Məhkəmə qərarları › İş №e-2-2(113)-442/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-442/2025

15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-442/2025 15.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Dənizkənarı Bulvar İdarəsi PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlakın geri qaytarılması qaytarılması, dəymiş zərərin ödənilməsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh (Dənizkənarı Bulvar İdarəsi PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmən iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kofe-7” konteynerinin İddiaçı MMC-yə geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 4000 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli MC/E025 saylı alqısatqı müqaviləsi ilə “Konteyner 12m x 2.4 x 2.9”, yenə eyni şəxslər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə ilə Səbail rayonu, Park Bulvarın yanında yerləşən “Köşk-1” və “Köşk-2”, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə görə isə “12 x 2.4 boş konteyner” İddiaçı MMC-yə satılmışdır. Qeyd olunmuş daşınar əmlaklar hazırda İddiaçı MMC-nin balansındadır və mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, K-04/23 saylı əmlak kirayəsi müqaviləsinə görə “Kofe-7” konteyneri cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Burada həmin şirkət hazırda restoran fəaliyyəti ilə məşğul olur və müqavilənin əlavəsində göstərilən konteynerdən istifadə edir. Melodi adı ilə fəaliyyət göstərən kofe mağazası Ağ şəhər Bulvarı ərazisində yerləşir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, K-04/23 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli “Müqaviləyə xitam verilməsi barədə” 2 nömrəli Əlavə ilə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. Ərizəyə əlavə edilmiş qaimələr və ödəniş qəbzlərindən görünür ki, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K- 04/23 saylı müqaviləyə görə ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə onların qarşılıqlı razılığı ilə xitam verilməsinə baxmayaraq, daşınar əmlak mülkiyyətçiyə qaytarılmamışdır. Belə ki, qeyd olunan əmlaka hazırda Dənizkənarı Bulvar İdarəsi tərəfindən nəzarət olunur, mülkiyyətçinin isə onunla bağlı heç bir hüququnun həyata keçirilməsinə yol verilmir. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə müraciət edilmiş, uzunmüddətdir araşdırılmasına baxmayaraq nəticəsiz qalmışdır.

3. Dənizkənarı Bulvar İdarəsi PHŞ-in nümayəndəsi təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, ilk olaraq qeyd edir ki, işin mahiyyətinə keçməmişdən əvvəl məhkəmə tərəfindən iddiaçının subyektiv hüququ yoxlanılmalı, iddiaçının mübahisəli əmlakla bağlı subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qanunvericiliyin tələblərindən, həmçinin Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən müəyyən olunur ki, iddiaçının subyektiv hüququnun yoxlanılması zəruri və ilkin şərtlərdəndir. Hazırkı mübahisənin əsasını təşkil edən müqavilələrə nəzər yetirsək görərik ki, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş konteynerlə əmlak kirayəsi müqaviləsində nəzərdə tutulmuş konteynerin eyniliyi təsdiq edilmir. Belə ki, iddiaçı konteynerin Mirzəlioğlu MMC-dən alınmasını iddia edir və bununla bağlı məhkəməyə müqavilə təqdim edilib. Həmin müqavilədəki konteynerlərin parametrləri qeyd edilsə də kirayə müqaviləsindəki konteynerin parametri qeyd edilməyib. Konteyner rəsmi reyestrdə qeydiyyata alınmayan daşınar əşyadır. Belə olan halda hər iki müqavilədəki konteynerin eyniliyi necə təsdiq olunur? Mübahisəli konteynerin iddiaçıya məxsus olması necə təsdiq olunur? Göründüyü kimi, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib və iddia ilk olaraq subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir. İddia tələbinin əsaslandığı əqdlər ümumiyyətlə yalan əqd olduğu üçün əhəmiyyətsizdir. Belə ki, təmsil etdiyim İdarənin nizamnaməsinin 2-ci bəndinə əsasən Bulvar İdarəsinin fəaliyyətinin məqsədi Bakı şəhərində yerləşən Milli Parkın, X3 X4 mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərməkdir. Nizamnamə ilə Bulvar İdarəsinin istifadəsinə verilmiş ərazidən istifadə edilməsi və həmin ərazidə konteynerin yerləşdirilməsi üçün iddiaçının bulvar idarəsinə müraciəti mövcud olmalı idi. Lakin bu müraciət mövcud deyil. Belə ki, iş materiallarına əlavə edilmiş məlumatlardan müəyyən edilir ki, idarənin sabiq sədri barədə AR CM-nin 79.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, cinayət işinin istintaqı davam etdirilir. Bu tip iddialar da məhz keçmiş sədrin həbs olunmasından sonra meydana gəlmiş, məhkəməyə kütləvi analoji işlər üzrə iddialar verilmişdir. Hazırkı iddianın əsasına dair uydurma əqdlər də məhz idarənin özündə keçmiş sədrin qanunsuz göstərişləri ilə bağlıdır. Belə ki, konteynerlərlə bağlı bütün müqavilələrdə tərəf olan sahibkarlar məhkəmələrdə atı (müqavilələri idarədə imzalamışıq biz İAM Construction adlı hüquqi şəxs və onun rəhbərini tanımamışıq, idarənin keçmiş sədri bizə müqavilələri bu formada imzalamaq lazım olduğunu bildirmişdir) etmişlər. Bütün konteynerlər idarənin ərazisində hazırlanıb və orada yerləşmiş, idarənin adəsində olmuşdur. Konteynerlər əraziyə kənardan digər şəxslər tərəfindən gətirilməmişdir, konteynerlərin idarənin ərazisində hazırlanması barədə foto şəkilləri iş materiallarına əlavə edilmişdir. Qeyd olunan müqavilələrin yalan əqd olmasının dəlillərindən biri də iddiaçı hüquqi şəxsin indiki rəhbəri ilə bağlıdır. X5 adi sahibkar deyil. İdarənin keçmiş əməkdaşıdır. Bu barədə sübutları iş materiallarına əlavə edilmişdir. Dənizkənarı Bulvar İdarəsinin xx.xx.2018 tarixli əmrindən müəyyən edilir ki, X2 xx.xx.2018ci il tarixindən Dənizkənarı Bulvar İdarəsi Aparatının Daxili audit və nəzarət sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş. xx.xx.2021 tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasından da müəyyən edilir ki, bu vəzifədən əvvəl həmin idarədə rəis müşaviri vəzifəsində çalışmışdır. Göründüyü kimi, iddiaçı şirkətin rəhbəri keçmiş sədrin müşaviri vəzifəsində çalışmışdır. Həyatda təsadüflərin olmadığını nəzərə alınsaq iş həyatında ümumiyyətlə təsadüflər mövcud deyil. Bu hal bir daha sübut edir ki, keçmiş sədr keçmiş müşavirini iddiaçı şirkətə formal rəhbər təyin edərək bir sıra qanunsuz əməllərini ört-basdır etmək üçün yalan əqdlər bağlamışdır. Əslində bu əqdlər bulvar idarəsinin adından sahibkarlarla imzalanmalı idi, lakin həbsdə olan keçmiş sədr iddiaçı şirkət üzərindən gəlir əldə etmək üçün belə qanunsuz mexanizmləri işə salmış, nəticədə barəsində cinayət işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri siihııibırı araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affırmanti, non neganti incumbit probation (sübut etmək yükti təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsini xahiş edir.

II.Tərəflərin mövqeləri:

4. Məhkəm iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi yazılı izahatına uyğun çıxış edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

5. İddiaçı və cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli MC/E025 saylı, xx.xx.2021 və HM/İC074/2023 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri bağlanmışdır.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli MC/E025 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq bu müqaviləyə əlavə olunmuş qiymət razılaşdırma protokolunda göstərilmiş mal və materialları alıcıya verməyi öz üzərinə götürür.

10. xx.xx.2020-ci il tarixli MC/E025 saylı alqı-satqı müqaviləsinə 01 saylı Əlavəyə əsasən yekun dəyəri ƏDV daxil 68.440 manat (58.000 əsas, 10.440 ƏDV), vahidinin qiyməti 2.900 manat olan 20 ədəd “Konteyner 12 m x 2.40 x 2.90” verilməsi razılaşdırılmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən “Konteyner 12 m x 2.40 x 2.90” "xxxx" MMC tərəfindən İddiaçınə təhvil verilmişdir.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilmiş obyektlərin eskiz layihəsinə uyğun olaraq alıcının sifarişi əsasında bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş mal və materialları alıcıya verməyi öz üzərinə götürür.

12. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavəyə əsasən tərəflər ümumi məbləği 36.580 manat olan, Səbail rayonu, Park bulvarın yanında yerləşən, vahidin qiyməti ƏDV ilə 18.290 manat olan, 01 ədəd, 3.50 m x4.20 m x4.20 m ölçülü Köşk- 1 və Park bulvarın yanında yerləşən, vahidin qiyməti ƏDV ilə 18.290 manat olan, 01 ədəd, 3.50 m x4.20 m x4.20 m ölçülü Köşk-2 adlı malların verilməsini razılaşdırmışlar.

13. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq müqaviləyə əlavələrdə göstərilən mal və materialların təmin olunmasını öz üzərinə götürür. Alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.

14. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavə razılaşmaya əsasən tərəflər ümumi məbləği ƏDV daxil 33.630 manat, vahidinin qiyməti 5.700 manat olan 5 ədəd “12 x 2.4 boş konteyner” adlı malın verilməsini razılaşdırmış, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi məbləği ƏDV daxil 33.630 manat 5 ədəd “12 x 2.4 boş konteyner” adlı mal "xxxx" MMC tərəfindən İddiaçınə təhvil verilmişdir.

15. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli K-04/23 saylı əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində göstərilən konteynerləri onlara aid ləvazimat və avadanlıqlarla birlikdə kirayəçinin istifadəsinə verir, kirayəçi isə bu müqavilənin 4-cü maddəsində göstərilmiş qaydada kirayə obyektinin istifadəsi üzrə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürür.

16. xx.xx.2023-cü il tarixli K-04/23 saylı müqaviləyə Əlavə 1-dən görünür ki, qiyməti ədv daxil 354 manat göstərilən “kofe” adlı konteyner qeyd edilmişdir.

17. xx.xx.2023-cü il tarixli K-04/23 saylı müqaviləyə xx.xx.2023-cü il tarixi Əlavə 2dən görünür ki, müqaviləyə xitam verilmişdir.

18. Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-09-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləsinin 1.1-ci bəndinə əsasən Birinci tərəf İkinci tərəfin istifadəsində olan “Coffee 7" köşkünün (bundan sonra - Obyekt) Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının (bundan sonra - Milli Park) Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 3 m2 Obyektətrafı əraziyə (bundan sonra - Ərazi) yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində Birinci tərəfə bu müqavilənin 3-cü maddəsində göstərilən qaydada hər ay 250 (iki yüz əlli) manat (ƏDV daxil) vəsait ödəyir.

19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

20. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsini göstərmişdir.

21. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.

22. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.

23. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.

24. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2).

25. Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir.

26. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi konteynerə münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir.

27. Belə ki, “Mirzəlioğlu MMC” ilə iddiaçı arasında bağlanan alqı-satqı müqviləsində konteynerlərin ölçüləri qeyd edilsə də iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2023cü il tarixli kirayə müqaviləsində göstərilən konteynerin parametrləri ümumiyyətlə qeyd edilməmişdir. Belə olan halda hər iki müqavilədəki konteynerin eyniliyini və iddiaçıya məxsusluğunu müəyyən etmək mümkün deyildir.

28. İddiaçı iddianı sübut edəcək başqa sübut məhkəməyə təqdim edə bilməmişdir.

29. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar iddiada göstərilən əmlakın verilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz.

30. Bundan əlavə iddia tələbinin ikinci hissəsi olan cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 4000 manat pulun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf bu hissədə də ona 4000 manat ziyanın dəyməsi faktını və həmin ziyanın necə müəyyən edilməsi ilə bağlı da məhkəəyə sənəd-sübut təqdim edə bilməmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

32. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

33. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

34. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

V.Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh (Dənizkənarı Bulvar İdarəsi PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar