Məhkəmə qərarları › İş №e-2-2(113)-4407/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4407/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4407/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Nümayəndə2 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2238,36 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə 223,84 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 iyun 2020-ci il tarixdə Cavabdeh MMC ilə 4593/P20 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Əməkdaşlıq müddətində cavabdehlə arasında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM -nə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Şirkətə olan ümumilikdə 2238,36 AZN (iki min iki yüz otuz səkkiz manat, otuz altı qəpik) borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, X1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qismən qəbul edərək, izahatında əsas borcu qəbul edərək, dəbbə pulu ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 iyun 2020-ci il tarixdə 4593/p20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin 5.1 və 5.2-ci maddələrinə əsasən satıcı hər gecikdirilən günə görə 0,2 faiz, lakin malın ümumi məbləğinin 10% çox olmayan məbləğində pul tələb edə bilər. Elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2238,36 AZN manat məbləğində məhsullar verilmişdir. 17.08.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi, vəkili X1 tərəfindən 30 manat, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 tərəfindən 30 manat bank vasitəsilə mediasiya xərci ödənilmişdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 462 və 567-ci maddələri). “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə yaranmış borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əsas borc və mediasiya sessiyası vaxtı çəkilən xərclər tələbi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 223,84 manat məbləğində dəbbə pulu tələb etsə də, həmin vəsait ümumi borcun 10% həddindən çox olduğundan, tələb həmin hissədə qismən, yəni 223,83 manat məbləğində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçıya dövlət büdcəsindən geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olduğu halda, iddiaçı həmin pulu ödəməklə cavabdehdən tələb etmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2238,36 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə 223,83 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin 27.07.2021-ci il tarixli **********47 nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2238,36 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 223,83 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. 27.07.2021-ci il tarixli **********47 nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar