Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4414/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, faiz məbləği, mediasiya xərci, borcun etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdeh qanuni təmsilçisi Duman Sinanın iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış 57834,34 manat əsas borc, həmin borca illik beş faiz hesablanmaqla 2172,10 manat faiz məbləği və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 2021-Enyu-0029 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və qiymət razılaşma protokollarına əsasən iddiaçı tərəfindən cavabdehə 68244,53 manat (əlavə dəyər vergisi daxil) dəyərində mal verilməsi nəzərdə tutulmuş və həmin mallar elektron qaimə əsasında cavabdehə təhvil verilmişdir. Cavabdeh yalnız mallarının dəyərinin əlavə dəyər vergisini təşkil edən 10410,18 manat hissəsini ödəmiş, halhazırda isə 57834,34 manat əsas borcu qalmışdır. Müəyyən məbləğin ödənməsi cavabdeh tərəfindən malların təhvil alındığını göstərir, lakin cavabdeh malların dəyərini tam ödəməli olduğu halda öhdəliyin icrasından boyun qaçırır. Həmçinin cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçıya ziyan dəymiş, bunun nəticəsi olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz həcmində olmaqla cavabdehin 2172,10 manat faiz məbləği ödəmək öhdəliyi yaranmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 598.1, 600.1 maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə malların dəyərinin bir hissəsi (əlavə dəyər vergisi məbləği) cavabdeh tərəfindən ödənilsə də, elektron qaimələr üzrə 57834,34 manat borc hələ də ödənməmişdir.
5. Cavabdehin qanuni təmsilçisi Duman Sinan məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, sözügedən müqavilə və borcu qəbul edir. Cavabdeh mallarının dəyərinin əlavə dəyər vergisini təşkil edən 10410,18 manat hissəsini ödəmiş, lakin pandemiya, maddi çətinliklər səbəbindən qalan 57834,34 manat borcu ödəyə bilməmişdir. Borcun bir hissəsinin naturada ödənilməsi məqsədi ilə cavabdeh öz anbarından müəyyən malları 15 iyul 2022-ci il tarixdə iddiaçıya təhvil vermişdir, lakin əvəzləşmə hələ də yekunlaşmamışdır. Məhkəmənin sualına cavab olaraq isə bildirmişdir ki, müəyyən malların təhvil verilməsi anbardarların imzası ilə təsdiq olunmuş, sənədləşmə lazımi qaydada həyata keçirilməmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən halı qəbul etməmiş, naturada müəyyən məhsulların verilməsi və onların hazırkı müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə iddiaçıda hər hansı məlumatın olmadığını vurğulamışdır.
7. İddiaçının nümayəndəsi/vəkili məhkəməyə yazılı ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 2021-ENYU-0029 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 68244,53 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, cavabdeh malların dəyərindən 10410,18 manat hissəsini ödəmişdir.
13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə cavabdeh tərəfindən malların dəyərinin tam ödənilib-ödənilməməsi halının müəyyən edilməsi daxildir.
14. İddiaçı təhvil verilmiş malların dəyərindən 57834,34 manat pulun ödənilmədiyini qeyd edir və həmin məbləği tələb edir.
15. Cavabdeh 57834,34 manat borcun bir hissəsinin əvəzləşdirilməsi üçün müəyyən malların iddiaçıya qaytarıldığını, qaytarılmış malların dəyərinin müəyyən olunub borcdan çıxılması üçün əvəzləşmənin hələ də yekunlaşmadığını qeyd edir. İddiaçı belə bir faktın mövcudluğunu qəbul etmir.
16. Məhkəmə malların bir hissəsinin dəyərinin naturada, yəni müəyyən məhsulları təqdim edərək əvəzləşmə qaydasında ödənilməsi ilə bağlı cavabdehin arqumunetlərini əsassız sayır.
17. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir (M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 yanvar 2019-cu il tarixli Qərar).
19. Məhkəmə qeyd edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutu qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə təqdim etməmişdir. Məhkəmənin baxış iclasında isə malın verilməsi ilə bağlı olduğunu qeyd etdiyi qəbz təqdim etmiş, lakin qəbzi elektron kabinet vasitəsi ilə təqdim etməmişdir. Elektron kabinet vasitəsi ilə təqdim olunmadığından və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutun təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından məhkəmə qeyd olunan qəbzi sübut kimi qəbul etməmişdir.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. Həmin Məcəllənin 78.1-1-ci maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər.
22. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər.
23. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisələri üzrə yazılı sübutların “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə təqdim edilməsi nəzərdə tutulmuş, məhkəmənin yalnız elektron icraat materiallarına əlavə edilmiş sübutları tədqiq edə biləcəyi ilə bağlı imperativ göstərişlər mövcuddur.
25. Bundan başqa, cavabehin qanuni təmsilçisi məhkəməyə özü də bildirmişdir ki, malların iddiaçıya təhvil verilməsi ilə bağlı sənədləşmə lazımi qaydada həyata keçirilməmişdir.
26. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya müəyyən malların təhvil verildiyi, həmin malların məhz hazırkı iş üzrə tələb olunan pul vəsaitinin bir hissəsinin əvəzləşdirilməsi üçün tərəflərin razılaşması ilə verildiyi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı isə belə bir halın mövcudluğunu, ümumiyyətlə, qəbul etmir. Belə olan halda, cavabdehin etirazı əsaslı hesab oluna bilməz.
27. İddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ institutu çərçivəsində qiymətləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi çıxış edir.
28. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 57834,34 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 57834,34 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin ödənilməsi tələbi ilə bağlı
37. İddiaçı pul öhdəliyinin icrasını gecikdirdiyinə görə illik beş faiz məbləğində 2172,10 manat vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
38. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
39. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
41. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh icranı gecikdirmiş, iddiaçının isə borclunun icranı gecidirməsi səbəbindən əsas borca illik 5% həcmində pul tələb etmək hüququ yaranmış və məhkəmə qaydasında irəli sürülmüş həmin tələb qanuni və əsaslıdır.
42. Məhkəmə hesab edir ki, müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdiridiyinə görə (malların 7 qaimə üzrə təqdim olunduğu və ƏDV-nin ödənildiyi nəzərə alınmaqla) illik 5 faiz olmaqla 2172,10 manat ((24367,41x5%):100% (1 illik 1218,37 manat) :365 gün (1 gün 3,338 manat) x290=968 manat; ((5638,5x5%):100% (1 illik 282 manat) :365 gün (1 gün 0,772 manat) x276=213 manat; ((9207,39x5%):100% (1 illik 460,37 manat) :365 gün (1 gün 1,26 manat) x276=348,11 manat; ((9103x5%):100% (1 illik 455,15 manat) :365 gün (1 gün 1,24698 manat) x269=335,43 manat; ((1759,9x5%):100% (1 illik 88 manat) :365 günx254=61,23 manat; ((2248,14x5%):100% (1 illik 112,40 manat) :365 gün (1 gün 0,30795 manat) x246=75,75 manat; ((5510x5%):100% (1 illik 275,5 manat) :365 gün (1 gün 0,75479) x226=170,58 manat; 170,58+75,75+61,23+335,43+348,11+213+968=2172,10 manat) pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
43. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
44. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-00519 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 21 iyul 2022 tarixində saat 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC 5 gün əvvəlcədən poçt, həmçinin vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, "xxxx" MMC-nin nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.
45. Məhkəməyə təqdim edilən 15 iyul 2022-ci il tarixli, ********** / ********* nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri11 saylı mediasiya təşkilatına 400 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə "xxxx" MMC tərəfindən banka tapşırıq verilmişdir.
46. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
47. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
48. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
49. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 57834 (əlli yeddi min səkkiz yüz otuz dörd) manat 34 (otuz dörd) qəpik əsas borc, əsas borca illik beş faiz hesablanmaqla 2172 (iki min yüz yetmiş iki) manat 10 (on) qəpik olmaqla ümumilikdə 60006 (altmış min altı) manat 44 (qırx dörd) qəpik pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova