Məhkəmə qərarları › İş №e-2-2(113)-4403/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4403/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4403/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13658,74 manat (ƏDV daxil) borcun, müqavilə üzrə hesablanmış 682,93 manat cərimənin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, cəmi 14341,67 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (əvvəlki adı: “X3” MMC) ilə cavabdeh arasında QSZ S 004/0122 saylı, 31 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə sement məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 13658,74 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. Hesab edir ki, müqavilə üzrə yaranmış 13658,74 manat borc, habelə borc məbləğində uyğun hesablanmış 682,93 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edirik ki, iddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə borcun 3 (üç) iş günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bundan sonra, iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya prosesi zamanı cavabdehlə hər hansı razılaşma əldə olunmadığından prosesin davam etdirilməsi mümkün olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Kərimli iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini əsas borc hissəsində qəbul etdiyini bildirib iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıdan aldıqları sement məhsullarını podrat işlərini icra etdikləri digər şirkətə vermiş, gördükləri işin müqabilində onlara mənzil verilmiş, lakin həmin mənzillə bağlı məhkəmə mübahisəsi yaranmış, bu səbəbdən mənzili vaxtında satıb iddiaçının pulunu ödəyə bilməmişlər. Pulun ödənilməməsi onlardan asılı olmayan səbəblərdən qaynaqlandığı üçün cərimə tələbi ilə razı deyildir.

5. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli QSZ S 004/0122 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən sement məhsulunu alıcıya satır, alıcı isə mal alır və dəyərini satıcıya ödəyir.

9. Müqavlənin 3.1-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla satıcının bank hesabına 30 təqvim günündən gec olmaraq köçürmə yolu ilə həyata keçirilir.

10. Müqavilənin 6.6-cı bəndinə əsasən satıcı ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcunun 0,1 % həcmində cərimə tələb etmək hüququna malikdir.

11. Müqaviləyə 01 saylı Əlavədə satılacaq malların dəyəri razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 08 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan qalıq borcu ƏDV daxil 13658,74 manat təşkil edir.

13. İddiaçı tərəfindən cavabdehə EBBQ 552804 nömrəli xx.xx.2022-ci il tarixli (7003,54 manat) və EBBQ 553280 nömrəli xx.xx.2022-ci il (6655,20 manat) tarixli elektron qaimələr göndərilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli QSZ S 004/0122 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 13658,74 manat (ƏDV daxil) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli QSZ S 004/0122 saylı müqavilənin 6.6-ci bəndinə əsasən hesablanmış 682,93 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 650 manat məbləğində müəyyən edilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13658,74 manat (ƏDV daxil) manat məbləğində əsas borc, 650 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13658,74 manat (ƏDV daxil) məbləğində əsas borc, 650 manat dəbbə pulu, ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 14508,74 (on dörd min beş yüz səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar