Məhkəmə qərarları › İş №e-2-2(113)-442/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-442/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-442/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçı ilə cavabdehlər arasında bağlanmış X4 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,319.16 manat gecikdirilmiş əsas borc, 154.54 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə 1,473.7 (bir min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd solis 26 markalı traktor, 1 ədəd solis mini MB SLMBP-2 markalı kotan, 1 ədəd solis rotovator 3.5 gear drive markalı rotovatorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə cavabdehlər arasında bağlanmış X4 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,319.16 manat gecikdirilmiş əsas borc, 154.54 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə 1,473.7 (bir min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd solis 26 markalı traktor, 1 ədəd solis mini MB SLMBP-2 markalı kotan, 1 ədəd solis rotovator 3.5 gear drive markalı rotovatorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd solis 26 markalı traktor, 1 ədəd solis mini MB SLMBP-2 markalı kotan, 1 ədəd solis rotovator 3.5 gear drive markalı rotovator cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 19450.00 manat təşkil etmişdir. Həmin məbləğin 7470.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3920 manat məbləğində ilkin ödəniş və 194.50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 534.88 manat sığorta haqqı, 71.00 manat lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir. Eyni zamanda, Cavabdeh1 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən taxılsəpən cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2022-ci il tarixə 1,319.16 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 154.54 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PL025 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 13:00-da təyin edilmiş mediasiya sessiyasında cavabdehlər iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənilmişdir. Beləliklə, Cavabdeh1 İddiaçı ASC qarşısında 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 1,319.16 manat gecikdirilmiş əsas borc, 154.54 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə 1,473.7 (bir min dörd yüz yetmiş üç manat yetmiş qəpik) manat öhdəliyi vardır. Lizinq müqaviləsinin təminatı kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ilə KTA-KTT- 20/1516-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, müqaviləyə əsasən texnikanı lizinqə götürmüş, lakin texnika nasaz olmuşdur. Texnikanın geri götürülməsi ilə bağlı iddiaçıya müraciət etsə də, nəticəsi olmamışdır. Sonda cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”ndən görünür ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş və kənd təsərrüfatı təyinatlı SOLİS 26; SOLİS MİNİ MB SLMBP-2; SOLİS rotavator 3.5 gear drive markalı traktor, kotan və rotovator sistemini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinin təminatı kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ilə KTA-KTT- 20/1516-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən lizinq haqları xx.xx.2024-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 126 saylı Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən SOLİS 26; SOLİS MİNİ MB SLMBP-2; SOLİS rotavator 3.5 gear drive markalı traktor, kotan və rotovator cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avadanlıq təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1561 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsinə əsasən 1319.16 manat icra edilməmiş öhdəliyi, həmçinin, xx.xx.2022-ci il tarixə qədər 1.319.16 manat gecikdirilmiş əsas borcu, 154.54 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 1,473.7 manat öhdəliyi vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş SOLİS 26; SOLİS MİNİ MB SLMBP-2; SOLİS rotavator 3.5 gear gear drive markalı rotovator, kotan və rotovator sistemini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən texnikalar xx.xx.2020-ci il tarixli TTA-KTA-KTT-20/2561 saylı Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin sistem təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. İş materiallarında olan sənədlərlə cavabdehin 03 iyul 2020-ci il tarixli KTA-KTT- 20/1561 nömrəli X4 Müqaviləsinə əsasən yaranmış 1.319.16 manat icra edilməmiş öhdəliyi müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 50 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onun qaytarılması üçün əsas yaranmışdır. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, lizinq verənin lizinq obyektini geri almaq, bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının (Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi) dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir. Başqa sözlə, iddia tələbi X4 Müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 60 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 34.74 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 92.9 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 57.53 manat (60 manat (mediasiya xərci) – 2.47 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 57.53 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdehlər arasında bağlanmış X4 və zaminlik müqaviləsinə əsasən yaranmış 1319.16 manat gecikdirilmiş əsas borc, 50 manat gecikdirilmiş günlərə görə cərimə, ümumilikdə 1369,16 manat borc məbləği və mediasiya xərcinə görə 57,53 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilməli və 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis rotovator 3.5 gear drive markalı rotovator saz və işlək vəziyyətdə Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış X4 və zaminlik müqaviləsinə əsasən yaranmış 1319.16 manat gecikdirilmiş əsas borc, 50 manat gecikdirilmiş günlərə görə cərimə, ümumilikdə 1369,16 manat borc məbləği və mediasiya xərcinə görə 57,53 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2020-ci il tarixli KTA-KTT-20/1516 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilsin. 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis rotovator 3.5 gear drive markalı rotovator saz və işlək vəziyyətdə Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia qalan hissədə rədd edilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar