Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-443/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan. iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.08.2013-cü il tarixli 18-LA/13 nömrəli və 07.01.2014-cü il tarixli 01- LA/14 nömrəli müqavilə üzrə 106.550 manat gecikdirilmiş əsas borc və hesablanmış 66.473,70 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat (cəmi: 173.373,7 manat) pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 22.08.2013-cü il tarixli 18-LA/13 nömrəli və 07.01.2014-cü il tarixli 01-LA/14 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə inqubator avadanlıqları və dondurma avadanlığı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08.06.2021-ci il tarixə 22.08.2013-cü il tarixli 18-LA/13 nömrəli və 07.01.2014-cü il tarixli 01-LA/14 nömrəli müqavilə üzrə 106.550 manat gecikdirilmiş əsas borc və hesablanmış 66.473,70 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun 09.10.2021-ci il tarixli MŞİH- 02820 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi 08.06.2021-ci il tarixə 22.08.2013-cü il tarixli 18-LA/13 nömrəli müqavilə üzrə 35.750 manat əsas borc və 22.335,17 manat cərimə borcu, 07.01.2014-cü il tarixli 01-LA/14 nömrəli müqavilə üzrə 70.800 manat əsas borc və 44.138,53 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat məbləğində çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 22.08.2013-cü il tarixli 18-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən bu müqavilənin 1 nömrəli əlavəsindəki təsnifata uyğun qalıq dəyəri 98.000 manat olan şok dondurma avadanlıqlarının quraşdırılması ilə birlikdə (bundan sonra – avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 5.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 2) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 22.08.2013-cü il tarixli 18-LA/13 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 3-cü və 4cü rüblərində 0 manat, 2014-cü ilin 1-ci rübündə 4.800 manat, 2-ci rübündə 0 manat, 3-cü və 4-cü rübündə 2.850 manat, 2015-ci ildən 2022-ci ilin 2-ci rübü də daxil olmaqla hər rüb üçün 2.750 manat məbləğində, 2022-ci ilin 3-cü və 4-cü rübündə 0 manat lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 20.08.2013-cü il tarixli aktdan görünür ki, sözügedən bir dəst şok dondurma avadanlığı lizinq alan Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 07.01.2014-cü il tarixli 01-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən bu müqavilənin tərkb hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 218.000 manat, hər biri 19200 baş olan 4 dəst inqubator avadanlıqlarının quraşdırılması ilə birlikdə (bundan sonra – texnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 20.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 2) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 07.01.2014-cü il tarixli 01-LA/14 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2014-cü ilin 1-ci rübündə 1.800 manat, 2-ci, 3-cü və 4-cü rüblərində 0 manat, 2015-ci ildən 2023-cü ilin 4cü rübü də daxil olmaqla hər rüb üçün 5.450 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 29.11.2013-cü il tarixli aktdan görünür ki, sözügedən tutumu 19200 yumurta olan 4 dəst inqubator avadanlığı lizinq alan Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 22.08.2013-cü il tarixli 18- LA/13 saylı və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı lizinq müqavilələri üzrə lizinq alan Cavabdeh MMC-nin gecikdirilmiş borcu 106.550 manat, cərimə borcu 66.473,70 manat olmaqla, cəmi 173.023,70 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 1346 saylı müqavilədən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - 26.11.2021-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə Cavabdeh MMC arasında 22.08.2013-cü il tarixli 18-LA/13 saylı və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin 22.08.2013-cü il tarixli 18-LA/13 saylı lizinq müqaviləsi üzrə 35.750 manat və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı lizinq müqaviləsi üzrə 70.800 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh MMC-nin 22.08.2013-cü il tarixli 18-LA/13 saylı lizinq müqaviləsi üzrə 35.750 manat və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı lizinq müqaviləsi üzrə 70.800 manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 22.08.2013-cü il tarixli 18-LA/13 saylı müqavilə üzrə 2.000 manat və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı müqavilə üzrə 4.000 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 22.08.2013-cü il tarixli 18-LA/13 saylı müqavilə üzrə 2.000 manat və 07.01.2014-cü il tarixli 01-LA/14 saylı müqavilə üzrə 4.000 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 250 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 08.06.2021-ci il tarixə olan 22.08.2013-cü il tarixli 18- LA/13 saylı müqavilə üzrə 35.750 (otuz beş min yeddi yüz əlli) manat məbləğində əsas borc, 2000 (iki min) məbləğində dəbbə pulun; 07.01.2014-cü il tarixli 01-LA/14 saylı müqavilə üzrə 70.800 (yetmiş min səkkiz yüz) manat məbləğində əsas borcun, 4000 (dörd min) manat məbləğində dəbbə pulu, cəmi 112.550 manat (bir yüz on iki min beş yüz əlli) məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-443/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-443/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver