Məhkəmə qərarları › İş №e-2-2(113)-4386/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4386/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4386/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı - İddiaçı MMC-yə məxsus olan “Tufan M50” markalı (ban: H7XPCBL82RAB15086; mühərrik: 1P39FMBRAB15086; rəngi: qara; ili: 2024) motosiklin Cavabdeh3 qanunsuz istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması; cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 02 iyul 2024-cü il tarixli M/013 saylıLizinq müaviləsinə əsasən xx.xx.2025-ci il tarixə iddia qaldırılan günə 1325,00 (bir min üç yüz iyirmi beş) manat vaxtı keçmiş əsas lizinq borcu, 450,00 (dörd yüz əlli) manat vaxtı keçmiş faiz borcu, 717,00 (yeddi yüz on yeddi) manat hesablanmış penya, cəmi 2492,00 (iki min dörd yüz doxsan iki) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100,92 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 02 iyul 2024-cü il tarixli M/013 saylı X1 əsasən, İddiaçı MMC Cavabdeh3 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 1950 (bir min doqquz yüz əlli) manat olan 1 ədəd “Tufan M50” markalı (ban: H7XPCBL82RAB15086; mühərrik: 1P39FMBRAB15086; rəngi: qara; ili: 2024) motosikaliaraq, Cavabdeh3 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh3 isə öz növbəsində 1650 (bir min altı yüz əlli) manat məbləğində borcu illik 43% faiz hesablanmaqla, 12 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh3 02 iyul 2024-cü il tarixli M/013 saylıLizinq müaviləsinəƏlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 12 ay müddətinə illik 43% faiz olmaqla mütəmadi olaraq hər ay 172,00 manat, sonuncu ay isə 167 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh3 02 iyul 2024-cü il tarixli M/013 saylı Lizinq müaviləsinə əsasən xx.xx.2025-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 1325,00 (bir min üç yüz iyirmi beş) manat vaxtı keçmiş əsas lizinq borcu, 450,00 (dörd yüz əlli) manat vaxtı keçmiş faiz borcu, 717,00 (yeddi yüz on yeddi) manat hesablanmış penya, cəmi 2492,00 (iki min dörd yüz doxsan iki) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən heç bir ödəniş olunmamışdır.

4. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinə etiraz edib iddianın pulun tutulması hissəsində təmin edilməməsini, qalan hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" MMC (satıcı) və İddiaçı MMC (alıcı) (iddiaçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10114442 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Motosiklet Tufan M 50” modelli nəqliyyat vasitəsini İddiaçı MMC-yə satır, sonuncu isə onu alır.

9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, M/013 nömrəli X1 əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı əlavədə göstərilən “Motosiklet Tufan M 50” modelli nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 1950 manat təşkil edir.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən ümumi lizinq müddəti 12 ay, 1 illik faiz dərəcəsi 43% təşkil edir.

12. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq alan hər ayın ikisi tarixində bərabər miqdarda olmaqla 02 iyul 2025-ci il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür.

13. Müqavilənin 6.2-ci bəndinə əsasən lizin alan lizinq obyektinin dəyərindən 300 manat məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 6.2.1-ci bəndinə əsasən alınan lizinq məbləği lizinq obyekti dəyərinin 1650 manat təşkil edir.

15. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.

16. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, M/013 nömrəli daxili lizinq müqaviləsinin 2 saylı əlavəsinə görə lizinq alan 1650 manat lizinq məbləğini illik 43% dərəcəsi ilə 12 ay müddətinə olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli M/013/ZM-01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin qismində lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün lizinq verən qarşısında birgə məsuliyyət daşıyır.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 02 iyul 2024-cü il tarixli M/013 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alanın 19 may 2025-ci il tarixə borcu haqqında maliyyə arayışına əsasən lizinq alanın müqavilə üzrə lizinq borcu üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş etməklə, müqavilə üzrə ödənilməli olan vaxtı keçmiş əsas lizinq məbləğinin borcu 1325 AZN, faiz borcu 450 AZN, cərimə borcu 717 manat təşkil edir.

19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, M/013 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

24. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2024-cü il tarixli, M/013 nömrəli X1 əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1325 manat əsas borc, 450 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada 1325 manat əsas borc, 450 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1-ci bəndinin tələblərinə əsasən hesablanmış 717 manat penyanın cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə iddia tələbinin lizinq obyektinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

32. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

33. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

34. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə son ödəniş xx.xx.2025-ci il tarixdə edilmişdir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh3 lizinq müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozduğu üçün iddiaçı hazırda lizinq obyektini tələb etməklə haqlıdır, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 1325 manat əsas borc, 450 manat faiz borcu, 50 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, lizinq predmeti olan nəqliyyat vasitəsi Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 0,92 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan lizinq predmetini təşkil edən “Tufan M50” markalı (ban: H7XPCBL82RAB15086; mühərrik: 1P39FMBRAB15086; rəngi: qara; ili: 2024) motosikl Cavabdeh3 alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birgə (müştərək) qaydada 1325 manat əsas borc, 450 manat faiz borcu, 50 manat dəbbə pulu, 100 manat dövlət rüsumu, ümumilikdə 1925 (bir min doqquz yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 0,92 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar