Məhkəmə qərarları › İş №e-2-2(113)-4392/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4392/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4392/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15018,36 manat pulun, iddiaçıya dəymiş 5000 manat ziyaın (əldən çıxmış fayda), məhkəməyə müraciət üçün çəkilmiş 1000 manat məbləğində pulun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Nizamnamə əsasında fəaliyyət göstərən direktoru X4 və cavabdehin Nizamnamə əasanında fəaliyyət göstərən direktoru X3 2021-ci il tarixdə bir neçə dəfə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni İddiaçı MMC ona məxsus malları satmağı, “Alıcı”, yəni Cavabdeh MMC isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmişdir. Bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. 2021-2022-ci illər illər ərzində müxtəlif vaxtlarda iddiaçı bağladıqları müqaviləyə əsasən satmalı olduğu malları cavabdehə göndərsə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş 15018,36 manat borcu vardır. Həmçinin cavabdehin iddiaçıya vurduğu zərərin əvəzi ödənilməli və məhkəməyə müraciət üçün çəkimiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Rəfiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə təhvil verilmiş mallar tərəflərindən Çindən idxal edilmiş, cavabdehin şifahi sifarişləri əsasında cavabdehin ünvanına təhvil verilmiş, bu barədə təhvil aktlarını cavabdehin işçiləri imzalamışlar. Ödənişlər barədə vədlər verilsə də, edilməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd etdikləri məhkəməyə müraciət üçün çəkilmiş 1000 manat xərc vəkillə müqavilə bağlamaq üçün çəkilmiş olan xərcdir. Həmçinin iddiaçının tələb etdiyi 5000 manat məbləğindəki xərc iddiaçının, yəni hüquqi şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, daha dəqiq desək əldən çıxmış faydadır. Bu səbəbdən də belə heab edirlər ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15018,36 manat pul, iddiaçıya dəymiş 5000 manat ziyan ( əldən çıxmış fayda), məhkəməyə müraciət üçün çəkilmiş 1000 manat məbləğində pul və ödənilmiş 154 manat məbləğində dövlət rüsumu tutulub iddiaçıya ödənilməlidir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış 12 mart 2021-ci il tarixli 26/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə çərçivəsində satılacaq malların ümumi dəyərini ƏDV ilə birlikdə “X1”na əsasən razılaşdırırlar.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər hər “X1”na uyğun olaraq tərtib edilmiş hesab-faktura əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir.

11. İddiaçı tərəfindən cavabdehə EBBB 557168 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 747337 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 263426 nömrəli xx.xx.2021-ci il tarixli, EBBT 166286 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 520145 nömrəli xx.xx.2022-ci il tarixli, EBAZ 172292 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 671689 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 278499 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 186988 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 186727 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 12 mart 2021-ci il tarixli 26/2021 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 15018,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 5000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

27. Belə ki, 5000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir.

28. İddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 1000 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.

29. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********14 nömrəli ödəniş tapşırığı ilə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 1000 manat məbləğində vəsait ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 1000 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15018,36 manat məbləğində əsas borc,1000 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 15018,36 manat məbləğində əsas borc, 1000 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 16218,36 (on altı min iki yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar