Məhkəmə qərarları › İş №e-2-2(113)-438/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-438/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-438/2024 14.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5600 manat məbləğində borcun, eyni zamanda ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, qiymətlərin razılaşdırılma protokollarında göstərilən məhsulları cavabdehə verməyi və o da öz növbəsində alınan malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MMC-yə elektron qaimə əsasında 5600 manat məbləğində nisyə tikinti materialları satılmışdır. Qeyd olunan tikinti materialları cavabdehə təhvil verilmiş və bununla da İddiaçı MMC göstərilən müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri qərəzli şəkildə pozulmuşdur. Belə ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş malların dəyərinin 100%-ni malları təhvil aldıqdan 10 gün müddət ərzində ödəməli idi. Buna baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edilməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə və xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, bugünədək 5600 manat məbləğində olan borc ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 19/2022 saylı alqı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqaviləninayrılmaz hissəsi sayılacaq və müqavilənin tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən məhsulları alıcıya satır və öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.

12. Müqavilənin 2.3-ü bəndinə əsasən satıcı razılaşdırılma protokolunda göstərilən malları müəyyənləşdirilən qiymət ilə təklif edir və həmin malları razılaşdırma prokolunda göstərilən müddətlərdə qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərni satıcının hesabına ödəyir.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması məqsədilə üzləşmə aktı tərtib edilir.

15. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar üzrə ödəiləcək məlbəğ müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstəriləcəkdir. Həmin məlbəğin 100%-i mallar çatıdırıldıqdan 10 gün ərzində ödəniləcəkdir.

16. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş malları təhvil aldığı gündən etibarən 10 gün müddətində nəzərdə tutulmuş ümumi məlbəğin 100%-ni satıcıya ödəyir. Alıcıya bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş ümumi məbləğin ödənilmə müddətindən sonrakı hər gecikdirilmiş gün üçün satıcı tərəfindən nəzərdə tutulmuş ümumi məbləğin 1%-i miqdarında cərimə tətbiq edilə bilər.

17. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən iddiaçı tərəfindən 5600 manat məbləğində mal təhvil verilmişdir, qaimə tərəflərin imzaları ilə təsdiq edilmişdir.

18. xx.xx.2022-ci il tarixli EBBW seriyalı, 406503 nömrəli elektron qaiməyə əsasən 5600 manat dəyərində mallar xx.xx.2022-ci il tarixli, 19/2022 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.

19. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o hazırda İddiaçı MMC-də işləyir. Mərdakanda yerləşən ünvana malı təhvil verməklə, satış qaiməsinə də qol çəkdirib. Sifarişə əsasən yalnız bir dəfə cavabdehə malı təqdim edib. Malı sifariş verən Natiq adlı şəxsə təhvil verib.

20. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

22. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 5600 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini 10 gün ərzində ödəməli olduğu halda ödənişləri həyata keçiməmiş və cəmi 5600 manat yaranmışdır.

23. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış qiymətlərin razılaşma prokoluna əsasən mallar təhvil verildikdən sonra 10 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.

26. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 5600 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 5600 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci və 76 manat məbləğində dövlət rüsumu kimi ödənişlər edilmişdir. İddiaçı 100 manat məhkəmə xərclərini cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində mediasiya xərci/dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 19/2022 saylı alqı-satqı müqaviləsi üzrə 5600 (beş min altı yüz) manat, dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar