Məhkəmə qərarları › İş №e-2-2(113)-4427/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4427/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4427/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin məcburi icrası və lizinq obyektinin qaytarılması tələbinin hüquqi əlaqəsi, lizinq və kreditin nisbəti, zaminliyin xitamı, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 7500 manat əsas borc, 441 manat faiz borcu, 2231 manat cərimə olmaqla ümumilikdə 10172 manat məbləğində pulun və ödənilmiş 120,52 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iddiaçının mülkiyyətində olan **-PV-*** dövlət qeydiyyat nişanlı “Kia Cadenza” minik markalı avtomobilin (lizinq obyektinin) cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı daxili lizinq müqaviləsinə əsasən, iddiaçı Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 31000 manat olan 1 ədəd **-PV-*** dövlət qeydiyyat nişanlı “Kia Cadenza” minik markalı avtomobili mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh2 isə öz növbəsində 21700 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı lizinq müaviləsinə Əlavə №2 olan lizinq ödənişləri cədvəli üzrə 36 ay müddətinə illik 27% faiz olmaqla mütəmadi olaraq hər ay 886 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı lizinq müaviləsinə xx.xx.2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cari əsas borc, yəni 19622 manat borcun 36 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 823 manat ödəniş edilməsinə dair razılığa gəlinmişdir. 2.2. Lakin cavabdeh yenə ödənişləri tam şəkildə aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini yenidən pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh2 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı lizinq müaviləsinə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya iddia qaldırılan günə 7500 manat vaxtı keçmiş əsas lizinq borcu, 441 manat vaxtı keçmiş faiz borcu, 2231 manat hesablanmış penya, cəmi 10172 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 10 mart 2021-ci il tarixli 1901/0629/ZM-01 saylı zaminlik müqaviləsinə əsasən Aslanov X1 Merac Amil oğlunun 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda, lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 2.3. 04 sentyabr 2019-cu il tarixli 1901/0629 saylı daxili lizinq müqaviləsinin 7.9cu bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilələrin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 14.1-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 748.3, 748-7.1, 748-10.4-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 10 mart 2024-cü il tarixli maliyyə arayışında qeyd edilən 14239 manat ümumi ödənilmiş faiz məbləğidir.

6. Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində məhkəmə bildirişləri yerləşdirilməklə, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvanlara məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarılması, əsas borc və faiz məbləğinin tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı öz mülkiyyətinə satıcıdan əldə edilmiş, cavabeh tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı əlavədə göstərilən nəqliyyat vasitəsini – “Kia Cadenza” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı dəyəri 31000 manat olan avtomobili lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini müqavilə şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin lizinq müqaviləsinə 02 saylı əlavə olan lizinq ödəniş cədvəlinə əsasən 04 oktyabr 2019-cu il tarixdən 04 sentyabr 2022-ci il tarixədək 21700 manat əsas məbləğ, 10192,36 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır. Daha sonra 10 mart 2021-ci il tarixli razılaşma ilə 10 mart 2021-ci il tarixdən etibarən 1901/0629 nömrəli 04 sentyabr 2019-cu il tarixli daxili lizinq müqaviləsinin 5.3-cü bəndinə müvafiq dəyişiklik edilərək 19622 manat əsas borca 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə yeni ödəniş cədvəli tərtib edilmişdir. Adıçəkilən ödəniş cədvəlinə əsasən 10 aprel 2021-ci il tarixdən etibarən 10 mart 2024-cü il tarixədək 19622 manat əsas borc, 9966,82 manat faiz borcunun ödənilməsi şərtləşdirilmişdir. Həmçinin sözügedən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 xx.xx.2021-ci il tarixli 1901/0629/ZM-01 saylı zaminlik müqaviləsinə imza etməklə lizinq alanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

11. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinin qaytarılması, xx.xx.2024-cü il tarixə 7500 manat əsas, 441 manat faiz məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.

12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə bağlı münasibətləri tənzimləyən normalarından aydın olur ki, öhdəliyin icra edilməməsi nəticəsində kreditor ümumi qaydaya əsasən müqavilənin məcburi icrası, müqavilədən imtina/müqavilənin ləğvi, dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarını əldə edir. Qeyd edilən hər bir hüquq, onların hüquqi təbiəti, həmin hüquqlardan istisnalar Mülki Məcəllənin öhdəlik hüququ ilə bağlı ümumi və xüsusi normalarında əks olunmuşdur.

15. Bu mənada müqavilənin məcburi icrasını tələb edən kreditor sinalaqmatik müqavilə üzrə qarşılıqlı öhdəliyini də icra etməlidir. Belə ki, Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən də əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

16. Qeyd edilən qayda lizinq münasibətləri üçün də keçərlidir. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

17. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

18. xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsinin 15.1-ci bəndinə görə, bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə, Lizinq alan lizinq obyektini .öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün Lizinq alan lizinqin ümumi müddətinin bitməsinə azı 1 ay qalmış Lizinq verənə lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olmasını yazılı qaydada təsdiq etməlidir. Yuxarıda göstərilmiş şərtlərin yerinə yetirilməsi şərtilə Lizinq verən əlavə ödəniş olmadan müqavilənin icra olunması haqqında aktı imzalamaqla Lizinq alana lizinq obyektinə mülkiyyət hüququnu verməyi öhdəsinə götürür. Lizinq obyektinə mülkiyyət hüququnun keçməsi/yenidən rəsmiləşdirilməsi ilə bağlı xərcləri Lizinq alan ödəyir.

19. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsində də lizinq verənin lizinq obyektini lizinq alana verməsi, lizinq alanın lizinq ödənişlərini icra etməsi, buna müvafiq olaraq da lizinq alanın nəqliyyat vasitəsinə mükiyyət hüququnu əldə edtməsi şərtləşdirilmişdir. Başqa sözlə, lizinq ödənişlərinin tam icra edilməsi lizinq verən üçün nəqliyyat vasitəsini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi doğurur.

20. Hazırda isə iddiaçı lizinq verən kimi bütün lizinq müddəti üçün lizinq ödənişlərini tələb etsə də, yəni müqavilənin məcburi icrasını irəli sürsə də, öz qarşılıqlı icrasından imtina edərək nəqliyyat vasitəsinin qaytarılması tələbini də ifadə etmişdir.

21. Mülki Məcəllənin ümumi normalarına müvafiq olaraq 748-1.12-ci maddədə nəzərdə tutulmuşdur ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

22. Göründüyü ki, lizinq obyektini almaq lizinq verənin kreditor kimi lizinq müqaviləsinin ləğv edilməsi hüququnu realizə etdiyi halda irəli sürülməsi mümkün tələbdir. Çünki lizinq münasibətləri kimi icrası davamlı olan öhdəliklərdə müqavilənin ləğvi sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Bu səbəbdən də kreditorun lizinq obyektini mülkiyyətə vermək öhdəliyi də xətm edilmiş hesab olunur.

23. Hazırda isə, qeyd edildiyi kimi, iddiaçı lizinqin müddəti ərzində müqaviləni ləğv etməmiş, lizinq müddəti başa çatdıqdan sonra müqavilənin məcburi icrasını – bütün lizinq ödənişlərini tələb etmişdir. Bu isə lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbini əsassız edir, çünki lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilmədiyindən lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi iddiaçı üçün qüvvədir.

24. Göstərilənlərə müvafiq olaraq məhkəmə bu qənaətə gəlir ki, **-PV-*** dövlət qeydiyyat nişanlı “Kia Cadenza” minik markalı avtomobilin (lizinq obyektinin) cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması hissəsində iddia təmin edilməməlidir.

25. Məhkəmə lizinq ödənişlərinə münasibətdə isə aşağıdakıların qeyd edir.

26. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

27. 10 mart 2021-ci il tarixli razılaşmaya əlavə olan 2 saylı ödəniş qrafikindən görünür ki, 10 aprel 2021-ci il tarixdən 10 mart 2024-cü il tarixədək 19622 manat əsas məbləğ, 9966,82 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.

28. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, lizinq alan tərəfindən 10 mart 2021-ci il tarixdən etibarən ümumilikdə 29823 manat ödəniş edilmiş, həmin ödənişdən 3131,18 mant cərimə məbləğinə, 26691,82 manat əsas və faiz məbləğinə silinmişdir.

29. xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsinin 7.4-cü maddəsinə əsasən, lizinq verənin hesablaşma hesabına lizinq alandan növbəti pul vəsaitləri daxil olduqda, Lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun ödənilməsinə, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər.

30. Məhkəmə müqavilə şərtlərinə əsasən 3131,18 mant cərimə məbləğinə silinmənin düzgün aparıldığı qənaətinə gəlir və 26691,82 (cəmi ödəniş 29823 manatcəriməyə silinən məbləğ 3131,18 manat) manat məbləğində pulun qrafik üzrə cəmi lizinq ödənişlərindən (29628 manat) çıxılması yolu ilə qalıq borcun müəyyən edilməsini mümkün hesab edir.

31. Belə olan halda, xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsi üzrə borc məbləği 2936,18 manat təşkil edir (qrafik üzrə ödənişlərin cəmi: 29628 manat – əsas və faiz məbləğinə silinməli cəmi ödənişlər: 26691,82 manat).

32. Məhkəmə iddiaçının hesablamasına münasibətdə göstərir ki, iddiaçı kredit müqaviləsində olduğu kimi annuitet qaydada faiz hesablamış, icranın gecikdirilməsi üçün illik faiz dərəcəsinə müvafiq olaraq əlavə faiz məbləğləri tələb etmişdir.

33. Mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir.

34. Lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

35. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Bu mənada lizinq münasibətlərində kredit müqavilərində olduğu kimi annuitet qaydada faiz məbləğinin hesablanmasının hüquqi əsası yoxdur. Lizinq müqaviləsində təsbit edilmiş mükafat məbləğindən kənar hər hansı faiz məbləğinin (lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz istisna olmaqla) dövri olaraq hesablanması, kredit müqaviləsində olduğu kimi ödənişlərin gecikməsi zamanı kreditdən istifadəyə görə əlavə faizin tələb edilməsi mümkün deyildir. Lizinq verən lizinq alanın öz öhdəliyinin icrasını gecikdirməsi üçün əlavə faiz deyil, cərimə tətbiq etmək hüququna malikdir ki, hazırda həmin hüquqdan da istifadə etmişdir.

36. Məhkəmə Cavabdeh1 zamin kimi məsuliyyətinə münasibətdə isə aşağıdakıları qeyd edir.

37. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

39. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.

40. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).

41. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 1901/0629/ZM-01 saylı zaminlik müqaviləsində lizinqin müddəti 36 ay, əsas məbləğ isə 19622 manat kimi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinqin müddəti 10 mart 2024-cü il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət edərək zamindən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq Cavabdeh1 zaminliyinə 10 mart 2025-ci il tarixdən xitam verilmişdir və ona qarşı xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.

42. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsi üzrə 2936,18 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddiaçı 2231 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.

44. xx.xx.2019-cu il tarixli 1901/0629 nömrəli daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

48. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir.

49. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 150 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 150 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir (zaminə münasbətdə bax §36 – 41).

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

51. İddiaçı həmçinin 120,52 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

52. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 120,52 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə 2936,18 manat lizinq ödənişi üzrə borc, 150 manat penya olmaqla ümumilikdə 3086,18 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar