Məhkəmə qərarları › İş №e-2-2(113)-4350/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4350/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4350/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, bank uçot dərəcəsi ilə faiz, dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC iləCavabdeh MMC arasında imzalanmış 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqısatqı müqaviləsi əsasında yaranmış 22,930.95 (iyirmi iki min doqquz yüz otuz manat 95 qəpik) AZN həcmində borc məbləğinin, müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 22,930.95 AZN-in 7,25 %-i məbləğində, yəni 1662 (bir min altı yüz altmış iki) AZN məbləğində faiz məbləğinin və 3. Vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2000 (iki min) manat məbləğində vəsaitin, yəni, ümumilikdə 25,593.44 (iyirmi beş min beş yüz doxsan üç manat 44 qəpik) Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 173.68 (bir yüz yetmiş üç manat 68 qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq,İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə Cavabdeh MMC (bundan sonra “Alıcı”) arasında 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müəyyən edilmiş malları Müqavilənin şərtlərinə uyğun satır, Alıcı isə malları qəbul edib Müqavilənin şərtlərinə uyğun ödəniş edir. Müqavilənin şərtlərinə uyğun olaraq, mallar Satıcı tərəfindən mütəmadi olaraq Alıcıya təhvil verilmiş lakin Alıcı tərəfindən ƏDV daxil olmaqla, 22,930.95 (iyirmi iki min doqquz yüz otuz manat 95 qəpik) manat dəyərində mallar üçün ödəniş icra edilməmişdir. Beləliklə, Alıcının Satıcı qarşısında 22,930.95 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. Bununla bağlı İddiaçı tərəfindən Cavabdeh ilə yazılı və şifahi qaydada aparılmış danışıqlar bu günədək heç bir nəticə verməyib. Cavabdeh aldığı mallara görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir. İİ. Tələbin hüquqi əsasları 2.1. Mövcud borc məbləği ilə bağlı Müqavilələrin 4.1-ci bəndinə əsasən, mallar Alıcıya tam təhvil verildikdən sonra, Alıcı 15-30 gün ərzində ödənişi həyata keçirməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinəəsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq, mallar Satıcı tərəfindən mütəmadi olaraq Alıcıya təhvil verilmiş lakin Alıcı tərəfindən ƏDV daxil olmaqla, 22,930.95 (iyirmi iki min doqquz yüz otuz manat 95 qəpik) manat dəyərində mallar üçün ödəniş icra edilməmişdir. Beləliklə, Alıcının Satıcı qarşısında 22,930.95 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. 2.2. Faiz məbləği ilə bağlı Müqavilənin 5.1.-ci maddəsinə əsasən, Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazıminca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinəəsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Məcəllənin 600.5-ci maddəsinə əsasən isə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Belə olan halda, Mülki Məcəllənin 600.5-ci maddəsindədə göstərildiyi kimi, Cavabdeh Mülki Məcəlləsinin 449.1-ci maddəsinəəsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Mərkəzi Bankın ən son 02 may 2024-cü il tarixli məlumatına əsasən, bank uçot dərəcəsi hazırda 7,25% təşkil edir. Beləliklə, Alıcı ödəməli olduğu 22,930.95 AZNborc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə Satıcıya ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitin 7,25%-i məbləğində yəni, 1662 (bir min altı yüz altmış iki) Azərbaycan manatı məbləğində faiz də ödəməlidir. (Hesablanması: 22,930.95 x 7,25% = 1662 AZN) Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və Mülki Məcəllənin 443.2-ci maddəsinəəsasən, zərər Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən olunur. Mülki Məcəllənin 21.2- ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində İddiaçıya vurulmuş zərərin həcmi ən azı 2000 (iki min) manat həcmindədir. Belə ki, iddiaçı 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Müqavilə üzrə borcun Cavabdehdən tələb edilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olub və hüquq şirkətinə 2000 (iki min) manat məbləğində ödəniş etmək öhdəliyi götürüb. Cavabdeh borcunu ödəməklə yanaşı iddiaçıya hüquqi xidmətlər üçün ödənilmiş 2000 manat məbləğində vəsaiti də vurulmuş zərərin əvəzi olaraq ödəməlidir.

3. 03.08.2025-ci il tarixində iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 iyul 2021-ci il tarixli, 03/07- 2021 saylı Alqı-satqı müqaviləsi əsasında yaranmış 20,931 (iyirmi min doqquz yüz otuz bir) AZN həcmində borc məbləğinin, 2. Müqavilə üzrə yaranmış borcun ödənilməməsinə görə 20,931 AZN-in 7,25 %-i məbləğində, yəni 1517 manat məbləğində faiz məbləğinin və 3. Vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2710 manat məbləğində vəsaitin, yəni, ümumilikdə 25,158 Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 173.68 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 2 dəfə min manat məbləğində ödənişlər olunmuşdur. Bununla bağlı iddia tələb həcminin azaldılması ərizəni məhkəməyə təqdim etmişlər. Ondan sonra heç bir ödəniş olunmamışdır. 588564,21 manat həcmində e-qaimələr təqdim edilmişdir. 567633,21 manat ödəniş olunmuşdur. 20,931 manat məbləğində əsas borcun, 1517 manat məbləğində faiz borcunun və vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2710 manat məbləğin yəni, ümumilikdə 25,158 manat məbləğin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 173,68 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə "Satıcı" "Alıcı"ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, "Alıcı" isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən "Satıcı" Malları müvafiq sənədlərlə, Elektron qaimə faktura və hesab -faktura ilə birgə "Alıcı"ya təhvil verir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən təhvil - təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən "Satıcı" bəyan edir və zəmanət verir ki, "Alıcı"ya təchiz olunan "Mallar" Beynelxalq, Azərbaycan Respublikasının standartlarına , yüksək keyfiyyətə malik olan və istifadə müddəti adətən belə növ Mallar üçün qoyulan tələblərə uyğundur. Satıcı tərəfindən göndəriləsi Malların mənşə ölkəsində və Azərbaycan Respublikasında istifadəsi icazə verilib, onlar həmin ölkədə istifadə olunur, satılır, qeydiyyata alınır və müvafiq dövlət icazəsi mövcuddur.

13. Müqavilənin 4.1-ci bəndinə əsasən mal "Alıcı"ya tam təhvil verildikdən sonra "Alıcı" 15-30 təqvim günü ərzində Malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. Ödəniş Alıcı tərəfindən Satıcının Bank hesabına Köçürmə və ya digər ödənişlər vasitəsilə edilir.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən malın "Alıcı"ya təhvil verilməsi ilə bağlı öhdəlik "Satıcı" tərəfindən lazımınca yerinə yetirilmədikdə "Alıcı" həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.

15. Müqavilənin 4.3-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçinlə bilər.

16. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır.

17. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərini pozaraq bir - birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar.

18. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzaladağı andan qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.

19. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 55.627,53 manat məbləğində, xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 281985,84 manat məbləğində, xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında 247.036,84 manat məbləğində, xx.xx.2024-cü il tarixində 3624 manat məbləğində eqaimələr göndərilmişdir.

20. 14.07.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2021-ci il tarixində 30982,16 manat məbləğində, 2022-ci il tarixində 276.189,79 manat məbləğində, 2023-cü il tarixində 218.225,39 manat məbləğində, 2024-cü il tarixində 9000 manat məbləğində, 2025-ci il tarixində 1777,46 manat məbləğində ödənişlər edilmişdir.

21. 03.08.2025-ci il tarixli Köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ƏDV üzrə 360 manat məbləğində ödəniş edilmişdir.

22. 01.08.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 588.564,21 manat həcmində e-qaimələr göndərilmişdir. xx.xx.2025-ci il tarixinədək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə edilmiş ödənişlərin həcmi 567,633.21 manat təşkil etmişdir. Qalıq borc 20931 manat təşkil etmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Göründüyü kimi tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə "Satıcı" "Alıcı"ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, "Alıcı" isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 20931 manat ödənilməmiş borcu qalmışdır.

32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 20931 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 20931 manat borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 20931 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

34. Bununla yanaşı, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 1517 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

35. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

36. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

37. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur.

38. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir.

39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2700 manat məbləğində hüquqi yardım xərci və 173,68 manat dövlət rüsumu ödənilmişdir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 173,68 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 iyul 2021-ci il tarixli, xx/xx-2021 saylı Alqı-satqı müqaviləsi əsasında yaranmış 20931 manat əsas borc məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 173,68 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar