Məhkəmə qərarları › İş №e-2-2(113)-438/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-438/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-438/2022 25.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında bağlanmış 21.06.2021-il tarixli Üzləşmə aktına uyğun olaraq 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşmaya əsasən 18.06.2021-ci il tarixinə cavabdehdən 11,635.00 manat məbləğində borc məbləğinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış 21.06.2021-il tarixli Üzləşmə aktına uyğun olaraq 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşmaya əsasən 18.06.2021-ci il tarixinə cavabdehdən 11,635.00 manat məbləğində borc məbləğinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşma (satınalma sifarişi) bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh MMC (Təchizatçı) 175 ədəd 1 nömrəli tip (Bollard type 1), 130 ədəd 2 nömrəli tip (Bollard type 2) və 30 ədəd 3 nömrəli tip (Bollard type 3) sütunları ilə İddiaçı MMC-ni (Alıcı) təmin etməyi, İddiaçı MMC isə bu malların əvəzinə Cavabdeh MMC-yə cəmi 51,330.00 (əlli bir min üç yüz otuz manat) AZN məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 21.06.2021-il tarixli Üzləşmə aktına uyğun olaraq 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşmaya əsasən 18.06.2021-ci il tarixinə İddiaçı MMC-nin Cavabdeh MMC-dən alacağı məbləğ 11,635.00 (on bir min altı yüz otuz beş manat) AZN ((A) Total müqavilə məbləği 43,500.00 AZN; (B) Avans ödənişi (65%) 28,275.00 AZN; (C) Balans məbləği avans çıxıldıqdan sonra (A-B) 15,225.00 AZN, (D) Qəbul edilmiş material məbləği 16,640.00 AZN, (E) Cavabdeh MMC-nin yekun borc məbləği 11,635.00 (on bir min altı yüz otuz beş manat) AZN) təşkil etmişdir. Cavabdeh MMC həmin borc məbləğini İddiaçı MMC-yə 2021ci ilin iyul ayı ərzində ödənilməsini öz öhdəsinə götürmüşdür. Borcluya dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və İddiaçı MMC-yə olan borcunu geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan başqa kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak üçün İddiaçı MMC tərəfindən Mediasiya orqanına müraciət olunsada, bu bir nəticə verməmişdir İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşmadan görünür ki, Cavabdeh MMC (Təchizatçı) 175 ədəd 1 nömrəli tip (Bollard type 1), 130 ədəd 2 nömrəli tip (Bollard type 2) və 30 ədəd 3 nömrəli tip (Bollard type 3) sütunları ilə İddiaçı MMC-ni (Alıcı) təmin etməyi, İddiaçı MMC isə bu malların əvəzinə Cavabdeh MMC-yə cəmi 51,330.00 (əlli bir min üç yüz otuz manat) AZN məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış 21.06.2021-ci il tarixli Üzləşmə aktından müəyyən olunur ki, 10.07.2020-ci il tarixli 1330/MT-2047 nömrəli razılaşmaya əsasən 18.06.2021-ci il tarixinə İddiaçı MMC-nin Cavabdeh MMC-dən alacağı məbləğ 11,635.00 (on bir min altı yüz otuz beş manat) təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 10.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC 175 ədəd 1 nömrəli tip (Bollard type 1), 130 ədəd 2 nömrəli tip (Bollard type 2) və 30 ədəd 3 nömrəli tip (Bollard type 3) sütunları ilə İddiaçı MMC-ni (Alıcı) təmin etməyi, İddiaçı MMC isə bu malların əvəzinə Cavabdeh MMC-yə cəmi 51,330.00 (əlli bir min üç yüz otuz manat) AZN məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 18.06.2021-ci il tarixinə 11,635.00 manat borcu yranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10.07.2020-ci il tarixli müqaviləyə və 21.06.2021-ci il tarixli Üzləşmə aktına əsasən 11,635.00 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 11,635.00 manat borc, cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 11,635.00 manat borc, 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar