Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-434/2022 19.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.08.2021-ci il tarixə 30.03.2018-ci il tarixli, 170-LD/18 nömrəli müqavilə üzrə 14.580 manat gecikdirilmiş əsas borc, 8.658,27 manat cərimə borcu və 26.05.2016-cı il tarixli, 183- LD/16 nömrəli müqavilə üzrə 2.596,42 manat gecikdirilmiş əsas borc, 2.360,09 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 28.544,78 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 24.08.2021-ci il tarixə 30.03.2018-ci il tarixli, 170-LD/18 nömrəli və 26.05.2016-cı il tarixli, 183- LD/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 24.08.2021-ci il tarixə 30.03.2018-ci il tarixli, 170-LD/18 nömrəli müqavilə üzrə 14.580 manat gecikdirilmiş əsas borc və 8.658,27 manat məbləğində cərimə borcu və 26.05.2016-cı il tarixli, 183-LD/16 nömrəli müqavilə üzrə 2.596,42 manat gecikdirilmiş əsas borc və 2.360,09 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflər arasında 07.10.2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 26.05.2016-cı il tarixli, 183-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 10 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 7.139,42 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 7.139,43 manat məbləği isə 2016-cı ilin 4-cü rübündən 2019-cu ilin 2-ci rübünə qədər hər rüb 649 manat, 2019-cu ilin 2-ci rübündə 649,43 manat məbləğində ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 26.05.2016-cı il tarixli 183-LD/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 2.596,42 manat, cərimə borcu 2.360,09 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 30.03.2018-ci il tarixli, 170-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 10 baş simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 14.580 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 14.580 manat məbləği isə ödəniş qrafikinə (əlavə 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 30.03.2018-ci il tarixli 170-LD/18 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 30.03.2018-ci il tarixində 14.580 manat, 2018-ci ilin 2-ci rübündə 0 manat, 15.09.2018-ci ildən 15.12.2020ci ilədək olan dövrdə (hər ilin bütün rüblərində ödəniş edilməklə) hər rüb üçün 1.325 manat, 27.02.2021-ci il tarixində 1.330 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 30.03.2018-ci il tarixli 170-LD/18 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 14.580 manat, cərimə borcu 8.658,27 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 3149 saylı müqavilədən görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə Cavabdeh arasında 26.05.2016-cı il tarixli, 183-LD/16 saylı və 30.03.2018ci il tarixli, 170-LD/18 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh iki lizinq müqaviləsi üzrə cəmi 17.176,42 (14.580+2.596,42 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh iki lizinq müqaviləsi üzrə cəmi 17.176,42 (14.580+2.596,42 manat) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 26.05.2016-cıcı il tarixli 183-LD/16 saylı müqavilə üzrə 150 manat və 30.03.2018-ci il tarixli 170-LD/18 saylı müqavilə üzrə 1.000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iki lizinq müqaviləsi üzrə cəmi 17.176,42 (14.580+2.596,42 manat) manat məbləğində əsas borc və 26.05.2016-cı-cı il tarixli 183-LD/16 saylı müqavilə üzrə 150 manat və 30.03.2018-ci il tarixli 170-LD/18 saylı müqavilə üzrə 1.000 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 250 (iki yüz əlli) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30.03.2018-ci il tarixli 170-LD/18 saylı müqavilə üzrə 14.580 (on dörd min beş yüz səksən) manat məbləğində əsas borc, 1000 (bir min) məbləğində dəbbə pulu; 26.05.2016-cı il tarixli 183-LD/16 saylı müqavilə üzrə 2596,42 manat (iki min beş yüz doxsan altı manat qırx iki qəpik) məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 18.326,42 manat (on səkkiz min üç yüz iyirmi altı manat qırx iki qəpik) məbləğində pul, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-434/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-434/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver