Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4430/2023 11.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" MMC-yə qarşı təsisçilikdən çıxarılma tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağım barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli pretenziya məktubunda qeyd olunur: “iddiaçı onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda qeyd olunur: “Payçı olduğum Cavabdehnə olan 35% payı istəmirəm və bunun müqavilində aramızda razılıq əsasında Cavabdeh təsisçiliyindən çıxmaq istəyirəm. Odur ki, yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş olunur ki, növbədən kənar iclasın keçirilməsi və mənim Cavabdeh təsisçiliyindən çıxmağım barədə məsələni həll edəsiniz.” Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə növbədən kənar iclasın keçirilməsi və Cavabdeh təsisçiliyindən çıxarılma barədə pretenziya məktubu ünvanlanmışdır. Bundan başqa, Cavabdehnə ünvanlanan müraciət və təkrar müraciət məktublarında da Cavabdeh təsisçiliyindən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi xahiş olunur və əks halda məhkəməyə müraciət olunacağı bildirilir. Beləliklə, cavabdehə təsisçilikdən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi təklif olunmuş, məhkəməyə isə Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılma barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, təsisçiliyindən çıxarılma barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı deyil, mübahisə cəmiyyətin Nizamnaməsi və mülki qanunvericiliyin tələblərinə uyğun həll edilə və ona uyğun məhkəməyə müvafiq tələblə müraciət oluna bilər. Odur ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Məcəllənin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək (91.3.1). Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən belə nəticiyə gəlmək olur ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması məsələsi məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Çünki məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması nəticəsində cəmiyyətin nizamnaməsinin dəyişdirilməli, habelə cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilməlidir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək, Cavabdeh təsisçiliyindən çıxmaq istədiyini və bununla bağlı növbədənkənar ümumi yığıncağın keçirilməsini bildirmişdir. Həmçinin Mülki Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Göründüyü kimi Mülki Məcəllədə ümumi yığıncağın səlahiyyətli olması ilə bağlı qaydalar müəyyən edilmiş və həmin qaydalara görə üçüncü dəfə çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. İddiaçının Cavabdeh MMC-də olan payı isə 35% təşkil edir və o, ümumi yığıncağı çağırmaq imkanını itirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən «…. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hər bir hüquqi şəxs kommersiya və ya qeyri-kommersiya təşkilatı (ictimai birliklər, fondlar və s.) növlərində yaradıla bilər. Hüquqi şəxsin yaradılmasının və müvafiq fəaliyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarını Konstitusiyanın 58-ci (birləşmək hüququ) və 59-cu (azad sahibkarlıq hüququ) maddələrinin müddəaları təşkil edir. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər (MM-in 43.5-ci maddəsi). Kommersiya hüquqi şəxsləri arasında xüsusi yer məhdud məsuliyyətli cəmiyyətlərə ayrılmışdır. Bir və ya bir neçə (fiziki və (və ya) hüquqi) şəxs tərəfindən təsis edilən nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır (MM-in 87-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Göstərilən maddədə nəzərdə tutulan mülki hüquq subyektlərinin iradə sərbəstliyi cəmiyyətin həm yaradılmasında, həm də onun iştirakçısının cəmiyyətdən çıxmasında əsas rol oynayır. MM-in 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. İddiaçının Cavabdeh MMC-də olan payı 35% təşkil edir və o, ümumi yığıncağı çağırmaq imkanını itirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı təsisçilikdən çıxarılma tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. ********** nömrəli qəbz üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4430/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4430/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver