Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-437/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən ödənilməmiş 15.850,92 (on beş min səkkiz yüz əlli dollar 92 sent) ABŞ dolları məbləğində pul öhdəliyinin məcburi olaraq alınması, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 1 il üçün həmin məbləğin 793,00 (yeddi yüz doxsan üç) ABŞ dolları məbləğində faizin, dövlət rüsumu və bank xərci olaraq 31,00 (otuz bir manat) məbləğində xərcin, cəmi 28.326,00 (iyirmi səkkiz min üç yüz iyirmi altı) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC “xxxx” QSC-nin törəmə müəssisəsidir və dəmir yolları sahəsində daşıma və nəqliyyat xidmətləri üzrə ixtisaslaşmışdır. Şirkətlə cavabdeh arasında 16-AZRT-029 saylı, xx.xx.2016 tarixli nəqliyyat xidmətlərinə dair müqavilə imzalanmışdır və həmin müqavilə əsasında şirkət icraçı olaraq cavabdehə dəmir yolları ilə daşıma xidmətləri göstərmişdir. Müqavilə əsasında cavabdehə göstərilmiş xidmətlərə görə xidmət haqqının bir qismi yəni – 15.850,92 (on beş min səkkiz yüz əlli dollar 92 sent) ABŞ dolları cavabdeh tərəfindən ödənilməmiş və bu barədə ona dəfələrlə şifahi və yazılı (telefon danışığı, votsap və meyl yazışması ilə) tələb irəli sürülmüşdür. Sonuncu dəfə pretenziya məktubu ilə cavabdehə xx.xx.2020-ci il tarixində müraciət edilərək ən geci 5 gün ərzində borclu olduğu məbləği hissə-hissə ödəmək təklif olunmuş, ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin hazırki vaxtadək cavabdeh tərəfindən hər hansı bir məbləğ ödənilməmişdir və hazırda onun borcu 15.850,92 (on beş min səkkiz yüz əlli dollar 92 sent) ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -tərəflər arasında bağlanmış 16-AZRT-029 saylı xx.xx.2016-cı il tarixli nəqliyyat xidməti müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişinə əsasən aşagıdakı əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməsi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürür. Hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır.1) ekspedisiya xidməti (tələb olunan marşrut hissəsi və ya hissələri üzrə); 2) yüklərin daşınması; 3) gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi; 4) yükvurma-yükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi; 5) yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanılması; 6)yüklərin anbarda saxlanılması; 7) tərəflərin razılığı ilə digər əməliyyatlar. -Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlər üçün ödənişi icraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir. -Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmayıbsa sifarişçi ödənişi 100% qabaqcadan hesab-faktura təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində nağd və ya icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. -Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən olunur. -Həmin müqavilənin 2.6-cı bəndinə əsasən əgər sifarişçinin təqsiri nəticəsində nəqliyyat vasitəsi gömrükləmə və emal zamanı müəyyən olunmuş müddətdən artıq saxlanarsa, sifarışçi gecikdirilmiş hər gün və hər nəqliyyat vasitəsi üçün cərimə ödəyəcəkdir. -Həmin müqavilənin 3.2.6-cı bəndinə əsasən sifarişçi xidmət haqqını vaxtlı-vaxtında ödəyir. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. -Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarışçi hesab-fakturanın məbləğinin 0,5 % həcmində dəbbə ödəməlidir. -xx.xx.2019-cu il tarixli proforma fakturasından görünür ki, göstərilən xidmətlərin dəyəri 5350,2 ABŞ dolları təşkil etmişdir. -EBAP seriyalı 904924 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən göstərilən xidmətlərin dəyəri 46944,53 manat təşkil etmişdir. -üzləşmə aktından görünür ki, dekabr 2018-ci il-dekabr 2019-cu il dövrü üzrə xx.xx.2019-cu il tarixinə Cavabdeh (Gəncə) şirkətinin İddiaçı QSC-yə qalıq borcu 832,86 ABŞ dolları təşkil edir. -üzləşmə aktından görünür ki, 2019-cu il dövrü üzrə xx.xx.2019-cu il tarixinə Cavabdeh (Xırdalan) şirkətinin İddiaçı QSC-yə qalıq borcu 9331,83 ABŞ dolları təşkil edir. - xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 2019-cu ilin fevral ayı üzrə göstərilən xidmətlərin dəyəri ümumilikdə 31.550 ABŞ dolları təşkil etmişdir. -xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə borcun hissə-hissə ödənilməsinin razılaşdırıldığını nəzərə alaraq pretenziya mektubunun alındığı tarixdən 5 gün ərzində borc məbləğinin hissə-hissə hər ay ən azı borc məbləğinin 1/3 (üçdə bir) hissəsinin ödənilməsini tələb etmiş, məsələnin danışıqlar yolu ilə həll edilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh 16-AZRT-029 saylı, xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda müqavilə ödənişləri üzrə borcunun olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh 10.164,69 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 1 il üçün həmin məbləğin 793,00 (yeddi yüz doxsan üç) ABŞ dolları məbləğində faizin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizə uyğun olaraq 508 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəflər arasında bağlanmış 16-AZRT-029 saylı, xx.xx.2016-cı il tarixli xidmət müqaviləsi üzrə qalıq 10.164,69 (on min yüz altmış dörd dollar altmış doqquz sent) ABŞ dolları əsas borcu, 508,00 (beş yüz səkkiz) ABŞ dolları məbləğində faiz borcu, ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə olan məzənnə üzrə 10.164,69 (on min yüz altmış dörd dollar altmış doqquz sent) ABŞ dolları , faiz borcu olaraq 508,00 (beş yüz səkkiz) ABŞ dolları , cəmi 10672,69 (on min altı yüz yetmiş iki dollar altmış doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-437/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-437/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver