Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4445/2022 11.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3285,6 manat məbləğində pul vəsaitinin və 70 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 iyul 2021ci il tarixli ST005950 saylı qaimə imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və mal sahibkarlıq fəaliyyəti ilə əlaqədar alınmışdır. 02 iyul 2021-ci il tarixli ST005950 saylı qaiməyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 15955,6 manat olmaqla mal almışdır. Qalıq məbləği, yəni 15955,6 manatı ödəməyi öhdəsinə götürmüşdür. Hal – hazıra kimi cavabdeh 12670 manat ödəniş etmişdir və əsas məbləg üzrə qalıq borc 3285,6 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 02 iyul 2021-ci il tarixli, ST005950 nömrəli qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 15955,6 manat dəyərində mal verilmiş, sonuncu 2310 manat məbləğində pul ödəmiş, 13645,6 manat məbləğində borcu qalmışdır. 10 iyul 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 13645,6 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. 30 iyul 2022-ci il tarixli 114 nömrəli maliyyə arayışına əsasən Cavabdeh qalıq borcu 3285,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuş, 15955,6 manat dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, cavabdeh tərəfindən 2310 manat məbləği dərhal ödənilmiş, 13645,6 manat məbləğində borcu qalmışdır. Bununla bağlı 10 iyul 2021ci il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirildiyindən 30 iyul 2022-ci il tarixdə maliyyə arayışı tərtib olunmuş, cavabdehin borcu 3285,6 manat müəyyən edilmişdir. İşdən də göründüyü kimi cavabdehin iddiaçıya 13645,6 manat borcu olması faktı tərəflər arasında tərtib edilmiş 10 iyul 2021-ci il tarixli üzləşmə aktında əksini tapmışdır. Cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyindən borc məbləği 3285,6 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, borcun mövcud olması təqdim olunmuş sübutlarla tam təsdiqini tapdığından iddia təmin olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 3285,6 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4445/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4445/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver