən, cavabdeh müqavilənin 1 saylı əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımi qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində iddiaçıya dəbbə pulu ödəyir. 2.5. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az) olan məlumata əsasən, bank uçot dərəcəsi xx.xx.2021-ci il tarixindən – 7,25%, xx.xx.2022-ci il tarixindən – 7,5%, xx.xx.2022-ci il tarixindən – 7,75%, xx.xx.2022-ci il tarixindən – 8,00%, xx.xx.2022-ci il tarixindən – 8,25%, xx.xx.2023-cü il tarixindən – 8,5%, xx.xx.2023-cü il tarixindən – 8,75%, xx.xx.2023-cü il tarixindən – 9,0%, xx.xx.2023-cü il tarixindən – 8,5%, xx.xx.2023-cü il tarixindən – 8,0%, xx.xx.2024-cü il tarixindən – 7,75%, xx.xx.2024-cü il tarixindən – 7,5%, xx.xx.2024-cü il tarixindən isə 7,25% miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi borclu şəxsin başqasının pul vəsaitinin qaytarmaması, gələcəkdə kreditora hüquq verir ki, o məhkəmədə borcludan, borcdan əlavə faizləri və zərəri tələb etsin. Belə olan halda cavabdehdən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçıya zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən, (son ödəniş tarixi – xx.xx.2024-dən, 60 gün) hər gecikditilmiş gün üçün ödənilməmiş məbləğin (40065,58 manat) 0,1 faizi (40 manat) məbləğində, 2400 (iki min dörd yüz) manat; B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, (son elektron qaimə tarixi – xx.xx.2024-dən, 60 gün) hər gecikditilmiş gün üçün ödənilməmiş məbləğin (10507,40 manat) 0,1 faizi (10,50 manat) məbləğində, 630 (altı yüz otuz) manat; ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, xx.xx.2024-cü il tarixindən – 3666,54 manat (50572,98 x 7,25%) əldən çıxmış faydanın məbləği. 2.6. Bundan başqa, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq 1100 manat məbləğində vəkil qonorarı ödəmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçıya hər iki müqavilə üzrə 50572,98 manat məbləğində əsas borc, 3030 manat məbləğində gecikmə faizi, 3666,54 manat əldən çıxmış fayda məbləği, 1100 manat vəkil qonorarı xərci, ümumilikdə 58369,52 manat məbləğində borcu yaranmışdır. Həmçinin 266 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 442.1, 449-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi iddiaçının malların qaytarılması ilə razı olmadığını bildirdi.

7. Cavabadehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddiaya etiraz etdi və göstərdi ki, hər iki müqavilə üzrə üzləşmə aktı ilə cəmi 41003,72 manat borc təsdiq edilmiş, daha sonra həmin borc üzrə 12675,6 manat və 11000 manat ödəniş edilmişdir. Həmçinin iddiaçıdan alınan və satılmayan mallar da mövcuddur ki, həmin mallar iddiaçıya qaytarıla bilər.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında iddiaçının təqdim etdiyi məhsul/xidməti almağı və dəyərini ödəməyi, iddiaçı isə məhsul/xidməti təhvil almağı təqdim etməyi öhdəsinə götürmüşdür; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehin sifarişləri əsasında müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə cavabdehə mal təhvil verməyi, cavabdeh isə həmin malı qəbul edərək, malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. – Məhkəmə icraatının gedişi zamanı tərəflər arasında imzalanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 01 yanvar 2024-cü il – 29 oktyabr 2024-cü il dövrünə olan xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə üzrə xx.xx.2024cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə qalıq borc 75687,47 manat olmuş, sonrakı tarixlərdə aparılmış əməliyyatlardan sonra hər iki müqavilə üzrə ümumilikdə cavabdehin iddiaçıya dövrün sonuna olan qalıq borcu 41003,72 manat təşkil edir.

12. İddiaçı hər iki müqavilə üzrə ümumilikdə 50572,98 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə borc məbləğinin 41003,72 manat olduğunu, həmin borcdan da ödənişlər edildiyini, həmçinin iddiaçıdan alınan malın ona qaytarılmasının mümkün olduğunu bildirir.

14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, iddiaçının verilmiş əşyanın ödənilməsini tələb etmək və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüquqları təsbit edilmiş, iddiaçı isə hazırda qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə etmişdir. Bu mənada cavabdehin malların qaytarılması təklifi ilə iddiaçı razı olmadığından bu əsasla cavabdehin etirazı düzgün olmamışdır.

21. Lakin məhkəmə hər iki müqavilə üzrə əsas borcun məbləğinə münasibətdə göstərir ki, iddiaçı 50572,98 manat məbləğində pulun tutulmasını tələb etsə də, xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə borc məbləği həmin tarixə 41003,72 manat təsdiq edilmiş, həmin tarixdən sonra xx.xx.2024-cü il tarixli 554 nömrəli ödəniş tapşırığı ilə 7841,58 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqları ilə 256,08 manat, 398,09 manat, 757,31 manat ƏDV məbləği, xx.xx.2024-cü il tarixli 564 nömrəli ödəniş tapşırığı ilə 2900 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 522 manat ƏDV məbləği, xx.xx.2024-cü il tarixli 569 nömrəli ödəniş tapşırığı ilə 1164,94 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 209,69 manat ƏDV məbləği, xx.xx.2025-ci il tarixli 09 və 09EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1416 manat, 08 və 08EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1084,15 manat, 07 və 07EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 497,31 manat, 06 nömrəli ödəniş tapşırığı ilə 6777,49 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqları ilə 731,69 manat, 20,75 manat, 52,03 manat, 63 manat, 84,22 manat, 34,34 manat, 170,41 manat, 63,52 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil olmaqla 25044,6 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

22. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 15959,12 manat (41003,72 manat – 25044,6 manat) təşkil edir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

28. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 15959,12 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

29. İddia ərizəsində iddiaçı həmçinin 3030 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

30. xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsinin 2.7-ci bəndinə əsasən, Alıcı, bu Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir.

31. xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilənin 4.4-cü bəndinə əsasən, Alıcı Məhsul/Xidmət üzrə ödənişi bu Müqavilənin 4.2-ci Maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəmə icraatının gedişində ödənişlər edilmişdir.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 2000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.

37. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 2000 manat pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Alqı-satqı müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı

38. İddiaçı iddia ərizəsində Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 3666,54 manat məbləğində pulun da tutulmasını tələb edir.

39. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

41. Göründüyü kimi, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

42. Digər tərəfdən, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

44. Lakin xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilədə borclunun pul öhdəliyinin icrasını gecikdirməsi üçün ayrı qayda – dəbbə pulu nəzərdə tutulmuşdur.

45. Belə olan halda 3666,54 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən də təmin edilməsi mümkün deyildir.

46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3666,54 məbləğində pulun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

47. İddiaçı 266 manat dövlət rüsumunun və 1100 manat hüquqi yardı xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.

48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 266 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

49. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1100 manat məbləğində pul “Nümayəndə və partnyorları” vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderi).

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

54. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1100 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

55. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Firmasından 15959,12 əsas borc, 2000 manat cərimə məbləği olmaqla ümumilikdə 17959,12 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1100 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar