Məhkəmə qərarları › İş №e-2-2(113)-444/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-444/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-444/2024 10.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( lizinq müqaviləsi, maliyyə arayışı ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 899470 manat gecikdirilmiş əsas borc, 384350.45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1284720.45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04-LA/04 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə 899470 manat gecikdirilmiş borcu və hesablanmış 384350.45 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir (arayış ərizəyə əlavə edilir).Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc də iddiaçı tərəfindən ödənilib. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldırlması ilə bağlı ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 761090 manat gecikdirilmiş əsas borc, 384350.45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1146340.15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 dekabr 2023-cü il tarixdə isə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş borc və hesablanmış 467447.64 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1298627.64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bir tərəfdən bundan sonra “lizinq verən” adlandırılacaq "xxxx" ASC ilə, digər tərəfdən bundan sonra “lizinq alan” adlandırılacaq Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqaviləyə əsasən lizinq verən bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərlə uyğun ümumi dəyəri ******* manat olan Masallı rayonunda 2.5 ha (24192 kv.m) sahədə istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir. 1.2. Lizinq alan obyektin dəyərinin 10% ni 2014-cü ilin fevral ayının sonunadək, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq lizinq verənə ödəməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən ödənilən məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.3. Obyektə mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. 3.1. Obyekt üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri Lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur. 3.2. Lizinq müqaviləsi və onun tərkib hissəsi olan lizinq ödəniş qrafiki imzalandıqdan sonra lizinq verən obyektin lizinqə verilməsi barədə əmri imzalayır. Həmin əmrdə lizinq alan barədə məlumatlar, istifadəyə verilən obyektin dəyəri, ilkin ödənişi, verilmə müddəti və yeri göstərilir. 4.1. Lizinq alan obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. xx.xx.2014-cü il tarixli, 04 La/14 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən 2.5 ha sahədə quraşdırılmış istixana avadanlığı 2014-cü il tarixdən 2023cü il tarixədək olan dövr ərzində hər rüb 69190 manat olmaqla ümumilikdə ******* manat məbləğində lizinə verilmişdir. xx.xx.2014-cü il tarixli, 04 La/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Cavabdeh tərəfindən ümumilikdə ödənilməli məbləğ ******* manat, gecikdirilmiş borc məbləği 830280 manat və cərimə məbləği 467447.64 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışa əsasən Cavabdeh tərəfindən ümumilikdə xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə 425660 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə ******* manat təşkil etmiş, Cavabdeh tərəfindən 425660 manat məbləğində ödəniş edilmişdir. Gecikdirilmiş borc 830280 manat, hesablanmış cərimə 467447.64 manat olmaqla, ümumilikdə ödənilməli olan borc məbləği 1297727.64 manat təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, gecikdirilmiş borc məbləğində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-47/2021 saylı qətnaməsindən ödənilməmiş 1,442.470 manat daxil deyil. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-47/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ******* manat məbləğində əsas borc, 20 000 manat məbləğində cərimə olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində pretenziya qaydasında 3-22-2/2-Q- 16-895/2023 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq, xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə yaranmış 899470 manat gecikdirilmiş borcun və hesablanmış 384,350.45 manat cərimə məbləğinin qısa zamanda ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-11 maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 22 yanvar 2014-cü il tarixdə bağlanmış 04-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən, yəni iddiaçı ümumi dəyəri ******* manat olan Masallı rayonunda 2.5 ha (24192 kv.m) sahədə istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək cavabdehə lizinqə vermişdir. Cavabdeh tərəfindən həmin məbləğdən ümumilikdə 425660 manat məbləğində ödəniş həyata keçirilmiş, 830280 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuşdur və həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktına əsasən cavabdehdən tutulmalı olan məbləğ hazıki iddia olunan məbləğə daxil deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdehin tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə 830280 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 830280 manat məbləğində əsas borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 467447.64 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MMin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 41514 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia tələbində ödənilmiş 400 manat təşkil edən mediasiya xərcinin və 500 manat təşkil edən vəkil xidmətinin də cavabdehdən tutulması tələbi ilə çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İş materiallarına əlavə edilmiş sənədlər iddiaçı tərəfindən məhkəmə xərclərinin bütünlüklə ödənildiyini təsdiqləyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci və vəkil xidmətinə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş əsas borc, 41514 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 872,694 (səkkiz yüz yetmiş iki manat altı yüz doxsan dörd) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar