Məhkəmə qərarları › İş №e-2-2(113)-4393/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4393/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4393/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli 9548 saylı “yanacağın pərakəndə satışı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “smart” kartlar vasitəsilə alıcıya satışını, alıcı isə yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdəsinə götürür. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, alıcı (cavabdeh) yanacağın dəyərini satıcı tərəfindən verilən hesab-faktura əsasında ödəyir. Lakin cavabdeh tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə ödənilməsi nəzərdə tutulan ümumi məbləğdən cavabdehin 50 000 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, 13 yanvar 2022-ci il tarixli 9548 saylı “yanacağın pərakəndə satışı” müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində son olaraq cavabdehə 50 000 manat məbləğində yanacaq satılmış, həmin məbləğ üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməməklə 50 000 manat məbləğində borc yaranmışdır. Həmin məsələ ilə bağlı cavabdehlə müqavilənin 5.3-cü bəndinin tələblərinə uyğun olaraq danışıqlar aparılmış, cavabdehin ünvanına xx.xx.2025-ci il tarixli 04-574 saylı pretenziya məktubu göndərilmişdir. Məktuba cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubla bildirilmişdir ki, cari dövrdə müvafiq maliyyə öhdəliklərini yerinə yetirməkdə müəyyən texniki çətinliklərlə qarşılaşılmış, bu çətinliklər ölkə məhkəmələrinin çıxardığı müvəqqəti təminat qərarı nəticəsində bank hesablarına tətbiq olunan sərəncamla əlaqədar olmuş, nəticə borc ödənilə bilməmişdir. Həmçinin son olaraq 06 may 2025-ci il tarixli 05-759 saylı məktub ilə cavabdehin ünvanına qarşılıqlı hesablaşmalar üzrə tərtib olunmuş üzləşmə aktı göndərilmiş, xx.xx.2025-ci il tarixli üzləşmə aktının 3 iş günü ərzində imzalanaraq göndərilməsi xahiş edilmiş, qeyd edilən müddət ərzində üzləşmə aktı təqdim edilmədiyi təqdirdə, cavabdeh tərəfindən qəbul edilmiş hesab olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq, üzləşmə aktının imzalanması barədə müraciətə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş, sözügedən üzləşmə aktı imzalanaraq geri qaytarılmamışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməməklə borcunu ödəməkdən yayınır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri Nümayəndə və X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdilər.

6. Cavabdehin nümayəndələri X1 və X3 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək borc məbləğini qəbul etdiklərini, 2024-cü ilin iyun ayından cavabdehin bank hesablarına sərəncamlar qoyulduğundan borcun ödənilməsinin mümkün olmadığını, qeyd olunan hal aradan qalxdıqda dərhal ödəniş edəcəklərini bildirdilər.

7. Cavabdeh məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edib işçilərinin məzuniyyətdə olduğuna istinad edərək məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 9548 nömrəli “yanacağın pərakəndə satışı” müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müvafiq dövlət standartlarına cavab verən yanacağı «smart» kartlar vasitəsilə cavabdehə satmağı, cavabdeh isə yanacağın dəyərini qabaqcadan ödəməklə kartı qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 341 146,2 manat dəyərində yanacağın verilməsi ilə bağlı elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 43738,59 manat ƏDV daxil olmaqla cəmi 291 220,48 manat ödəniş edilmişdir. Həmçinin cavabdehin iddiaçıya smart kart üzrə 56,89 manat məbləğində borcu qalmışdır.

12. İddiaçı xx.xx.2022-ci il tarixli 9548 nömrəli alqı-satqı müqaviləsi üzrə 50000 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh borc məbləğinə etiraz etmir, bank hesablarında olan problemlərlə bağlı ödənişləri icra edə bilmədiyini bildirir.

14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Borc məbləğinə münasibətdə isə göstərilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərdən ƏDV daxil olmaqla 341 146,2 manat dəyərində yanacağın verildiyi, 43738,59 manat ƏDV daxil olmaqla cəmi 291 220,48 manat ödənişin edildiyi, əlavə olaraq smart kart üzrə 56,89 manat borcun mövcud olduğu təsdiq edilir. Belə olan halda, yekun borc məbləği 49982,61 (341 146,2 – 291 220,48 + 56,89) manat təşkil edir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli 9548 nömrəli alqı-satqı müqaviləsi üzrə 49982,61 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İddiaçı eyni zamanda ödənilmiş 240 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

29. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 240 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

33. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin təmin edilməyən hissənin cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli “yanacağın pərakəndə satışı” müqaviləsi üzrə 49982,61 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar