Məhkəmə qərarları › İş №e-2-2(113)-4352/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4352/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4352/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, alıcının əşyanı qəbul etmək vəzifəsini pozması, qanuni faiz, borclunun icranı gecikdirməsi hüquqi faktı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 aprel 2023-cü il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 82750,82 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 4137,54 manat məbləğində pulun və ödənilmiş 352 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 18 aprel 2023-cü il tarixli FUG-050/23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1 və 1.3-cü yarımbəndinə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün cavabdehin təklifini qəbul etməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında həmin malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh təhvil alınmış malların dəyərini iddiaçı tərəfindən təqdim olunan hesab-faktura və ya elektron qaimə əsasında Azərbaycan manatı ilə sonuncunun hesabına köçürülməsini təmin etməlidir. 2.2. Tərəflər arasında imzalanmış qiymət razılaşdırılması protokolu və təhvil-təslim aktlarına, göndərilmiş elektron qaimə-fakturalara əsasən aşağıda dəyəri qeyd olunmuş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır: 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılma protokoluna və xx.xx.2023cü il tarixli 013895 nömrəli elektron qaimə-fakturaya əsasən 37735 manat; 12 iyun 2023cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılma protokoluna və xx.xx.2023-cü il tarixli 365637 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil 45 015,82 manat. Odur ki yuxarıda qeyd olunanlara əsasən 82 750,82 manat dəyərində borc məbləği cavabdeh tərəfindən iddiaçıya bu günədək ödənilməmiş və cavabdeh tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. 2.3. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, iddiaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı illik 5% miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 443, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, qiymət razılaşdırma protokollarında təqdim olunması razılaşdırılan mallar cavabdehə tam təhvil verilməmişdir. Belə ki, cavabdeh malların bir hissəsini təhvil almamışdır. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən başqa şəxsdən mallar alınmış, lakin cavabdeh malları qəbul etmədiyindən hazırda həmin malların da dəyəri tələb edilir. Həmin mallar üzrə də elektron qaimlərə tərtib edilərək cavabdehə göndərilmiş, cavabdeh tərəfindən qəbul edilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, 21 iyun və 06 iyul 2023-cü il tarixli təhvil-təslim aktları ƏDV daxil olmaqla 41145,42 manat məbləğində malların təqdim edilməsi üçün tərtib edilmişdir. Həmin aktların tarixləri fərqli olsa da, mahiyyəti eynidir. Belə ki, həmin təhvil-təslim aktlarında qeyd olunan 41145,42 manat dəyərində mal 1 dəfə təhvil verilmişdir. Cavabdeh tərəfindən ümumilikdə 6792,3 manat ƏDV məbləği ödənilmiş, iddia tələbi irəli sürülərkən həmin məbləğ çıxılmışdır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, təhvil alınmayan mallarla bağlı cavabdehə ancaq şifahi müraciət edilmişdir.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi İsmail Benibil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının sentyabr ayının 22-dən sonrakı tarixə təxirə salınmasını xahiş etsə də, məhkəmənin həmin tarixdən sonra keçirilmiş 3 iclasında iştirak etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilən iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında xx.xx.2023-ci il tarixdə bağlanmış FUG-050/23 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin şərtlərindən görünür ki, «Sifarişçi» bu müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün «İcraçı»nın təklifini qəbul edir (1.1). «İcraçı» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında «Sifarişçi»yə satın alınan malların (işlərin və xidmətlərin) təhvil verilməsini öhdəsinə götürür (1.2). «Sifarişçi» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və xidmətlərin) «İcraçı »dan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür (1.3). Qiymətlərin razılaşma protokolu bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur (1.4). «Sifarişçi» malların (işlərin və xidmətlərin) dəyərini 50% olmaqla qabaqcadan «İcraçı»nın təqdim etdiyi hesab-faktura və ya elektron qaiməyə əsasən ödəməlidir (2.1). Malların (işlərin və xidmətlərin) daşınması «Sifarişçi» tərəfindən həyata keçirilir (2.2). «Sifarişçi» müqavilə bağlandıqdan sonra ödəmələrin vaxtında aparılması, müqavilə üzrə alınan malların (işlər və xidmətlərin) təxirəsalınmadan qəbul edilməsini öhdəsinə götürür (2.3). «İcraçı» malların (işlərin və xidmətlərin) müvafiq standartlara uyğun,istifadəyə yararlı,düzgün qablaşdırılmış formada olmasına zəmanət verir (2.4). «İcraçı» «Sifarişçi»ni malların (işlərin və xidmətlərin) qanunvericilikdə nəzərdə tutulmuş lazım olan sənədlərlə təmin edir (2.5). «Sifarişçi» təhvil almış malların (işlərin və xidmətlərinin) dəyərini «İcraçı» tərəfindən təqdim olunan hesab-faktura və ya elektron qaimə əsasında Azərbaycan manatı ilə «İcraçı»nın hesabına köçürülməsini təmin edir (3.1). Müqavilə «İcraçı» və ya «Sifarişçi» tərəfindən ləğv olunursa, tərəflər müqavilə üzrə ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər (3.2).

12. Həmin müqavilənin 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaqla 44527,3 manat dəyərində malın qiyməti, 12 iyun 2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaq 45015,82 manat dəyərində malın qiyməti razılaşdırılmışdır.

13. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxs tərəfindən möhürlə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaq 5389,06 manat, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 23072,54 manat, 14 iyun 2023-cü il tarixli 070/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 9953,3 manat və 21 iyun 2023-cü il tarixli 075/23, 06 iyul 2023-cü il tarixli 092-2/23 nömrəli akt (qeyd edilən 2 akt eyni məbləğdə mal üçün tərtib edilmişdir) əsasında ƏDV daxil olmaqla 41145,42 manat olmaqla ümumilikdə 79560,32 manat dəyərində mal cavabdehə təhvil verilmişdir.

14. İş materiallarına əlavə edilən elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDE 013895 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 44527,3 manat, xx.xx.2023-cü il tarixli EBDİ 365637 seriya və nömrəli elektron qiamə ƏDV daxil olmaqla 45015,82 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 89543,12 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmiş, hər iki elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDE 013895 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 6792,3 manat ƏDV məbləği cavabdeh tərəfindən sub-hesaba köçürülmüşdür.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış FUG-050/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə satın alınan malların təhvil verilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürmüş, 18 aprel 2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaqla 44527,3 manat, 12 iyun 2023-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən ƏDV daxil olmaq 45015,82 manat olmaqla ümumilikdə 89543,12 manat dəyərində malın qiyməti razılaşdırılmış, iddiaçı həmin müqavilə əsasında 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaq 5389,06 manat, 26 aprel 2023-cü il tarixli 048/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 23072,54 manat, 14 iyun 2023-cü il tarixli 070/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 9953,3 manat və 21 iyun 2023-cü il tarixli 075/23, 06 iyul 2023-cü il tarixli 092-2/23 nömrəli akt (qeyd edilən 2 akt eyni məbləğdə mal üçün tərtib edilmişdir) əsasında ƏDV daxil olmaqla 41145,42 manat olmaqla ümumilikdə 79560,32 manat dəyərində malı cavabdehə təqdim etmiş, ƏDV daxil olmaqla 89543,12 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə tərtib edərək cavabdehə göndərmişdir. Razılaşdırılan mallardan 9982,8 manat (qiymət razılaşdırma protokolunda razılaşdırılan: 89543,12 manat-təhvil verilmiş malların dəyərini təşkil edən: 79560,32 manat) dəyərində mal təhvil verilməmişdir. Cavabdeh tərəfindən ümumilikdə 6792,3 manat ƏDV məbləği ödəniş edilmişdir.

17. İddiaçı xx.xx.2023-ci il tarixli FUG-050/23 nömrəli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş və təhvil verilməmiş, lakin qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulan malların qalıq dəyərinin – 82750,82 manat (qiymət razılaşdırma protokolunda razılaşdırılan: 89543,12 manat – ödənilən: 6792,3 manat) məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, baxmayaraq ki tərəflər arasında bağlanmış müqavilədə mallarının dəyərinin 50%-nin qabaqcadan ödənilməsi razılaşdırılmışdır, tərəflər arasındakı işgüzar münasibətlərin bu yöndə olmadığı nəzərə alındığında həmin müqavilə faktiki olaraq nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının təhvil verilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı tələbinin bir hissəsində qeyd edilən hüquq normasından irəli gələn təhvil verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) təhvil alınmış malların dəyərini iddiaçıya ödəməlidir.

36. Məhkəmə iddia tələbinin qalan hissəsinə (təhvil verilməmiş mallarla bağlı) münasibətdə isə göstərir ki, iddiaçı həmçinin qiymətlərin razılaşdırılması protokoluna əsasən razılaşdırılmış, lakin təhvil verilməmiş 9982,8 manat dəyərində malın da ödənilməsini tələb edir. Belə ki, iddiaçı qiymət razılaşdırma protokolunda razılaşdırılan 89543,12 manat malın dəyərindən cavabdeh tərəfindən ödənilən 6792,3 manat ƏDV məbləğini çıxmaqla qalan 82750,82 manat pulun tutulmasını tələb edir və bildirir ki, cavabdeh həmin malları qəbul etməkdən imtina etmiş, lakin iddiaçı cavabdehə təqdim etmək üçün həmin malları üçüncü şəxsdən almışdır.

37. Məhkəmə həmin hissədə iddianı əsassız hesab edir.

38. Belə ki, Mülki Məcəllənin 596-cı maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

39. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normasında alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mülki qanunvericilikdə satıcının alıcıdan əşyanı qəbul etməyi tələb etmək və ya müqavilənin icrasından imtina etmək hüquqları təsbit edilmişdir. Digər tərəfdən hazırkı halda iddiaçının müvafiq əşyanın alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, əşyaların təhvil alınması ilə bağlı cavabdehə bildiriş göndərilməsi və ya cavabdehin həmin əşyaları almaqdan imtina etməsi barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (iddiaçının nümayəndəsi/vəkili ancaq şifahi müraciət olunduğunu bildirmişdir). Digər tərəfdən, iddiaçı özü malların bir hissəsinin təhvil verilmədiyini bildirdiyindən təqdim edilən xx.xx.2023-cü il tarixli EBDE 013895 və xx.xx.2023-cü il tarixli EBDİ 365637 seriya və nömrəli elektron qiamələr 9982,8 manat malın da təqdim edildiyinin sübutu kimi çıxış edə bilməz.

40. Ona görə də məhkəmə hesab edir ki, təhvil verilməyən malların dəyərini təşkil edən 9982,8 manat məbləğində pulun tutulması hissəsində iddia əsassız olduğundan rədd olunmalıdır.

41. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli FUG-050/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 72768,02 manat (təhvil verilən malların dəyəri: 79560,32 manat – ödənilən: 6792,3 manat və ya ödənilən məbləğ çıxılmaqla tələb olunan: 82750,82 manat- təhvil verilməyən malların dəyərini təşkil edən: 9982,8 manat) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

42. İddia ərizəsində iddiaçı həmçinin öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizlə hesablanmaqla 4137,54 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

43. Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

44. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4).

45. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

46. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

47. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.

48. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

49. Lakin tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli FUG-050/23 nömrəli alqısatqı müqaviləsinin 2.1-ci bəndində sifariş dəyərinin 50%-nin avans şəklində ödənilməsi razılaşdırılsa da, bu şərtə riayət edilməmiş, malların dəyərinin ödənilməsi üçün dəqiq təqvim tarixi şərtləşdirilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.

50. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 35 gün üçün həyata keçirilməlidir.

51. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 348,89 manat (72768,02 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 35 gün (gecikdirilən gün sayı)) təşkil edir.

52. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 348,89 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

53. İddiaçı eyni zamanda ödənilmiş 352 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 352 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 300 manat məbləğində pul 20 saylı vəkil bürosunun vəkili Vəkil hesabına köçürülmüşdür (xx.xx.2024cü il tarixli hüquqi yardım müqaviləsi; xx.xx.2024-cü il tarixli EO-1937CK-0407/24 nömrəli elektron vəkil orderi).

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

60. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

61. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 296 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 18 aprel 2023-cü il tarixdə bağlanmış mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 72768 (yetmiş iki min yeddi yüz altmış səkkiz) manat 02 (iki) qəpik əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 348 (üç yüz qırx səkkiz) manat 89 (səksən doqquz) qəpik olmaqla ümumilikdə 73116 (yetmiş üç min yüz on altı) manat 91 (doxsan bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 296 (iki yüz doxsan altı) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar