Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4416/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi, əsas borc, cərimə) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 1,410.27 manat gecikdirilmiş əsas borc 15.69 manat cərimə borcu, ümumilikdə, 1,425.96 manat borc məbləğinin və 40 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd “Solis 26” markalı traktor, 1 ədəd “Solis Mini MB plough” markalı kotanın saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Solis 26” markalı traktor, 1 ədəd “Solis Mini MB plough” markalı kotan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 16350.00 manat təşkil etmişdir. Həmin məbləğin 6330.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3290.00 manat məbləğində ilkin ödəniş və 163.50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 449.63 manat sığorta haqqı, 61.00 manat lizinq obyektinin qeydiyyat xərcləri Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2023-cü il tarixinə 1,410.27 AZN gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixinə 15.69 AZN cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli, 003 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirik ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 40 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə əsasən xx.xx.2023-cü il tarixinə 1,410.27 AZN gecikdirilmiş əsas borc 15.69 AZN cərimə borcu, ümumilikdə, 1,425.96 manat öhdəliyi vardır.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 445.2.1, 748-1.5, 748-2.3 və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4416/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə “xx.xx.2020-ci il tarixli, KTA-KTT- 20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə xitam verilməsi” tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri
8. Mülki Prosessual Məcəllənin:
9. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
10. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
13. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 11 avqust 2020-ci il tarixli KTA-KTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi bağlanmışdır.
14. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
15. Lizinq obyektləri 1 ədəd “SOLİS 26” markalı traktor və 1 ədəd SOLİS Mini MB Plough.
16. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 16350 manat təşkil edir.
17. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 6330 manat təşkil edir.
18. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir.
19. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır.
20. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir.
21. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər:
22. 14.1.2-ci bəndinə əsasən Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin aradan qaldırmayıbsa,
23. 14.1.3-cü bəndinə əsasən Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.
24. xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1802 nömrəli X4 müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektlərini 1 ədəd “SOLİS 26” markalı traktor və 1 ədəd SOLİS Mini MB Plough təşkil edir.
25. Təhvil-təslim aktlarına əsasən 1 ədəd “SOLİS 26” markalı traktor və 1 ədəd SOLİS Mini MB Plough Cavabdeh təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
26. 26 mart 2021-ci il tarixli KTA-KTT-21/3861 nömrəli X4 müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 60 ay müddətində 1-ci ay 59,82 manat olmaqla, hər ay cəmi 112,17 manat (sonuncu ay 52,15 manat) məbləğində lizinq ödənişləri edilməli idi.
27. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə Cavabdeh 11 avqust 2020-ci il tarixli KTA-KTT-20/1802 nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə cəmi borcu 1425,96 (1410,27 manat gecikdirilmiş cari borc və 15,69 manat cərimə) manat təşkil edir.
28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 11 avqust 2020-ci il tarixli KTAKTT-20/1802 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyektini lizinq alan Cavabdeh təhvil vermiş, lakin lizinq alan ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, nəticədə lizinq alanın lizinq verənə 1425,96 manat məbləğində əsas borcu yaranmışdır.
30. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
32. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
33. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
34. Göründüyü kimi lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin işlək vəziyyətdə geri alınmasını tələb etməkdə haqlıdır.
35. Bundan əlavə, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
37. Beləliklə, məhkəmə, cavabdehdən tələb olunan 15,69 manat dəbbə pulu əsas borca nisbətdə yüksək olmadığı üçün bu hissədə də tələbin tam əsaslı olduğunu hesab edir.
38. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 40 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
39. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
40. Digər tərəfdən MPM-in:
41. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
42. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
44. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
45. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Odur ki, hazırkı qətnamə ilə iddia tam təmin edildiyindən məhkəmə xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/1802 saylı X4 müqaviləsi üzrə 1410,27 manat (bir min dörd yüz on manat iyirmi yeddi qəpik) məbləğində gecikdirilmiş əsas borc, 15,69 manat (on beş manat altmış doqquz qəpik) məbləğində dəbbə pulu, cəmi 1425,96 (bir min dörd yüz iyirmi beş manat doxsan altı qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 40 (qırx) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Lizinq obyekti olan 1 ədəd “SOLİS 26” markalı traktor və 1 ədəd “SOLİS Mini MB plough” markalı kotan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim: Günay Namazova