Məhkəmə qərarları › İş №e-2-2(113)-443/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-443/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-443/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3860 manat məbləğində əsas borcun, 1158 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 271,07 manat pulun, 70 manat mediasiya haqqı və 03 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 439/21 №li Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçinin Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3860 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş ödənilməmiş 708392, 456308, 461911 nömrəli qaimələr ilə təsdiq edilir. Lakin bundan sonra cavabdehə xx.xx.2023-ci il tarixində 3 iş günü müddətində 3860 manat borc məbləğini tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, 11 sentyabr 2023-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmişdir. Lakin xx.xx.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirak etməmiş və nəticədə mübahisə Mediasiya mərhələsində həll edilməmişdir. Bu barədə İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 12 oktyabr 2023-cü il tarixli arayış tərtib edilmişdir. Əlavə olaraq müqavilənin 8.3-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 3957,7 manat cərimə hesablanmışdır. Lakin güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, cəmi 1158 manat tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 439/21 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 1-ci bənidnə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bi daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir.

11. Müqavilənin 2.3-cü bənidnə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur. Sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktlar əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçının hüquq və vəzifələri aşağıdakılardır.

13. Müqavilənin 4.1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsini və təhvil verilməsini aktla rəsmiləşdirir.

14. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçinin hüquq və vəzifələri aşağıdakılardır:

15. Müqavilənin 4.2.1-ci bəndinə əsasən icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir.

16. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bi daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərki hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə 1) müəyyən edir.

17. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyəri 0.2%-i əlavə hesablanacaq.

18. xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 046796 saylı akta əsasən xx.xx.2022-ci il tarixdə Xəzər Binə qəsəbəsi Atcılıq kafe, Qarabağ Xocavəndə yük-qazon çatıdırılması xidməti 600 manat (xx.xx.2022-ci il tarixli təhviltəslim aktı ilə qarşı tərəfin imzası ilə qəbul edilmiş), xx.xx.2022-ci il tarixində Sabunçu Yanardağ/Balaxanı/1, Qarabağa Xocavəndə matras daşıması üzrə xidmət haqqı 600 manat, (xx.xx.2022-ci il tarixli əmtəə nəqliyyat qaiməsi əsasında yük alan tərəfindən təhvil alınması imza ilə təsdiq edilmiş), xx.xx.2022-ci il tarixində Nizami- Qara Qarayev metrosu (Araz market), X5/Novxanı/dalğa ticarət mərkəzi, Qarabağ Füzuliyə avadanlıq-texnika-yanğınsöndürmə-yorğan döşək çatdırılması üzrə xidmət haqqı 470 manat, (xx.xx.2022-ci il tarixli əmtəə nəqliyyat qaiməsi əsasında yük alan tərəfindən təhvil alınması imza ilə təsdiq edilmiş) olmaqla cəmi xidmət haqqı 1670 manat təşkil etmişdir.

19. xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 047874 saylı akta əsasən xx.xx.2022-ci il tarixdə Sabunçu Balaxanı yolu Afalt Zavodu (Akkord), Qarabağ Cəbrayıl iqtiqaməti üzrə yük-konteyner çatdırılması üzə xidmət haqları 680+680+680 manat (xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlar və eyni tarixli ilə əmtəə nəqliyyat qaiməsi ilə qarşı tərəfin imzası ilə qəbul edilmiş) və xx.xx.2022-ci il tarixində Sabunçu Balaxanı yolu Afalt Zavodu (Akkord), Qarabağ Cəbrayıl iqtiqaməti üzrə yük-konteyner çatdırılması xidməti üzə xidmət haqqı 2000 manat, (xx.xx.2022-ci il tarixli əmtəə nəqliyyat qaiməsi əsasında yük alan tərəfindən təhvil alınması imza ilə təsdiq edilmiş) olmaqla cəmi xidmət haqqı 4040 manat təkil etmişdir.

20. xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 049167 saylı akta əsasən xx.xx.2022-ci il tarixində Sabunçu Zabrat dairəsi Avtoservis, Horadizə avadanlıq-texnika çatdırılması üzrə xidmət haqqı 190 manat olmaqla (xx.xx.2022-ci il tarixli əmtəə nəqliyyat qaiməsi əsasında yük alan tərəfindən təhvil alınması imza ilə təsdiq edilmiş) olmaqla cəmi xidmət haqqı 190 manat təkil etmişdir.

21. xx.xx.2022-ci il tarixli, EBCJ708392 saylı e-qaiməyə əsasən iddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 1670 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCK456308 saylı e-qaimə üzrə 4040 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBCM461911 saylı e-qaimə üzrə isə 190 manat dəyərində xidmət göstərilmişdir.

22. İddiaçıya məxsus hesab barədə əməliyyatlardan göründüyü kimi "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, EBCK456308 saylı e-qaimə üzrə 2040 manat məbləğində ödəniş edilmişdir.

23. İşdə olan mailto:salahli.a@166.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:rahib.musayev_92@gmail.comElektron ünvan 2 (Ekoservis MMC) ünvanlanmış (xx.xx.2022-ci il tarixdə) məktuba akta əlavələrin göndərildiyi qeyd olunmuşdur.

24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 adına Cavabdeh MMC tərəfindən əmək və məşğulluq altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan göründüyü kimi adıkeçən şəxs xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixə kimi həmin cavabdeh MMC-də mühasib vəzifəsində işləyib.

25. xx.xx.2023-cü il tarixli, HM-30/23 saylı maliyyə arayışına əsasən "xxxx" MMCyə 30765 manat dəyərində xidmət göstərildiyi, bu müddət ərzində 26905 manat ödəniş edildiyi, xx.xx.2023-cü il tarixə (xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü illər üzrə olan qaimlər) əsas borc 3860 manat, yekun cərimə borcu 3957,7 manat və qeyd olunan qaimələr üzrə xx.xx.2023-cü il tarixə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla yekun məbləğ 271,07 manat müəyyən edilmişdir.

26. Məhkəmə iddiaçı tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

29. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

31. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

32. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

33. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

34. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 439/21 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilənin 1-ci bənidnə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında MMC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, EBCJ708392 saylı e-qaiməyə əsasən iddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 1670 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCK456308 saylı e-qaimə üzrə 4040 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBCM461911 saylı e-qaimə üzrə isə 190 manat dəyərində xidmət göstərilmiş və ümumilikdə 3860 manat dəyərində xidmətlərin dəyəri ödənilməmiş qalmış və hazırda həmin ödənilməmiş məlbəğ məhkəmədə mübahisələndirilməkdədir.

35. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına sübut qismində təqdim edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi aktların tək tərəfli imzalanması (cavabdeh şirkətin imzasının olmaması) ilə bağlı aşağıdakı məqamlarda qeyd etməyi zəruri hesab edir.

36. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə bugünə kimi göstərilmiş digər xidmətlərə dair (mübasisə edilməyən) tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt da tək tərəfli qaydada imzalansa da, cavabdeh tərəfindən həmin akt üzrə 2650 manat tam olaraq ödənilmişdir. Eyni zamanda göstərilmiş xidmətlərin təhvil verilməsinə dair xx.xx.2022-ci i tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlar yalnız iddiaçı tərəfindən imzalansa belə, həmin aktın alt sənədlərin, yəni aktlarda nəzərdə tutulmuş yüklərin müvafiq çatdırılma məntəqəsində təhvil verilməsinə dair alt sənədləri hər iki şəxsin təhvil alan və təhvil verən tərəfindən imzalanmış, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir.

37. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, ödənişin tələb edildiyi elektron qaimələrdən biri - xx.xx.2022-ci il tarixli, EBCK456308 saylı e-qaimə üzrə 4040 manat dəyərindən 2040 manat cavabdeh tərəfindən ödəniş edilmişdir, həmin qaimə üzrə cəmi 2000 manat borc qalmışdır.

38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

40. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

41. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

42. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

43. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

44. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

45. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

47. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, yüklərin təhvil-təsliminə dair alt sənədlər, elektron qaimələr, qaimələr üzrə hissəvi ödənişlər və tərəflər arasında formalaşmış işğüzar adətlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 3860 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

48. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 439/21 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 8.5-cı bəndinə əsasən hesablanmış 1158 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

49. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

50. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

51. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

52. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 193 manat məbləğində müəyyən edilməlidir.

53. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 271,07 manat məbləğində borc hesablanmışdır.

54. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

55. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

57. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, iddiaçı üç qaimə üzrə illik 5% hesablamaqla faiz borcunu hər qaimə üzrə xx.xx.2023-cü il tarixinə kimi tələb edir. Lakin, faiz məbləğini hesablayarkən xx.xx.2022-ci il tarixli qaimə üzrə cavabdehin qismi ödənişini (2040 manatı) nəzərə almadan həmin elektron-qaimə üzrə tam (4040 manat) məbləğə 5% faiz borcunun hesablanmasını məhkəmə əsassız və qanunsuz hesab edir. Ona görə də tələb olunan 271,07 manat faiz tələbi qismən təmin olunaraq cəmi 178,08 manat (hər üç elektron qaimə üzrə məbləğlərə xx.xx.2023-cü il tarixə kimi 5% hesablamaqla) məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

58. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3860 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3860 manat əsas bоrc, 193 manat dəbbə pulu, 5% olmaqla 178,08 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 73 manat mediasiya xərci və dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3860 manat əsas borc məbləği, 193 manat dəbbə pulu, 178,08 manat faiz borcu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 73 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar