Məhkəmə qərarları › İş №e-2-2(113)-437/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-437/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-437/2022 21.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh X1rşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh X2 22.405,70 manat məbləğində borcun, 200 manat həcmində mediasiya rüsumunun, o cümlədən 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh X5 arasında xam süd (bundan sonra mal adlandırılacaq) alqısatqısına dair 15 mart 2019-cu il tarixili JV20120319/GDF/15 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı "xxxx" MMC satıcı, Cavabdeh X5 isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuşdur ki, təhvil verilmiş mallarında dəyərinin hesablaşma qaydası həftədə bir dəfə olmaqla təqdim edilmiş qaimə əsasında ödəniləcəkdir. Lakin hazırda alıcı tərəfindən almış olduğu mallara dair borc məbləği yaranmışdır. Həmin məbləğ 22.405,70 manat təşkil edir. Belə ki, tərəflər arasında təsdiqlənmiş ən son üzləşmə aktı 22.405,70 manat olmuşdur. Beləliklə, qeyd edildiyi kimi Satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bi rçatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirərək borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdehin bu günə olan borc məbləği 22.405,70 manatdır. Qeyd edilən 22.405,70 manat həcmində olan borc məbləği ilə bağlı 678608, 455096, 650178, 972685 saylı elektron qaimə tərəfə göndərilmişdir. Borc məbləği ödənilmədiyindən, satıcı tərəfindən 25 iyun 2021-ci il tarixində cavabdehə 29/21 saylı pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Mediasiya haqqında” qanunun tələblərinə müvafiq olaraq iddiaçı məhkəməyə müraciət etməzdən öncə müvafiq məcburi mediasiya sessiyasını keçmişdir, lakin cavabdeh şirkət mediasiyada iştirakdan imtina etdiyi üçün mediasiya prosesi baş tutmamış və bununla əlaqədar “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 12.11.2021-ci il tarixli 2021-005958 saylı arayış verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh X5 (alıcı) arasında 15 mart 2019-cu il tarixdə JV20120319/GDF/15 saylı süd alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə xam südü (bundan sonra – mal) alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən südün hər litri 0,65 manat olacaqdır. Lakin bu qiymət alıcı və satıcı tərəfindən gələcək dövrlərdə bazar qiymətlərinə uyğun olaraq dəyişə bilər. Bu dəyişiklik əlavə qiymət razılaşma protokolunda öz əksini tapacaq. 4.3-cü bəndinə əsasən alıcı tərəfindən qəbul edilmiş malın dəyəri həftədə bir qaimə faktura əsasında satıcıya köçürmə və ya nağd yolla ödənilir. 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. 5.3-cü bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o eyni şərtlərlə daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 15 mart 2019-cu il tarixli JV20120319/GDF/15 saylı müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşma protokoluna əsasən İddiaçı MMC ilə Cavabdeh X5 1 litr südün qiymətini 0,65 manat olaraq razılaşdırmışlar. Əlavə nömrə 1 (protokol) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən 1 litrin qiyməti 0,65 manat, ümumi dəyəri 21060 manat olan 32400 litr südün (malın) verilməsinə dair 27.04.2019-cu il tarixli, EAAT seriyalı, 678608 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh X4 göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 2640 manat məbləğində olan malların verilməsinə dair 15.05.2019-cu il tarixli, EAAU seriyalı, 455096 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh X4 göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 152 manat məbləğində olan malların verilməsinə dair 25.07.2019-cu il tarixli, EAAX seriyalı, 650178 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh X4 göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 740 manat məbləğində olan malların verilməsinə dair 10.07.2019-cu il tarixli, EAAW seriyalı, 972685 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh X4 göndərilmişdir. - İddiaçı MMC ilə Cavabdeh X5 arasında olan qarşılıqlı hesablaşmalar üzrə 23.09.2020-ci il tarixli üzləşdirmə aktında Cavabdeh X4 ümumilikdə 63.068,85 manatlıq mal satıldığı, həmin puldan 40.663,15 manat ödəniş edildiyi, Cavabdeh X3 İddiaçı MMCyə 23.09.2020-ci il tarixə qalıq borcunun 22.405,70 manat məbləğində olduğu qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh X4 pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh X5 arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh X3 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil olmaqla 22.405,70 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– ƏDV daxil olmaqla 22.405,70 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh X2 22.405,70 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 157,22 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 15.03.2019-cu il tarixli JV20120319/GDF/15 saylı süd alqı-satqısı müqaviləsi üzrə 22.405,70 manat (iyirmi iki min dörd yüz beş manat yetmiş qəpik) məbləğində borc, vəkil xidmətlərinə görə çəkilmiş xərclərin əvəzi olaraq 150 (yüz əlli) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar