Məhkəmə qərarları › İş №e-2-2(113)-4372/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4372/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4372/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC”-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC”-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC”-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən və X8 Məsuliyyətli Cəmiyyətindənİddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətiarasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəlialqı-satqı müqaviləsinə və 24 fevral 2023-cü il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə X8 Məsuliyyətli Cəmiyyəti arasında PL029 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqımüqaviləsi bağlanmışdır. Eyni zamanda həmin gün 24 fevral 2023-cü il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə X8 Məsuliyyətli Cəmiyyəti arasında PL029 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Bildiyimiz kimi lizinq müqaviləsi üzrə üç tərəf – satıcı, lizinq verən və lizinq alan iştirak edir. Lizinq münasibətlərini tərəflər öz aralarında tənzimləmək məqəsədi ilə ya bir müqavilə ilə hər üç tərəf arasında olan münasibətlər nizama salınır, ya da iki müqavilə - alqı-satqımüqaviləsi və lizinq müqaviləsi ilə tənzimlənir. Hazırki iddia üzrə üç tərəf Aqrofun MMC satıcı qismində, Parners Leasing QSC lizinq verən qismində, Agro Land MMC isə lizinq alan qismində iştirak edirlər. 24 fevarl 2023-cü il tarixli Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə X8 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış PL029 nömrəli lizinq müqaviləsinə və İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətiarasında bağlanmış ASL029 nömrəlialqısatqımüqaviləsinə görə satıcıAqrofun MMC Agro Land MMCə təqdim etməli və Partners Leasing MMC isə Agro Land MMC-dən aldığı ödənişləri Aqrofun MMC-ə ödəməlidir. Belə ki tərəflər arasında bağlanmış ASL029 nömrəli alqı-satqı Müqaviləsinin 3.4-cü maddəsinə əsasən, alıcı - Cavabdeh1 QSC, satıcının təqdim etdiyi və alıcı tərəfindən mübahisələndirilməyən hesab-faktura əsasında ödənişisatıcının bank hesabına köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh1 QSC ilə üçüncü tərəf olan "xxxx" MMC arasında da 24 fevral 2023-cü il tarixində PL029 nömrəli lizinq müqaviləsi əsasən Cavabdeh1 QSC lizinq verən, "xxxx" MMC isə lizinq alan qismində çıxış etmişdir. Həmin Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən, lizinq obyektinin dəyərinin müəyyən hissəsi dövlət tərəfindən subsidiya formasında, digər hissəsi isə ilkin ödəniş kimi lizinq alandan ödənilməlidir. Həmin müqavilənin 4.4cü bəndinə görə lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Həmin müqavilənin 4.9-cu bəndinə uyğun olaraq lizinq alan lisinq ödənişini gecikdirdikdə ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1 faizinə bərabər dəbbə pulu ödənilməlidir. Həmin müqavilənin 5.8-ci maddəsinə görə lizinq alanla satıcı və ya lizinq verən arasında lizinq obyekti ilə əlaqədar hər hansı mübahisənin olması və belə mübahisəli vəziyyətin davam etməsi lizinq alanı lizinq ödənişi ödəmək öhdəliyindən azad etmir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsinin Prembulasında göstərilir ki, alıcı (Lizing Partners MMC ) lizinq xidmətlərinin göstərilməsi ilə məşğuldur. X3 satmaq,alıcı isə xüsusi olaraq X4 alana lizinqə vermək üçün almaq niyyətindədir. Həmin Müqavilənin 2.1-ci bəndinə görə X3 bu Müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq Lizinq alana lizinq vermək məqəsi ilə lizinq obyektini qəbul etməyi və qiyməti bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öz üzərinə götürür. Müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı Aqrofun MMC öz ödəliyini yerinə yetirməsinə , malı lizinq alana təhvil verməsinə baxmayaraq, nə Cavabdeh1 QSC, nə də "xxxx" MMC öz maliyyə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MMC müqavilə üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Belə ki, suvarma sistemi vaxtında təhvil verilmiş, müvafiq sənədlər və hesab-faktura təqdim olunmuşdur. Müvafiq olaraq İddiaçı MMC-nin qanuni tələblərinə baxmayaraq, Cavabdeh1 QSC və Agro Land MMC bu borcu könüllü şəkildə bu günə qədər ödəməmişdir. İddiaçı tərəfindən 17 mart 2025-ci il tarixində cavabdehlərə yazılı pretenziya göndərilmiş, həmin pretenziyada 13 aprel 2025-ci il tarixinədək 170000 manat borcun ödənilməsi tələb olunmuşdur. Lakin cavabdehlər bu pretenziyaya bu günə qədər cavab verilməmiş və tələb olunan borc məbləği ödənilməmişdir. Yaranmış vəziyyət nəticəsində İddiaçı MMC maliyyə sıxıntıları ilə üzləşmiş, digər kommersiya və hüquqi şəxslərə olan öhdəliklərini icra etməkdə çətinliklər yaşamışdır. Borcun könüllü şəkildə ödənilməməsisəbəbindən iddiaçıməcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Bu baxımdan, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində yaranmış 170.000 manat borcun məhkəmə qaydasında iddiaçıya ödənilməsi, habelə cavabdehdən gecikməyə görə faizlərin və məhkəmə xərclərinin tutulması tələb olunur.

3. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz edərək, İddiaçı Aqrofun” MMC-nin, cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən və X8 Məsuliyyətli Cəmiyyətindən İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsinə və 24 fevral 2023-cü il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında PL029 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia tələbi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının, cavabdeh "xxxx" MMC-yə qarşı iddia qaldırmaq hüququ yoxdur. Çünki, "xxxx" MMC -nin iddiaçı qarşısında öhdəliyini müəyyən edən müqavilə mövcud deyil. İddiaçı hüquqi normaları səhv təfsir edərək qeyd edir ki, lizinq müqaviləsi üçtərəfli müqavilədir. Bu səbəbdən dəymiş ziyan lizinq verənlə lizinq alan tərəfindən müştərək olaraq ödənilməlidir. Qanunvericiliyə əsasən lizinq müqaviləsi üçtərəfli bağlana bilər. Lakin, hazırki iş üzrə fərqli subyektlər arasında fərqli müqavilələr bağlanmışdır. Heç bir müqavilədə cavabdeh "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliyini müəyyən edən norma mövcud deyil. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında üçtərəfli müqavilə bağlansaydı belə, yenə lizinq alanın satıcı qarşısında öhdəliklərini müəyyən edən şərtlər olmadığı halda satıcının lizinq alana qarşı tələb hüququ yarana bilməzdi. Qanunun aşağıdakı normalarından da göründüyü kimi lizinq əməliyyatı satıcı ilə lizinq verən arasında və lizinq verən ilə lizinq alan arasında bağlanmış ayrı-ayrı müqavilələrlə baş verir. Müqavilələr üçtərəfli və ya ayrı-ayrı olsa belə mahiyyət dəyişmir. Mövcud müqavilələr üzrə Cavabdeh1 QSC-nin iddiaçı qarşısında, "xxxx" MMC-nin isə Cavabdeh1 QSC qarşısında hüquq və öhdəlikləri yaranmışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etdi ki xx.xx.2023-cü il tarixdə “Partner” şirkəti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin gün "xxxx" MMC ilə “Partner” şirkəti arasında lizinq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, 170.000 manat dəyərində suvarma sistemləri “Partner” tərəfindən "xxxx" MMC-yə satılmış, "xxxx" isə həmin sistemləri lizinqə götürmüşdür. “Aqro Funa” ödəniş edilməmişdir. Məhkəmə icraatı zamanı malın alqı-satqısı məsələsi araşdırılmış, gömrük bəyannamələri təqdim edilmişdir. Suvarma sistemləri 2022-ci ilin yayında Qəbələ rayonunun Vəndam kəndində quraşdırılmışdır. Müqavilə şərtlərinə əsasən, lizinq müqaviləsi yeni bağlanmış sənəd olmaqla, sistemlərin "xxxx" tərəfindən təhvil alındığı faktla da təsdiq olunur. Lizinq müqaviləsinin 3-cü maddəsində bu hal açıq şəkildə qeyd edilmişdir. Tərəflər arasında təhvil-təslim atı olmamışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd etdi ki, oxşar proseslər zamanı da malların gətirilməsinə dair gömrük bəyannamələrinin təqdim edilməsi onların bizə təhvil verilməsini təsdiq etmir. Həmin sənədlər nə lizinq alana, nə də lizinq verənə malların faktiki təhvil verilməsini sübut etmir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən X3 bu Müqavilədə müəyyən edilmiş şənlərlə Alıcıya satmağı.alıcı isə xüsusi olaraq Lizinq alana lizinqə vermək məqsədilə Lizinq Obyektini qəbul etməyi və Qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən X2 tərəfindən Alıcıya təhvil verilməsi hər iki Tərəfin və ya onların səlahiyyəti; nümayəndələrinin Təhvil-Təslim Aktını imzalaması ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. Cavabdeh1 QSC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli PL029 saylı lizinq müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Lizinq verən X4 alanın müraciəti əsasında Lizinq Ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın istifadəsinə təqdim edir. - 3.1-ci bəndinə əsasən X7 Minmə Tarixində qüvvəyə minir və ona bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə vaxtından əvvəl xitam verilməsi hallan istisna olmaqla, Tərəflərin bu Müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərinin tam şəkildə icra edilməsinədək qüvvədə qalır. Lizinq verənə vurulmuş zərərin əvəzinin Lizinq alan tərəfindən Lizinq verənə ödənilməsini ehtiva edən müddəalar bu Müqaviləyə xitam verildikdən sonra da öz hüquqi qüvvəsini saxlayır. - 4.4-cü bəndinə görə lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. - 4.9-cu bəndinə uyğun olaraq lizinq alan lisinq ödənişini gecikdirdikdə ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1 faizinə bərabər dəbbə pulu ödənilməlidir. - 5.8-ci maddəsinə görə lizinq alanla satıcı və ya lizinq verən arasında lizinq obyekti ilə əlaqədar hər hansı mübahisənin olması və belə mübahisəli vəziyyətin davam etməsi lizinq alanı lizinq ödənişi ödəmək öhdəliyindən azad etmir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

13. xx.xx.2023-cü il tarixli PL029 saylı lizinq müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 saylı Əlavə imzalanmışdır.

14. xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) Garant LLC tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı ünvanlanmış ümumi invoys dəyəri 92000 ABŞ dolları olan damla sulama sistemi AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.

V. Tətbiq edilən hüquq:

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

17. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

18. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Vİ.Məhkəmənin mövqeyi:

21. İşin hallarından görünür ki,hazırki iddia iki cavabdehə Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı yönəlmişdir.

22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında işin mübahisələndirilən halı, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti aralarında alqı-satqı müqaviləsi imzalanmasına baxmayaraq, həmin alqı-satqı müqaviləsinin predmeti olan suvarma sistemi ümumiyyətlə alıcıya təhvil verilmədiyini qeyd edərək iddianın rədd edilməsini xahiş edir. Cavabdeh və "xxxx" MMC iddiaçı ilə aralarında heç bir müqaviləin olmamasını və tələb edilən pul məbləöinin nlardan tələb edilməsi üçün heç bir qanuni əsasın və müqavilə əsasının olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir.

23. İddianın Cavabdeh1 MMC-yə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixli ASL029 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehə malların təqdim etdiyini, lakin cavabdehin həmin malların dəyərini tam ödəmədiyini, nəticədə həmin müqavilə üzrə cavabdehin ona 170000 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun cavabdehdən tutulmasını tələb edir.

24. Hazırki iş üzrə yalnız tərəflər arasında imzalanmış alqı-satqı,lizinq müqavilələri və xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi təqdim edilmişdir.

25. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixli ASL029 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən X2 tərəfindən Alıcıya təhvil verilməsi hər iki Tərəfin və ya onların səlahiyyəti; nümayəndələrinin təhvil-təslim Aktını imzalaması ilə həyata keçirilir. Lakin iddiaçı tərəfindən malın təhvil verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

26. xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi isə yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinin predmeti olan malın göndərən (ixracatçı) Garant LLC tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı ünvanlanmış ümumi invoys dəyəri 92000 ABŞ dolları olan damla sulama sistemi AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilməsini təsdiq edir.Odur ki, həmin bəyannamə malın məhz Cavabdeh1 MMC təhvil verilməsini təsdiq edən birbaşa və ya dolayı sübut kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə qeyd edir ki, iddiaçı 170000 manat dəyərində malların cavabdehə verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmişdir.İddiaçı tərəfindən elektron qaimələrlə yanaşı borcun əsaslığını sübut edən digər sənədlər iddiaçının nümayəndəsinə məhkəmənin hazırlıq iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq, (təhvil-təslim aktı, borcların üzləşdirilməsi aktı, elektron qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi barədə sənəd və s.) məhkəməyə təqdim edilməmişdir.

28. Odur ki, işin yuxarıda göstərilən halları ilə cavabdeh İddiaçı MMC-nin iddiaçı Cavabdeh1 MMC-yə alqı-satqı müqaviləsi üztə 170000 manat məbləğində borcunun olması öz təsdiqini tapmır və həmin məbləğin cavabdehdən tutulması hissəsində iddia rədd edilməlidir.

29. İddianın cavabdeh "xxxx" MMC-yə aid olan hissədə məhkəmə qeyd edir ki, Məhkəmə belə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia qaldırsa da belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun, qanuni və müqavilə əsasının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

30. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

31. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

32. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. İşin hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında mübahisə predmeti olan avadanlıq barəsində öhdəlik hüquq münasibətləri yaranmamışdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yaranması İddiaçı MMC-nin heç bir hüququnu pozmamışdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlərə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı və ona görə də iddia təmin edilməməlidir.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 460 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

37. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC”- yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu kimi 460 (dörd yüz altmış) manat pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar