Məhkəmə qərarları › İş №e-2-2(113)-4331/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4331/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4331/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ”Cənub Nəqliyyat Layihə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh ”Cənub Nəqliyyat Layihə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 2400 (iki min dörd yüz) manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2400 (iki min dörd yüz) manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ”Hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh hər cari ay üzrə 1200 (bir min iki yüz) manat məbləğində xidmət haqqı ödəməyi öhdəlik götürmüşdür. 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə xidmət haqqının ödənilməsi üçün cavabdehə ümumi məbləği 3600 (üç min dörd yüz) manat məbləğində elektron qaimələr (Qoşma 2) göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Lakin, cavabdeh iddiaçıya yalnız 1200 manat ödəniş etmiş, nəticədə 2400 manat borcu qalmışdır. Daha sonra tərəflər arasında 05 yanvar 2023-cü il tarixdə imzalanmış Razılaşma əsasında adı çəkilən müqaviləyə qarşılıqlı razılıqla xitam verilmşdir. Razılaşmanın 2-ci bəndinə əsasən, cavabdeh 05 yanvar 2023-cü il tarixə qədər iddiaçı qarşısında müqavilə üzrə yaranan 2400 manat məbləğində bоrcun qeyd-şərtsiz olaraq 30 yanvar 2023-cü il tarixdən gec olmayaraq ödəməyi öhdəlik götürmüşdür. Buna baxmayaraq borc bu günə qədər ödənilməmiş, bununla cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lаzımıncа icrа еtməmiş, nəticədə iddiaçı qarşısında müqavilə üzrə ümumilikdə 2400 manat məbləğində bоrcu yaranmışdır. Tərəflər аrаsındа münаsibətləri məhkəmədən kənаr qаydаdа həll еtmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmişdir və tərəflər arasında mübahisənin məhkəmədən kənаr qаydаdа həll edilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə yaranmış borcun, vaxtında ödənilmədiyi halda hesablanacaq faiz və cərimələrin, eləcədə yaranacaq məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı bildirilmişdir. Təəsüflər olsun ki, bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı Bakı 1 saylı Mediasiya təşkilatında keçirilən mediasiya sessiyasında iştirak etmiş və bu barədə 28 iyul 2022-ci il tarixdə arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı 60 (altmış) manat xərc çəkmişdir. II. Tərəflərin mövqeləri:

3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında ”Hüquq məsləhətləri üzrə xidmətlərin göstərilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh hər cari ay üzrə 1200 (bir min iki yüz) manat məbləğində xidmət haqqı ödəməyi öhdəlik götürmüşdür. 2022-ci ilin oktyabr, noyabr və dekabr aları üzrə xidmət haqqının ödənilməsi üçün cavabdehə ümumi məbləği 3600 manat məbləğində elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Lakin, cavabdeh iddiaçıya yalnız 1200 manat ödəniş etmiş, nəticədə 2400 manat borcu qalmışdır.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış Xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş, tərəflər arasında baglanmış müqavilənin, 05 yanvar 2023-cü il tarixdə imzalanmış Razılaşmanın müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə xidmət göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya müqavilənin və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia təmin edilməlidir.

14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xidmət müqaviləsinə əsasən 2400 (iki min dörd yüz) manat tutularaq iddiaçıya ödənilməlidir. VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ”Cənub Nəqliyyat Layihə” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2400 (iki min dörd yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar