Məhkəmə qərarları › İş №e-2-2(113)-442/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-442/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-442/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. "xxxx" ASC cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 362 (üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi, 20 (iyrimi) manat məbləğində mediasiya xərci, 10 (on) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 392.4 (üç yüz doxsan iki manat, qırx qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMCyə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Haval H6” markalı, ** RH *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 5.269 (beş min iki yüz altmış doqquz manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğdən 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 4.907 (dörd min doqquz yüz yeddi) manat məbləğində pul “X1 yük” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən mütənasiblik qaydasında ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********2 saylı “əmlak sığortası” müqaviləsinin surətindən müəyyən olunur ki, “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “İSB az” portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. xx.xx.2023-cü il tarixli sığorta aktından və “Haval Azerbaijan” şirkəti tərəfindən tərtib edilmiş texniki xidmət kartından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 5269 (beş min iki yüz altmış doqquz manat) manat məbləğində zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 5269 (beş min iki yüz altmış doqquz manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş sənədindən müəyyən olunur ki, Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 4907 (dörd min doqquz yüz yeddi) manat məbləğində sığorta ödənişi “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə geri ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

4. İddiaçı və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, iddiaçı və digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş nol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil qeyd edilən hüquqi şəxsin əməkdaşı olan Cavabdeh2 tərəfindən idarə edilərkən "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan vurulmuşdur.

13. İş materiallarına əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır..

14. İş materiallarına əlavə edilmiş “İSB az” portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır.

15. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 MMC-yə məxsus olan “X1” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

16. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaçının iddia ərizəsində qeyd etdiyi qiymətlə razı olmadığını bildirmiş və yenidən qiymətləndirmə aparılmasını xahiş etmişdir.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etməkdir.

18. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5978/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** RH *** qeydiyyat nişanlı, Haval H6 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği (dəyişdirilmiş ehtiyyat hissələri, usta pulu və sair) nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

19. Məhkəmə Ekspertiza Mərkəzinin 0.03.2024-cü il tarixli, 3-16-13/2-9/545/2024 nömrəli rəyinə əsasən “Haval Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Haval H6” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.929 manat müəyyən edilmişdir.

20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Haval H6” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 5269 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

21. “İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 4.907 manat məbləğində pul "xxxx" ASC-yə geri ödənilmişdir.

22. Məhkəmə, ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 4.929 manat təşkil etdiyini, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4907 manat məbləğində sığorta ödənişinin ödənildiyini (4.929-4907=22 manat) nəzərə alaraq hesab edir ki, iddia 362 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslıdır və 22 manat məbləğində pul "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC tərəfindən mediasiya xərci olaraq 20 manat məbləğində pul Bakı 6 saylı Mediasiya Təşkilatına ödənilmişdir.

25. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, "xxxx" ASC tərəfindən 0,10 qəpik pul dövlət büdcəsinə ödənmişdir.

26. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 0,10 qəpik pul cavabdehlərdən tutularaq iddiaçıya ödənməlidir.

27. Məhkəmə qeyd edir ki, 10 manat dövlət rüsumunu cavabdehlərdən tələb edilməsi hissəsində iddia təmin edilə bilməz.

28. Belə ki, iddiaçı iddia ərizəsində dövlət rüsumu xərci olaraq 10 manat məbləğində pulu tələb etsə də, tərəfindən dövlət rüsumunun ödənilməsinə dair hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.

29. Lakin, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənməlidir.

30. Məhkəmə qeyd edir ki, xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 22 (iyirmi iki) manat məbləğində pul "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 20 (iyirmi) manat məbləğində pul "xxxx" MMCdən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 0,10 (on) qəpik pul "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, 10 (on) manat məbləğində pul isə "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar