Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4405/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21.01.2018-ci il tarixli 2018-02 saylı müqavilə üzrə 3000 manat məbləğində əsas borc, 585 manat məbləğində faiz, 30 manat məbləğində dövlət rüsumunun 260 manat vəkil xərci və 60 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 21 yanvar 2018-ci il tarixdə Cavabdeh MMC ilə toyuq məhsullarının alqı-satqısına dair 2018-02 sayl müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə toyuq məhsullarını təqdim etməklə onun mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları qəbuledib onun dəyərini bu müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götümüşdür.Müqavilənin 2.2.-ci maddəsi ilə həmçinin razılaşdirilmışdir ki, bu müqavilə üzrə ödəniş müqaviləyə əsasən Cavabdeh MMC sifariş olunan malın dəyərini İddiaçı MMC malı təqdim etdiyi gündən sonra hər ayin 15 və 30 günü ərzində köçürmə yolu ilə həyata keçirir. Müqavilənin qüvvədə olduğu müddətdə elektron qaimələrə əsasən 27.03.2018-ci ildən 14.11.2018-ci il tarixədək Cavabdeh MMC-yə 28325,35 manat məbləğində toyuq məhsulları verilmiş, Cavabdeh MMC aldığı mallara görə cəmi 25325,35 manat məbləğində ödəniş etmiş və hazırki vaxtadək İddiaçı MMC-yə 3000 manat məbləğində ödənilməmiş borcu qalmışdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq cavabdehdən 585 manat məbləğində faiz borcunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb olunduğunu bildirərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC 21 yanvar 2018-ci il tarixdə Cavabdeh MMC ilə toyuq məhsullarının alqı-satqısına dair 2018-02 saylı müqavilə bağlamışdır. Elektron qaimələrə əsasən 27.03.2018-ci ildən 14.11.2018-ci il tarixədək Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən 28325,35 manat məbləğində toyuq məhsulları verilmişdir. 07.09.2021-ci il tarixli 26345 nömrəli qəbzin surətindən görünür ki, hüquqi xidmətə görə 3 saylı vəkil bürosuna 260 manat məbləğində pul ödənilmişdir. 23.08.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışının, həmçinin 19.08.2021-ci il tarixli qəbzin surətlərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli 308 nömrəli qərarı ilə təsdiq edilmiş 604 nömrəli qəbzlə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 567, 598.1 və 598.2-ci maddələri). “Mediasiya haqqında” Qanunun: 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə yaranmış 3000 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əsas borc, həmçinin hüquqi yardım və mediasiya sessiyası vaxtı çəkilən xərclər tələbi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 585 manat məbləğində faiz borcu tələb etsə də, iddia tələbi həmin hissədə rədd edilməlidir, belə ki, iddiaçı cavabdeh tərəfindən 3000 manatdan faydalanma ilə bağlı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçıya dövlət büdcəsindən geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmasına baxmayaraq iddiaçı həmin pulu ödəməklə cavabdehdən tələb etmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 3000 manat əsas borc 60 manat mediasiya xərci, 260 manat vəkil xərci cəmi 3320 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin 06.08.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılmalıdır. İddia 585 manat məbləğində faiz borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3000 manat əsas borc, 60 manat mediasiya xərci, və 260 manat vəkil xərci cəmi 3320 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. 06.08.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılsın. İddia 585 manat məbləğində faiz borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4405/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4405/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver