Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-441/2025 06.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış ƏDV xaric 42 400.17 AZN (qırx iki min dörd yüz manat 17 qəpik) məbləğində ödənilməmiş pulun, 1146,65 AZN (min yüz qırx altı manat)ƏDV borcunun, 5000 AZN (beş min manat)məbləğində cərimə (dəbbə) pulunun, 2120 AZN (iki min yüz iyirmi manat)gecikdirilmiş vaxt üçün faiz borcunun və 48 000 AZN(qırx səkkiz min manat) əldən çıxmış fayda olmaqla ümumilikdə 98 666,82 AZN (doxsan səkkiz min altı yüz altmış altı manat səksən iki qəpik) borc məbləğinin, 387AZN (üç yüz səksən yeddi manat) dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC sözügedən müqavilənin Əlavəsində göstərilən sayda və məbləğdə müxtəlif balıq məhsulları satıcıya təhvil verilməsini təmin etmiş, lakin "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə üzrə tərəflər alğı-satqı hərəkətlərinin subyektləri olaraq müəyyən vaxtlarda alğı-satqı həyata keçirmişlər lakin İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə təqdim edilən xx.xx.2021-ci il tarixli EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə İddiaçı MMC hər biri müxtəlif çəkilərdə olmaqla, 75 kq “Lunskoye more” təbii qırmızı kürü (Qarbuşa – çəki 25 kiloqramlıq), 75 kq “Lunskoye more” təbii qırmızı kürü (Keta – çəki 25 kiloqramlıq), 90 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,5 kiloqramlıq – 1x9), 240 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,32 kiloqramlıq – 1x16), 16 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,23 kiloqramlıq – 1x16), 781 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,2 kiloqramlıq – 1x32), 585 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,09 kiloqramlıq – 1x50), 450 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,75 kiloqramlıq – 1x75), ƏDV xaric toplam dəyəri55400,17AZN (əlli beş min dörd yüz manat on yeddi qəpik) olan məhsulu "xxxx" MMC-ə təhvil verərək öhdəliyini yerinə yeritmişdir. Lakin “Kapital Bank”ın xx.xx.2019- xx.xx.2023-cü illərin çıxarışlarında görünür ki, "xxxx" MMC EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə uyğun olaraq 3000 AZN, 3000 AZN, 4000 AZN, 3000 AZN, toplamda 13 000 AZN (on üç min manat) ödəmişdir. Göstərilənlərə əsasən, EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə "xxxx" MMC-nin İddiaçı MMC-ə cəmi 42400,17 AZN (qırx iki min dörd yüz manat on yeddi qəpik) qalıq borcu qalmaqdadır. Həmçinin bu günə kimi "xxxx" MMC-nin İddiaçı MMC-ə əvvəlki bütün qaimələr üzrə toplamda1146,65AZN (min yüz qırx altı manat) ƏDV borcu qalmaqdadır. Azərbaycan RespublikasınınMülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Sonuncu elektron qaimə fakturanın verildiyi tarixdən yəni xx.xx.2021-ci il tarixdən bu günə kimi (32 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən "xxxx" MMC əsas öhdəliklərlə yanaşı İddiaçı MMC-yə cərimə də ödəməlidir. Hesab edirik ki, "xxxx" MMC dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu qaytarmadığı üçün İddiaçı MMC-yə5000 AZN cərimə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görəözgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Buna görə də, "xxxx" MMC, İddiaçı MMC-yə olan cəmi ƏDV xaric42.400,17 AZN ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə "xxxx" MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu 2120 AZN (iki min yüz iyirmi manat) təşkil edir. Nəzərinizə çatdırmaq istəyirik ki, "xxxx" MMC öhdəliklərini icra etsə idi, İddiaçı MMC borc məbləğinin 7%-i həcmində gəlir əldə ədəcəkdi. Belə olan halda İddiaçı MMC 42 400.17AZN məbləğinin adi mülki dövriyyədən aylıq 3000 AZN (min yüz iyirmi manat) olmaqla öhdəliyin icra edilmədiyi 32 ay üçün 96000 AZN (doxsan altı min manat) qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin "xxxx" MMC öhdəliklərindən boyun qaçırdığından İddiaçı MMC həmin qazancdan məhrum olmuşdur. Lakin buna baxmayaraq, "xxxx" MMC ilə əməkdaşlığımızı nəzərə alaraq 32 ay üçün hesablanmış əldən çıxmış faydanın 50%-ini yəni manat ekvivalenti 48000 AZN (qırx səkkiz min manat) hissəsi tələb olunur.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi üzrə ƏDV xaric 24265.19 AZN (iyirmi dörd min iki yüz altmış beş manat 19 qəpik) məbləğində ödənilməmiş əsas borcun, 1146,65 AZN (min yüz qırx altı manat) ƏDV borcunun, 5000 AZN (beş min manat) məbləğində cərimə (dəbbə) pulunun, 1213.25 AZN (min iki yüz on üç manat 25 qəpik) gecikdirilmiş vaxt üçün faiz borcunun və 20 000 AZN (iyirmi min manat) əldən çıxmış fayda olmaqla ümumilikdə 51625,09 AZN (əlli bir min altı yüz iyirmi beş manat doqquz qəpik) borc məbləğinin, 387 AZN (üç yüz səksən yeddi manat) dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbinin azaldılması səbəbi qaimə fakturalarda olan qalıq borc üzrə verilmişdir ilkin iddia. Dəqiqləşmə zamanı bəlli oldu ki, hazırki borc 24265,19 manat təşkil edir. ƏDV xaric. ƏDV borcu bir qaimə üzrə deyil, müxtəlif qaimələr üzrə qalmışdır. Cavabdehə malların verilməsi qaimə fakturalar ilə təsdiq olunmuşdur. Heç bir eqaimə üzrə tam borc yoxdur, qismən ödənişlər olub. Bunlar qalıq borclardır. Nəticə etibarı ilə, ümumi borc ƏDV xaric 24265,19 manatdır. Ümumi hesablaşmadan görsənir ki, ödənişlər elektron qaimələrdə nəzərdə tutulan məbləğdən azdır. Borc əslində daha yüksək məbləğdədir, lakin iddiaçı daha az tələb edir. Daha böyük məbləğ tələb edilsə idi, sübutetmə yükü bu halda düşəcəkdi cavabdehin üzərinə. Borc müqabilində avadanlıqların əvəzləşməsi məsələsini iddiaçı qəbul etmir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, cavabdehin 25.500 manat civarında borcu olub və tərəflər arasında yazılı qaydada rəsmiləşdirilməsə də həmin borcun müqabilində 25.500 manat dəyərində iddiaçıya avadanlıqlar verilib, borc sıfırlanıb. Avadanlığın verilməsinə dair səs yazısı mövcüddür. Əvvəlki iclasdan sonra iddiaçı tərəflə yenidən əlaqə saxlanılıb. Onlar bildirir ki, cavabdeh gəlib özü avadanlığı satsın və ödənişi etsin. Avadanlıqlar borc müqabilində üç ilə yaxındırki verilib. İddia tələbinin rədd edilməsini xahiş edir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/12/19 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən "Satıcı” özünün istehsal etdiyi və özünə məxsus "Alıcfnın yazılı sifarişi əsasında. Alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda (bundan sonra “Əlavə" adlandırılacaq) göstərilən sayda və məbəğdə yerli balıq məhsullarını satır, “Alıcı" isə həmin “Mal”ı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada “Marın dəyərini Satıcıya ödəyir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri "Əlavə İ" ilə müəyyən olunur.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə ilə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar 15 (on beş) gün qabaqcadan xəbərdarlıq məktubu verməzsə müqavilə növbəti 1 (bir) il üçün uzadılmış hesab olunur.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən Satıcının aşağıdakı hüquqları vardır:
12. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək;
13. Müqavilənin 5.4-cü bəndinə əsasən “Alıcı”nın aşağıdakı vəzifələri vardır:
14. Müqavilənin 5.4.1-ci bənidnə əsasən “Əlavələr” üzrə Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) vaxtında ödəmək;
15. xx.xx.2021-ci il tarixli EBBM604226 saylı e-qaiməyə əsasən iddiaçı təfindən cavabdehə ƏDV daxil 65372,20 manat, xx.xx.2022-ci il tarixli EBBQ278349 saylı e-qaiməyə əsasən 4440,20 manat, xx.xx.2022-ci il tarixli EBBR929039 saylı e-qaiməyə əsasən 10200,11 manat və xx.xx.2022-ci il tarixli, EBBW096152 saylı e-qaiməyə əsasən isə 936,26 manatlıq mal satışına dair elektron qaimə göndərilmişdir.
16. 19.02.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 20.11.18-ci il tarixində 17000 manat, xx.xx.2019-cü il tarixində 3968,64 manat, xx.xx.2019-cü il tarixində 4117,01 manat, xx.xx.2019-cü il tarixində 3515,18 manat, xx.xx.2019-cü il tarixində 2991,21 manat, xx.xx.2019-cü il tarixində 4000 manat, xx.xx.2019cü il tarixində 3637 manat, xx.xx.2019-cü il tarixində 5000 manat, xx.xx.2019-cü il tarixində 6000 manat təyinatı müqavilə və e-qaimə göstərilməklə ödənişlər edilmişdir.
17. 26.11.2021-ci il tarixli, BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 12711,86 manat dəyərində, xx.xx.2021-ci il tarixli, BD3 saylı ödəniş tapşırığına əsasən 10000 manat dəyərində, xx.xx.2021-ci il tarixli, BD7 saylı ödəniş tapşırığına əsasən 8474,58 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD6 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD6 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD24 saylı ödəniş tapşırığına əsasən 4000 manat dəyərində və xx.xx.2022-ci il tarixli BD7 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində təyinatı e-qaimə və ya alınan malların dəyəri kimi göstərilərək ödəniş edilmişdir.
18. 10.09.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin iddiaçıya olan rəsmi borcunun cəmi 25411,84 manat olmasını iddiaçı şirkət tərəfindən imza və möhürü ilə, cavabdeh tərəfindən yalnız imza ilə təsdiq edilmişdir.
19. 14.11.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixində İddiaçı MMC-ilə Cavabdeh MMC arasında, malların alqı-satqısı ilə bağlı 19/12/19 nömrəli müqavilə bağlanmışdır. Müqavlə şərtlərinə uyğun olaraq sifarişçi üçün İddiaçı MMC tərəfindən mallar təqdim edilmişdir lakin Cavabdeh MMC müqavilə şərtlərinə əməl etməmiş və malların dəyərini bu günə kimi ödəməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə və müqavilə şərtlərinə görə Cavabdeh MMC-nin İddiaçı MMCyə aşağıda göstərilən məbləğdə borcu yaranmıışdır. -xx.xx.2021 tarixli EBBM 604226 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 11064.71 AZN, -xx.xx.2022 tarixli EBBQ 278349 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 3762.88 AZN, -xx.xx.2022 tarixli EBBR 929039 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 8644.16 AZN, -xx.xx.2022 tarixli EBBW 096152 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 793.44 AZN, -xx.xx.2022 tarixli EBBR 929039 nömrəli elektron qaiməyə əsasən Ədv məbləğ üzrə borcu- 1003.80 AZN, -xx.xx.2022 tarixli EBBW 096152 nömrəli elektron qaiməyə əsasən Ədv məbləğ üzrə borcu- 142.82 AZN. Pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu (5%dərəcəsi ilə) 1213.25 AZN (bir min iki yüz on üç, iyirmi beş), Cərimə borcu 5000 AZN (beş min) Əldən çıxmış faydaya görə 20 000 AZN (iyirmi min) Cəmi borc : 51625.06 AZN (Əlli bir min altı yüz iyirmi beş, sıfır altı).
20. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
29. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
30. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
31. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/12/19 saylı alqı-satqı müqaviləsinə əsasən "Satıcı” özünün istehsal etdiyi və özünə məxsus "Alıcının yazılı sifarişi əsasında Alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən sayda və məbəğdə yerli balıq məhsullarını satır, “Alıcı" isə həmin “Mal”ı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada “Marın dəyərini Satıcıya ödəyir. İddiaçı tərəfindən müqavlə öhdəlikləri lazımı qaydada yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticədə iddiaçıya ödənilməyən borcu qalmışdır. Malların cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdehin qanuni nümayəndəsi məhkəmə iclasında malların iddiaçı tərəfindən cavabdehə verilməməsini deyil, cavabdehin təxminən borclu qaldığı 25.500 manata görə iddiaçıya 25500 manat dəyərində müvafiq avadanlıqların verilməsinə görə borc məbləğinin sıfırlanmasını (əvəzləşdirilməsini) bildirərək iddia tələbini qəbul etməmişdir. İddiaçının nümayənsdəsi cavabdehin etirazının əsasını təşkil edən faktların reallığa uyğun olmadığını bildirmiş. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd edilənlərə dair (cavabdehin məhz aldığı mallara görə iddaçıya borclu qaldığı 25.500 manata görə avadanalıqların verilməsi və həmin borcun tərəflər arasında əvəzləşdirlməsi) səs yazısı və foto-şəkillərdən başqa məhkəməyə hər-hansı sübutu təqdim edə bilməmişdir. Tərəflər arasında mövcüd olan səs yazısında hansısa (həcmi və dəyəri müəyyən edilməyən) avadanlıqların verilməsi müəyyən edilsə də, məhkəmə bir daha da vurğulayır ki, həmin avadanlıqların məhz mübahisələndirilən borc müqabilində verilməsi və iddiaçı tərəfin borcun avəzləşdirilməsinə dair razılığının olmasını təsdiq edən mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.
35. AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Lakin, cavabdeh öz etirazının əsasını təşkil edən faktları sübuta yetirə bilməmişdir, tərəflər arasında satılmış mallara görə qalmış borcun avadanlıqlar ilə əvəzləşdirilməsinə dair yazılı hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.
38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təyinatı müqavilə və e-qaimə göstərilməklə qismən ödənişlər və malların cavabdehə verilməsinə dair cavabdeh şirkətin direktorunun etirazının olmaması ilə təsdiq olunduğu üçün 24265,19 manat əsas borc və 1146,65 manat ƏDV məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.
39. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1213,25 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
40. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
41. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
42. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallara görə göndərilmiş 2021-2022-ci il tarixli e-qaimələr üzrə qalıq borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə (iddiaçı cəmi bir illik faiz borcunu tələb edir) illik 5% ilə hesablanmaqla 1213,25 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 1213,25 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Bundan başqa iddiaçı 5000 manat cərimə məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
46. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
47. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən də göründüyü kimi müqavilə şərtlərində və tərəflər arasında dəbbə pulu borcunun tutulması ilə bağlı hər hansı yazılı razılaşma mövcud olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz.
48. İddia tələbinin digər hissəsi 20.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq idiaçıya ödənilməsi ilə bağlıdır.
49. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün rədd edilməlidir.
50. Belə ki, Mülki Məcəllənin:
51. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
53. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
54. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 387 manat dövlət rüsumu ödənilmişdir.
56. Azərbaycan Respublikası MPM-in:
57. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
59. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cü il tarixli 19/12/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.265,19 manat əsas borc, 1.146,65 manat ƏDV məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 1213,25 manat faiz məbləği və dövlət rüsumunun əvəzi olaraq 170 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova