Məhkəmə qərarları › İş №e-2-2(113)-444/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-444/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-444/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iİddiaçı MMC-nin Cavabdeh qarşı KC-27/04/2021 saylı 27.04.2021-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Rusiya Federasiyasında fərdi sahibkar qeydiyyata alınmış Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.968.750 RUB (Rusiya rublu) məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KC-27/04/2021 saylı 27.04.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh 46.271.250 RUB (Rusiya rublu) məbləğində pul ödənilmişdir (köçürülmüşdür). Cavabdeh isə həmin ödənilən pulun qarşılığında İddiaçı MMC-yə cəmi 8.302.500 RUB (Rusiya rublu) məbləğində mal göndərmiş, 2.000.000 RUB (Rusiya rublu) məbləğində pulu isə geri qaytarmışdır. Belə ki, Cavabdeh İddiaçı MMC-yə cəmi 35.968.750 RUB (Rusiya rublu) məbləğində borcu qalmaqdadır. Bildirirlər ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KC-27/04/2021 saylı 27.04.2021-ci il tarixli müqavilənin 9-cu bəndində göstərilmişdir ki, bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyatı üzrə Azərbaycan Respublikasının məhkəməsinə verilir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin bu günədək İddiaçı MMC-yə heç bir məbləğ ödənilməmişdir. Cavabdehin nümayəndəsi Korçevskaya O.V. (səlahiyyətləri etiraza əlavə edilmiş 20.12.2021-ci il tarixli Krasnodar vilayətinin Krasnodar notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə ilə təsdiq edilir və etibarnamənin QR kodu oxunur) məhkəməyə iddia ərizəsinə yazılı etiraz göndərmiş və etirazı onunla əsaslandırmışdır ki, Korçevskaya İddiaçı MMC-nin iddia ərizəsinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsi əsasında şəkər tozunun Azərbaycan Respublikasında yerləşən İddiaçı MMCyə çatdırılması üçün kəndli (fermer) təsərrüfatı “KFX” İP O.O Karaqodina ilə 27/04/2021 saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh sifarişçi, kəndli (fermer) təsərrüfatı “KFX” İP O.O Karaqodina isə yükgöndərəndir. Cavabdeh İddiaçı MMC-dən aldığı pul vəsaitini 29.04.2021-ci il tarixdə 45.915.625 rubl məbləğində pulu yükgöndərən kəndli (fermer) təsərrüfatı “KFX” İP O.O Karaqodinanın hesablaşma hesabına köçürmüşdür ki, bu da ödəniş tapşırığı ilə təsdiq olunur. Ümumilikdə, X3 ümumi məbləği 8.211.375 rubl məbləğində 3 vaqon şəkər tozunu göndərib ki, bu da (СМГС ОАО «РЖД» №********) qaimə ilə təsdiq olunur. Bununla da pul vəsaitini əldə edən yükgöndərən X3 vəzifə öhdəliklərini yerinə yetirməyərək, xüsusilə külli miqdarda Cavabdeh ziyan vurmuşdur. Fakt üzrə Cavabdeh polisə müraciət etmiş və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılmış və həmin iş üzrə Cavabdeh zərərçəkmiş kimi tanınmış və hazırda cinayət işinə Beloreçensk rayon məhkəməsində baxılmaqdadır. Cavabdeh iddiaçını xəbərdar etmişdir ki, X1 barəsində məhkəmə mübahisəsi getdiyindən İddiaçı MMC-yə pul vəsaitini qaytaracaqdır. Bununla belə Cavabdeh 03.06.2021-ci il tarixdə KC-27/04/2021 saylı müqavilə üzrə 2.000.000 rubl, 25.06.2021-ci ildə 2.300.000 rubl pul vəsaitini İddiaçı MMC-yə geri qaytarmışdır. Hesab edirlər ki, Cavabdeh qanun çərçivəsində bütün tədbirləri edir ki, iddiaçıya pul vəsaitini qaytarsın. Etiraza Kolmik S.F. tərəfindən Korçevskaya O.V.-yə verilmiş etibarnamənin, Kolmik S.F. ilə Karaqodina O.O. arasında bağlanmış mal göndərilməsi barədə müqavilənin, Karaqodina O.O, barədə başlanılmı cinayyət işin materialları, o cümlədən S.F. Kolmikin həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın və ödəniş tapşırıqlarının təsdiq edilməmiş surətləri əlavə edilmişdir. İddiaçı MMC iddia ərizəsinə əlavə verərək, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsini rəhbər tutaraq, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KC-27/04/2021 saylı 27.04.2021-ci il tarixli müqaviləyə Rusiya Federasiyasının hüququnun tətbiq edilməsini və Rusiya Federasiyasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən Cavabdeh 35.968.750 RUB (Rusiya rublu) məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 55 manat dövlət rüsumunun, həmçinin mediasiya üçün ödənilmiş 400 manat xərcin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC (alıcı) ilə Cavabdeh (satıcı) arasında bağlanmış 27 aprel 2021-ci il tarixli KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsindən müəyyən edilir ki, həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı əlavələrdə, spesifikasiyalarda və/və ya qaimələrdə və hesab-fakturalarda qeyd olunan miqdarda, keyfiyyətinə görə QOST 33222-2015-ə uyğun olan, TC-2 kateqoriyalı, kisələrə (hər birində 50 kq) çəkilib qablaşdırılmış “Şəkər tozu”nu (sonradan-mal), habelə mala dair bütün zəruri sənədləri alıcıya təhvil verməyi, alıcı isə qəbul edib ödəməyi öhdəsinə götürür. 1.1.3-cü bəndinə əsasən göndərilən malın ümumi miqdarı 7965 ton təşkil edir, 1 tonun qiyməti 36300 rubldur. 1.1.4-cü bəndinə əsasən SK DY Beloreçenskaya göndəriş stansiyasından, stansiyanın kodu 534 603, Azərbaycan DY Abşeron təyinat stansiyasına, stansiyanın kodu 548004, qədər logistika xidmətlərinin dəyəri 1 vaqona görə 317250 rubl, 1 tona görə 4700 rubl təşkil edir. 1.1.5-ci bəndinə əsasən malın göndərilmə müddəti mala və logistika xidmətlərinə görə ödəniş edildiyi andan etibarən 60 təqvim günü (30 iyun 2021-ci ilədək) təşkil edir, uzatma hüququ ilə. 2.1-ci bəndinə əsasən müqavilənin valyutası – Rusiya rubludur. 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti tərəflər arasında spesifikasiyalarda müəyyən olunur. 2.3-cü bəndinə əsasən hazırki müqavilə üzrə göndərilən malın ümumi dəyəri malın bütün spesifikasiyalar üzrə cəmi dəyərindən (sonradan – Mal partiyası) ibarətdir və 326.565.000 rubldan təşkil edir. 2.4-cü bəndinə əsasən müqavilə üzrə göndərilən hər bir mal partiyasının dəyəri müvafiq spesifikasiyada və hesabda müqavilənin 2.1-ci bəndi ilə nəzərdə tutulan valyutada göstərilir. 2.5-ci bəndinə əsasən hər bir mal partiyasının ödənişi nağdsız hesablaşma ilə Rusiya rublu ilə satıcının müqavilədə qeyd olunan bank rekvizitləri üzrə həyata keçirilir. 3.1-ci bəndinə görə malın göndərilməsi müqavilə qüvvədə olduğu müddət ərzində yerinə yetirilir. 3.3-cü bəndinə əsasən malın DAP Abşeron d.y stansiyası, stansiyanın kodu 548004 (İnkoterms-2010) şərtləri ilə göndərilməsi yükgöndərən tərəfindən satıcının tapşırığı ilə malın dəmiryol nəqliyyatı ilə (konteynlərdə və/və ya vaqonlarda) alıcının ünvanına göndərilməsi yolu ilə həyata keçirilir. 3.5-ci bəndinə görə hazırki müqavilə üzrə malın yükgöndərəni fermer təsərrüfatının başçısı 31.07.2018-ci il tarixli **********12464 nömrəli şəhadətnamə əsasında fəaliyyət göstərən fərdi sahibkar X1 şəxsində kəndli (fermer) təsərrüfatı “KFX” İP O.O.Karaqodinadır. Hazırki müqavilə üzrə malın yükalanı İddiaçı MMC-dir. 7.2.1-ci bəndinə əsasən satıcı malı göndərməli və üçüncü şəxslərin hər hansı yükləmələrindən azad mala mülkiyyət hüququnun tam və qeyd-şərtsiz verməsi satıcının vəzifəsidir. 7.2.7-ci bəndinə görə satıcı malı spesifikasiyada qeyd olunan müddətlərdə göndərməlidir. 8.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. 8.4-cü bəndinə əsasən tərəflərin razılığ ilə onların hazırki müqavilə üzrə bütün hüquq və vəzifələrinə Rusiya dövlətinin hüququ tətbiq edilməlidir. 9.1-ci bəndinə əsasən hazırki müqavilə ilə əlaqədar bütün fikir ayrılıqları danışıqlar yolu ilə həll olunur, tərəflər mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə isə onlara iddiaçının olduğu yer üzrə Arbitraj məhkəməsində baxılmalıdır. 12.1-ci bəndinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və 01.09.2021-ci ilədək qüvvədədir. Müqavilə tərəflərin yazılı razılığı ilə uzadıla bilər. 12.8-ci bəndinə əsasən hazırki müqavilə ilə nəzərdə tutulmayan qalan məsələlərdə tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tutur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən ümumilikdə 8 partiyadan, 118 vaqondan, 7965 tondan ibarət malların ümumi dəyəri 326.565.000 rubl, o cümlədən 1-ci partiya üzrə 30 vaqon üzrə (9.517.500 rubl) 1012,50 ton (36.753.750 rubl) olan malların ümumilikdə məbləği 46.271.250 rubl təşkil edir. Əlavə satıcı və alıcının imzası və möhürü ilə təsdiq edilmişdir. 29.04.2021-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC-nin ştampı ilə təsdiq edilən bank sənədi (swift göndərməsi) ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 46.271.250 rubl məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 17.02.2022-ci il tarixinə borclu “İP Kolmik S.F”nin kreditor İddiaçı MMC-yə 35.968.750 rubl ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq 35.968.750 RUB (Rusiya rublu) məbləğində borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə fərdi sahibkar kimi qeydiyyata alınmış xarici ölkənin vətəndaşı olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəldikdən məhkəmə tərəfindən ilk növbədə hazırkı AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanılmış 27 aprel 2021-ci il tarixli KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrə iddiaçının olduğu yer üzrə Arbitraj məhkəməsində (Rusiya Federasiyasında kommersiya işlərinə baxan məhkəmələr Arbitraj məhkəmələri adlanır) baxılmalı olması barədə razılaşmışlar. Hazırkı iş üzrə iddiaçı isə Azərbaycan Respublikasının qanunlarına əsasən təsis edilmiş, olduğu yer Azərbaycan Republikası olan İddiaçı MMC-dir. Bundan əlavə mübahisəli alqı-satqı müqaviləsi DAP (delivered at place – yerində təhvil vermə) Abşeron şərti ilə bağlanmışdır. Həmin şərtə uyğun olaraq satıcı malı Abşeron dəmir yol stansiyasına qədər çatdıraraq həmin yerdə alıcıya təhvil verməyi və həmin stansiyaya çatdırılmasına görə mallara görə bütün riskləri və xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilənin şərtlərinə görə müqavilənin bir hissəsi Azərbaycan Respublikasının ərazisində icra edilməli idi. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, əvvəla tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlmişlər. Bundan əlavə MPM-in müvafiq normalarında əsasən də AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlət hüququnun əsasında həll edilməli olması ilə bağlı bir neçə şərt nəzərdə tutmuşlar. Belə ki, müqavilənin şərtlərinə əsasən müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Tərəflərin razılığı ilə onların hazırkı müqavilə üzrə bütün hüquq və vəzifələrinə Rusiya dövlətinin hüququ tətbiq edilməlidir. Müqavilə ilə nəzərdə tutulmayan qalan məsələlərdə tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tutur. Müqavilənin yuxarıda göstərilən şərtlərindən də göründüyü kimi müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olmasını aydın şəkildə ifadə etmədiyindən məhkəmə mübahisəyə tətbiq edilməli olan hüququn “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilməsini zəruri sayır. Həmin Qanunun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-ci maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəfin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə mülki hüquq münasibətində satıcı olan Rusiya Federasiyası vətəndaşı X2 yaşadığı və fəaliyyət göstərdiyi hüquq, yəni Rusiya Federasiyasının hüququ tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27 aprel 2021-ci il tarixli KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı „Veysəloğlu“ MMC həmin müqaviləyə əsasən təqdim ediləcək 1-ci partiya üzrə 30 vaqon üzrə (9.517.500 rubl) 1012,50 ton (36.753.750 rubl) olan malların ümumilikdə dəyəri olan 46.271.250 rubl məbləğində pulun cavabdehə qabaqcadan ödəniş etdiyini, cavabdehin ödənilmiş pulun qarşılığında İddiaçı MMC-yə cəmi 8.302.500 RUB (Rusiya rublu) məbləğində mal göndərdiyini, 2.000.000 RUB (Rusiya rublu) məbləğində pulu isə geri qaytardığını əsas göstərərək qabaqcan ödədiyi 35.968.750 RUB (Rusiya rublu) məbləğində pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı etirazda İddiaçı MMC tərəfindən Cavabdeh qabaqcadan ödəniş edildiyi, bunun müqabilində cavabdehin 3 vaqondan ibarət 8.211.375 rubl məbləğində şəkər tozunu iddiaçıya çatdırdığı, 2.000.000 rubl məbləğində pul vəsaitini iddiaçıya geri qaytardığı təsdiq edilmiş, eləcə də etiraza iddiaçı tərəfindən cavabdehə 46.271.250 rubl məbləğində pulun ödənilməsi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Odur ki, İddiaçı MMC tərəfindən Cavabdeh 46.271.250 rubl məbləğində qabaqcadan ödəniş edilməsi, bunun müqabilində cavabdehin cəmi 8.211.375 rubl məbləğində mal təqdim etməsi, 2.000.000 RUB (Rusiya rublu) məbləğində pulu isə geri qaytarması işin mübahisəsiz hallarını təşkil edir. Cavabdehin etirazında istinad etdiyi 2.000.000 rubl məbləğində pul vəsaiti ilə yanaşı 25.06.2021-ci il tarixdə 2.300.000 rubl məbləğində pulu iddiaçıya qaytarması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya 2.300.000 rubl məbləğində pulun qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin göstərilən halı təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi elektron ödəniş tapşırığının surətinin həqiqiliyini (ödəniş tapşırığına bankın ştampı vurulmamışdır), eləcə də həmin tapşırıq əsasında pulun köçürülməsini müəyyən etmək mümkün deyildir. MPM-in 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Odur ki, məhkəmə həmin ödəniş tapşırığını məhkəmə tərəfindən sübut qismində qəbul edilmir. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi digər dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2021-ci il tarixli KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsində yükgöndərən kimi kəndli (fermer) təsərrüfatı “KFX” İP O.O.-nın rəhbəri X1 adı qeyd edilsə də, X3 sözügedən müqavilə üzrə tərəf qismində çıxış etməməklə həmin müqavilə üzrə üzərinə heç bir öhdəlik götürməmişdir. Odur ki, cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi İddiaçı MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan malı (şəkər tozu) əldə etmək məqsədilə X3 ilə 27/04/2021 saylı 27.04.2021-ci il tarixli malların göndərilməsi barədə müqavilə bağlaması, İddiaçı MMC-dən aldığı pul vəsaitini O.O.Karaqodinaya köçürməsi, X1 həmin müqavilə üzrə öhdəliklərini tam icra etməməsi, bunun nəticəsində Cavabdeh maddi ziyan vurması barədə istinad etdiyi hallar Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 27 aprel 2021-ci il tarixli KC-27/04/2021 saylı malların beynəlxalq alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icra etmək öhdəliyindən azad etmir və hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Rusiya Federasiyasının Mülki Məcəlləsinin: 454.-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi dedikdə bir tərəf (satıcı) əşyanı (malı) digər tərəfin (alıcının) mülkiyyətinə verməyi, alıcı isə bu malı qəbul etməyi və müəyyən məbləğdə pul (qiymət) ödəməyi öhdəsinə götürür. 487.3-cü maddəsinə görə qabaqcadan ödənişi almış satıcı müəyyən edilmiş müddətdə malın verilməsi öhdəliyini icra etmədikdə, alıcı ödənilmiş malın verilməsini cə ya satıcının vermədiyi mala görə qabaqcadan ödənişin geri qaytarılmasını tələb etməkdə haqlıdır. 307-ci maddəsinə əsasən öhdəlik əsasında bir şəxs (borclu) digər şəxsin (Kreditorun) xeyrinə müəyyən hərəkətlər etməyə borcludur, məsələn: əmlakı təhvil vermək, iş görmək, xidmət göstərmək, birgə fəaliyyətə tövhə vermək, pul ödəmək yaxud müəyyən hərəkətdən çəkinmək, kreditor isə borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququna malikdir. Öhdəliklər müqavilələrdən və digər əqdlərdən, zərərin vurulması nəticəsində, əsassız varlanma nəticəsində, habelə bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan yaranır. Öhdəlik yaranarkən, yerinə yetirərkən və ona xitam verildikdən sonra tərəflər öhdəliyin məqsədinə çatmaq üçün qarşılıqlı zəruri yardım göstərməyə, habelə birbirini lazımi məlumatlarla təmin etməklə bir-birinin hüquqlarını və qanuni mənafelərini nəzərə almaqla vicdanla hərəkət etməyə borcludurlar. 309-cu maddəsinə əsasən öhdəliklərin lazımi qaydada öhdəliklərin icra edilməsi şərtlərinə və qanunun, digər hüquqi aktların tələblərinə uyğun şəkildə, belə şərtlər və tələblər olmadıqda isə adətlərə və qoyulan digər adi tələblərə uyğun icra edilməlidir. 15-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, qanunda və ya müqavilədə zərərin daha az məbləğdə ödənilməsi nəzərdə tutulmayıbsa, ona dəymiş zərərin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 46.271.250 rubl məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh qabaqcadan ödənilsə də, həmin pulun 35.968.750 rubl hissəsi müqabilində malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı qabaqcadan ödədiyi 35.968.750 rubl məbləğində pul vəsaitinin qaytarılmasını tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 35.968.750 rubl məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 750 manat, eləcə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 400 manat, cəmi 1150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 35.968.750 (otuz beş milyon doqquz yüz altmış səkkiz min yeddi yüz əlli) rubl məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) və dövlət rüsumunun əvəzi olaraq 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar