Məhkəmə qərarları › İş №e-2-2(113)-4373/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4373/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4373/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müqavilə üzrə pul öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56,853,00 manat əsas borc olmaqla, 9,949,27 manat faiz borcu və 288,81 cərimənin, ümumilikdə 67.091,05 məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. 09 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçınə olan 67.091 manat məbləğində borcun tutulması ilə bağlı iddia tələbini faiz borcun tutulması hissəsində 9,949,27 manat miqdarında azaldaraq, 57141 manat məbləğin tutulmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinin rəisi, polkovnik X3 ilə İddiaçı, direktor X2 arasında satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi-Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi icraçıya -"xxxx" MMC-yə 149,860,0 manat ödəməli, icraçı isə əvəzində 1270 ədəd helium qazınısifarişçiyə verməli idi. Lakin sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, icraçıya verəcəyi 149,860,0 manat pul məbləğinin 56,853,00 manatını ödəməkdən yayınmışdır. xx.xx.2021-ci il tarixdə tərəflərindən EBAW seriyalı 843257 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Bu zaman Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi tərəfindən 63.720,00 manat borc ödənilməli idi. 27 dekabr 2021-ci ildə cavabdeh tərəfindən 6867,00 manat müqavilə üzrə qeyd edilmiş bank hesabına ödənilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Məsələ ilə əlaqədar cavabdeh Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə 2 məktub ünvanlanmışdır. Lakin hələ də 56,853,00 (əlli altı min səkkiz yüz əlli üç) manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı ilkin mediasiyada iştirak etmək üçün tərəflərindən müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 11.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər əsasında ən qısa müddət ərzində, lakin 15 iş günündən gec olmamaq şərtilə aparılır. Müqavilənin 11.8-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0.001 faizcərimə hesablanır. Artıq 508 gündür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini gecikdirərək icra etmir. Buna əsasən, cavabdehin (56,853,00x0.001%)/100x508=288,81 cərimə borcu yaranmışdır.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə verdiyi etirazı onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi hesab edir ki, cavabdehin şikayəti əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslarla təmin edilməməlidir: Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə "Günay-C” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və ümumi dəyəri 149 860.00 (yüz qırx doqquz min səkkiz yüz altmış) manat olan 107 nömrəli satınalma müqaviləsinin (təsdiq edilmiş surəti işə əlavə olunmuşdur.) şərtlərinə əsasən cavabdeh müqavilədə qeyd olunan müddətdə bir ədədinin qiyməti 118 manat olmaqla içərisində 6m3 helıum qazı olan 1270 ədəd balonu hissə-hissə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verməli idi. "Günay-C” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021 -ci il tarixdə 63 720 manat məbləğində içərisində 6m3 helium qazı olan 540 ədəd balonu aidiyyəti üzrə təhvil vermişdir. İddiaçı 56.853 manat məbləğində qalıq borcun Müdafiə Nazirliyi tərəfindən ona ödənilməsinin təmin edilməsi üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.01.10 2020-ci il tarixli 107 nömrəli satınalma müqaviləsinin 11.8-ci bəndində gecikdirilmiş hər gün üçün 0.001 faiz cərimə nəzərdə tutulmasına baxmayaraq “Günay-C" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Kommersiya məhkəməsinə ünvanlanmış iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi əsas götürülərək 56 853 manat məbləğində əsəs qalıq borcun 5% həcmində 3553.31 manat və həmin məcəllənin 449.1 -ci maddəsi əsas götürülərək isə əsəs qalıq borcun 9% həcmində 6395.96 manat olmaqla, bundan əlavə 508 gün üçün 0,001 faiz olmaqla 288.81 manat, ümumilikdə 10238.08 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465-ci maddəsinin (Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi) 2-ci bəndinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin məcəllənin 439.3-cü maddəsində “Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır” qeyd edilmişdir.Sözügedən Məcəllənin 439.3-cü maddəsinə əsasən Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 107 nömrəli satınalma müqaviləsinin 11.8-ci bəndində gecikdirilmiş hər gün üçün 0.001 faiz cərimə nəzərdə tutulması nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 56 853 manat məbləğində əsəs qalıq borcun 5% həcmində 3553.31 manat və qalıq borcun 9% həcmində 6395.96 manat olmaqla cərimə tələb etməsi əsassızdır, lakin gecildirilmiş hər gün üçün 0,001 faiz olmaqla 288.81 manat cərimənin hesablanması müqavilə şərtlərinə uyğun gəlir. Müdafiə Nazirliyi tərəfindən sözügedən borcun vaxtında ödənilməsinin mümkün olmaması müvafiq xərc maddəsində pul vəsaitinin olmaması ilə əlaqələndirilir. Buradan da aşkar görünür ki, Müdafiə Nazirliyi borc pul vəsaitinin qəsdən ödənilməməsi, qarşı tərəfin borcunu qanunsuz saxlanılması kimi bir hərəkətlər etməmişdir. Müqavilənin bağlanılması tarixindən də görünür ki, xx.xx.2020-ci il tarixli 107 nömrəli satınalma müqaviləsi o zaman Azərbaycan-Ermənisan respublikaları arasında mövcud olmuş təmas xətti boyunca Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşı başladılmış 44 günlük Vətən müharibəsi dövründə bağlanmışdır və həmin zaman xərc maddələri üzrə pul vəsaiti ölkənin müdafiəsinin və düşmən üzərində şanlı qələbənin təmin olunması üçün yaranmış təcili tələbatla əlaqədar daha zəruri vasitələrin alınmasına, habelə postmüharibə dövründə zəruri infrasturkturun və digər zəruri malların alınmasına yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində (Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması) “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Müdafiə Nazirliyi hesab edir ki, qeyd edilənlər, cavabdehin o zamankı - 44 günlük Vətən müharibəsi dövründə və hazırki antiterror əməliyyatlarının aparılması ilə əlaqədar mövcud maliyyə vəziyyəti nəzərə alınaraq iddiaçı tərəfindən əsassız hesablanaraq tələb olunan cərimə məbləğləri hissəsində iddia Məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçı əsas borc üzrə iddia tələbi 56 853,0 (əlli altı min səkkiz yüz əlli üç) manat hissədə təmin olunmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 məhkəməyə izahat verərək, sonuncu dəqiqləşmə ərizəsini müdafiə etdiyini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinin cavabdehlər sırasında çıxarılaraq və iddia tələbinin 56,853 manat əsas və 288 manat cərimə hissəsində tam həcmdə təmin edilməsini xahiş etdiyini bildirdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsidə qeyd olunanları müdafiə etdiyini və iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə təmin edilməməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" MMC (İcraçı) ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi (Sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli. 107 nömrəli müqaviləyə əsasən:

9. 2. Müqavilənin Predmeti

10. 2.1 Tərəflər təsdiq edirlər ki, Sifarişçi aşağıdakı cədvəldə göstərilən malların satın alınması üçün İcraçının 149860 manat (miqdarı 1270 - Helium qazı (hər bir balona 6 m3 doldurulması nəzərə alınmaqla) məbləğində təklifini qəbul etmişdir.

11. 2.2. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malın təhvil verilməsim, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür Göndərilmiş mallar verilmiş təkliflərə və texniki xüsusiyyətlərin tələblərinə uyğun olmadıqda İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir.

12. 5.Tərəflərin öhdəlikləri.

13. 5.1. İcraçı öz hesabına və qüvvəsi ilə bu Müqavilənin 2.1 -ci bəndində göstərilən malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları Sifarişçinin müəyyənləşdirdiyi yerə (N nömrəli hərbi hissə) daşımalı, boşaltmalı və təhvil verməlidir.

14. 5.2 Sifarişçi müqavilə üzrə göndərilmış malların təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

15. 8.Malların göndərilməsi, qəbulu və sənədləşdirilməsi.

16. 8.6 Malın qəbulu tarixi malın və işlərin təhvil-qəbul aktının imzalanması tarixi sayılır. Mallar bir tərəfdən təhvil verilmiş və digər tərəfdən qəbul olunmuş sayılır:

17. - mal miqdarına görə qaiməsinə və qəbul aktına uyğun olduqda.

18. - təhvil-qəbul aktı imzalandıqda.

19. 11. Müqavilə üzrə ödəmələr

20. 11.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron vergi-hesab faktura. elektron qaımə-faktura, təhvil-qəbul aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank gününüdən gec olmamaq şərti ilə aparılır.

21. 11.8. Müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün 0.001 faiz nesablanır.

22. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli EBAW seriyalı 843257 saylı elektron qaiməyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 63720 manat dəyərində helium qazı satılmışdır.

23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

31. Tərəflər arasında xx.xx.2020-ci il tarixli 107 saylı müqavilə bağlanmış və Həmin müqavilənin 2.1.-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında ona 149860 manat dəyərindən olan ümumilikdə 1270 m3 balonda helium qazını satmağı, alıcı isə bunun müqabilində icraçıya bu Müqaviləin 2.3-cü bəndinə əsasən malları icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi yazılı etiraz və çıxışında müqavilə üzrə yaranmış 56,853 manat borcun mövcudluğunu qəbul etmişdir.

32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və cavabdehin nümayəndəsinin borcun etirafı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 56,853 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

33. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 107 saylı satınalma müqaviləsinin 11.8-ci bəndinə əsasən hesablanmış 288 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Belə olan halda məhkəmə tələb olunan 288 manat məbləğində dəbbə pulunun müqavilənin 11.8-ci bəndinə uyğun olaraq hesablandığını və əsas borca nisbətdə yüksək olmadığı üçün bu hissədə də tələbin əsaslı olduğunu hesab edir.

37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 56853 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 56853 manat əsas bоrc, 288 manat dəbbə pulu, cəmi 57.141 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 01 oktyabr 2020-ci il tarixli 107 saylı Satınalma müqaviləsi üzrə 56.853 (əlli altı min səkkiz yüz əlli üç) manat əsas borc məbləği və 288 (iki yüz səksən səkkiz) manat məbləğində dəbbə pulu, cəmi 57.141 manat (əlli yeddi min yüz qırx bir) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar