Məhkəmə qərarları › İş №e-2-2(113)-4379/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4379/2024

04.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4379/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Sahin Serdarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Maraqlı şəxs Sahin Serdarın iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Sahin Serdarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Sahin Serdarın (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi identifikasiya nömrəsi – xxxxxxx, seriya və nömrəsi – MYİ ******) dövlət büdcəsinə olan 2639,42 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Sahin Serdarın (VÖEN: **********) dövlət büdcəsinə 2639,42 manat məbləğində (o cümlədən vergilər üzrə 2104,36 manat, faizlər üzrə 535,06 manat) 2639,42 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********365000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizədə qeyd edilən borc məbləğini ödədiyini və ərizənin rədd edilməsini xahiş etdi.

III. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

12. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

13. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Sahin Serdara xx.xx.2011-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsidir.

14. Sahin Serdarın xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 47823,59 manat (o cümlədən kameral yoxlanılmalı 31391,51 manat) təşkil edir.

15. Ərizəçi maraqlı şəxsin dövlət büdcəsinə olan 2639,42 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

16. Sahin Serdarın xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 45220,37 manat (o cümlədən kameral yoxlanılmalı 31391,51 manat) təşkil edir. Eyni zamanda görünür ki, ərizə məhkəmənin icraatına daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə ödəmə tapşırığı əsasında 2640 manat ödəniş edilmişdir.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Sahin Serdara ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Sahin Serdardan borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

18. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2023-cü il tarixli bildiriş maraqlı şəxsin elektron kabinetinə yerləşdirilmişdir.

19. Vergi orqanı ilə maraqlı şəxs arasında bağlanmış 10 may 2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilənin 4.1.7-ci bəndindən görünür ki, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən çox olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir.

20. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Sahin Serdar vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin borc məbləği ödənilməmişdir. Bundan sonra ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxsin dövlət büdcəsinə olan 2639,42 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatında olarkən maraqlı şəxs tərəfindən 2640 manat ödəniş edilmişdir.

21. Məhkəmə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir.

22. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstəribgöstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128).

23. Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53).

24. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

25. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

26. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

27. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərdən ancaq bank hesabına sərəncam qoyulması ilə bağlı sənədi təqdim etmiş, digər tədbilərin görülüb-görülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), görülən tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

28. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

29. Bundan başqa, məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərkən maraqlı şəxsin dövlət büdcəsinə 47823,59 manat borcu olmuş, həmin məbləğin isə kameral yoxlanılmalı hissəsi 31391,51 manat təşkil etmişdir. Şəxsi hesab vərəqəsi ilə təsdiqlənən borc məbləği kifayət qədər yüksək olmasına baxmayaraq ərizəçi şəxsi hesab vərəqəsi ilə təsdiqlənən borcun ödənilməsinin təmin edilməsi üçün deyil, ancaq 2639,42 manat borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Maraqlı şəxs isə ərizəyə biganə qalmayaraq ərizədə qeyd olunan məbləği (2640 manat) tam ödəmişdir. Bu mənada şəxsin konstitusion hüququ ehtimallara əsaslanaraq məhdudlaşdırıla bilməz.

30. Maraqlı şəxs vergi orqanının ərizədə göstərdiyi dövlət büdcəsinə olan borcu tam ödədiyindən və vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

31. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Sahin Serdarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar