Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4407/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 96675,28 manat borcun və ödənilmiş 381 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 10 dekabr 2002-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Vergilər Departamentinin Kommersiya X2 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda tikinti mallarının istehsalı və alğı-satqısı ilə məşğuldur. "xxxx" MMC ilə "xxxx" MMC arasında müxtəlif çeşiddə metal mallarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixli OY 18/07/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixi üzrə cavabdeh "xxxx" MMC-nin təhvil verilmiş mallara görə "xxxx" MMC-yə qarşı 96675,28 AZN (doxsan altı min altı yüz yetmiş beş manat iyirmi səkkiz qəpik) borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmuş və rəsmi pretenziya məktubu da təqdim edilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək bizə olan borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Əhmədli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18/07/23 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı alıcıya müxtəlif çeşiddə metal tikinti materialları satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 4.2-ci bəndinə görə malların təhvil verilməsi alıcının malları təhvil alınması üçün təqdim etdiyi şəxsə təhvil verilməsi, elektron qaimə-fakturanın alıcı tərəfindən təsdiq edilməsi və sair yolla müəyyən olunur. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim edə bilər.
9. 18 iyul 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 18141,91 manat, 27 iyul 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 31450,12 manat, 28 avqust 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 14650,62 manat, 04 sentyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 36660,85 manat, 07 sentyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 10500,01 manat, 13 sentyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 17925,13 manat, 02 noyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 34570.23 manat, 02 noyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 34550,34 manat, 06 noyabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər arasında malların dəyəri ədv daxil olmaqla 27554,71 manat dəyərində razılaşdırılmışdır.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDK 179800 saylı 18141,91 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 841811 saylı 31450,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 013883 saylı 14650,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 475156 saylı 36660,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 838794 saylı 10500,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 241318 saylı 17925,13 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 895374 saylı 34550,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 895372 nömrəli 34570,22 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 208034 nömrəli 27554,71 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
11. Tərəflər arasında imzalanmış 18 iyul 2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 18141,91 manat, 27 iyul 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 31450,12 manat, 28 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 14650,62 manat, 04 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 36660,85 manat, 07 sentyabr 2023-cü il tarixli təhvil–təslim aktına əsasən 10500,01 manat, 13 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 17925,13 manat, 02 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 34550,34 manat, 02 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 34570,23 manat, 06 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 27554,71 manat dəyərində olan mallar cavabdehə təhvil verilmişdir.
12. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18/07/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 226003,90 manat dəyərində malları alıcıya təhvil vermiş, alıcı həmin malların müqabilində yaranmış 96675,28 manat borcu ödəməmişdir.
25. Hazırda iddiaçı cavabdehdən yaranmış həmin borcun ödənilməsini tələb etməklə haqlıdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 96675,28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 381 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 96675,28 manat məbləğində pul, 381 manat dövlət rüsumu, ümumilikdə 97056,28 (doxsan yeddi min əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova