Məhkəmə qərarları › İş №e-2-2(113)-4447/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4447/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4447/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, dəbbə pulu, illik 5 faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən xx.xx.2021-ci il tarixində **********345 nömrəli Podrat Müqaviləsi üzrə 63490,51 manat məbləğində əsas borc, 6349,05 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 5552,33 manat gecikdirmə faizi, ümumilikdə 75391,89 manat yekun borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 317 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində **********345 nömrəli podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Podratçı sifarişçinin tapşırığına əsasən Müqaviləyə edilmiş 01,02 və 03 saylı Əlavələrə uyğun olaraq bu müqavilənin Xüsusi Şərtlərinin 3-cü bölməsində göstərilmiş işləri icra etməyi, sifarişçi isə podratçıya bu müqavilənin Xüsusi Şərtlərinin 5-ci bölməsində öz əksini tapan şərtlər əsasında muzd ödəməyi öhdəsinə götürür. İddiaçı MMC-nin öz öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməsinə baxmayaraq cavabdeh müqavilə şərtlərini pozmuş və borclu qaimələr üzrə ödənişi həyata keçirməmişdir. Qarşı tərəfə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilsə də qaimələr üzrə borclar ödənilməmiş, xx.xx.2023-cü il tarixli anlaşma memorandumu imzalanmış, lakin borclu qaimələr ürzə ödənişlər yenə də həyata keçirilməmişdir. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmiş, ümumilikdə 53805,52 AZN + ƏDV (63490,51 AZN) borc yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müstəqil azad bazar iqtisadiyyatında tərəflər arasında tələb və təklif verilib. Onlar da təkcə mal satışı deyil, həmçinin işçilik, xidmətlərin göstərilməsi, yüksək keyfiyyətli malın seçilməsi və ya orta, aşağı malın seçilməsi məsələləri var. Bu yanaşmanın özü isə MM-nin 390-cı maddəsinin tələblərinə ziddir. Direktorun, təsisçinin dəyişdirilməsi ondan əvvəlki münasibətlərin, öhdəliklərin yox olması demək deyil. Sonda o, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, cavadehin iddiaçıya borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin Baş direktoru Azad Namazov xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor Rauf Ağayev təyin edilmişdir. Bununla bağlı Baş direktor Rauf Ağayevin Baş direktor vəzifəsini icra etdiyi vaxtda Şirkətdə təhvil-təslim prosesi başlanılmışdır. xx.xx.2024-cü il tarixindən etibarən Şirkətdə Baş direktor vəzifəsini Raqif Mehdiyev icra edir və təhvil-təslim prosesi hələ də davam edir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən irəli sürülən 63490,51 manat əsas borc tələbinə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin xidmət haqqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin göstərilən xidmətlərin real xidmət haqqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmişdir və qiymətləndirmə rəyini almışdır. Qiymətləndirmə rəyinin nəticələrinə görə, iddiaçı müqavilə üzrə cavabdehdən tələb etdiyi 63490,51 manat əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 30-35% artıq göstərilmişdir. Ehtimal olunur ki, cavabdehin keçmiş baş direktoru Azad Namazov və iddiaçının rəhbərliyi arasında sövdələşmə olmuşdur. Sonda o, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (Podratçı) arasında bağlanmış 19 aprel 2021-ci il tarixli **********345 nömrəli müqavilənin xüsusi şərtlərindən görünür ki, Podratçı Sifarişçinin müəyyən olunmuş sahəsində betonun zəif hissələrində su sızmasının qarşısını almaq üçün injeksiya işlərini həyata keçirəcək və bunun üçün mal- materialları təchiz edəcək. İşlərin daha ətraflı siyahısı, həcmi, vahid qiyməti bu Müqaviləyə əlavə olunmuş X1 (Əlavə İ) göstərilir. Sifarişçi öz mülahizəsinə əsasən Podratçıya Əlavə 1 -də daxil edilənlərdən savayı əlavə iş(lər)in/xidmət(lər)in görülməsni həvalə edə bilər. Bu iş(lər)/xədmət(lər) tərəflər arasında razılaşdırılmış İş Sifariş(lər)i ilə tənzimlənəcəkdir, harada ki əlavə iş(lər)in/xidmət(lər)in təsviri, qiyməti, həcmi, ümumi məbləği və görülmə müddəti əks etdiriləcəkdir. Əlavə 1-də və İş Sifariş(lər)ində təsvir edilənlər bundan sonra “İşlər” adlancaqdır. Müqavilənin 5-ci bəndinə əsasən Sifarişçi, Müqavilə üzrə, hər cari ay görülən İşlərə görə ödənişi Tərəflərin qarşılıqlı imzaladağı təhvil - təslim aktı, hesab faktura və elektron qaimə təmin edildikdən sonra 30 (otuz) təqvim günü ərzində Podratçının bu Müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəyir. Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (Podratçı) arasında bağlanmış 19 aprel 2021-ci il tarixli **********345 nömrəli müqavilənin əsas şərtlərindən görünür ki, Podratçı Sifarişçinin tapşırığına əsasən Müqaviləyə əlavə edilmiş 01, 02 və 03 saylı Əlavələrə uyğun olaraq bu Müqavilənin Xüsusi Şərtlərinin 3-cü bölməsində göstərilmiş İşləri icra etməyi, Sifarişçi isə Podratçıya bu Müqavilənin Xüsusi Şərtlərinin 5-ci bölməsində öz əksini tapan şərtlər əsasında Muzd (bundan sonra “Muzd”) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən podratçı işləri SOCAR Karbamid zavodunun Ammonia və Urea layihəsi çərçivəsində icra edəcək. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə ilə yerinə yetirilmiş İşlər üçün ödəniş Sifarişçi tərəfindən köçürmə yolu ilə Podratçıya Müqavilənin Xüsusi Şərtlərinin 5-ci maddəsində göstərilmiş qaydada həyata keçirilir. Müqavilənin 2.4-cü bəndinə əsasən podratçı hər ayın sonu icra edilmiş cari İşləri özündə əks etdirən hesabatı Sifarişçiyə təqdim edir və Sifarişçi həmin tarixdən etibarən 7 (yeddi) iş günü ərzində təhlil edərək hesabatda göstərilmiş işləri qəbul edir. Müqavilənin 6.2-ci bəndinə əsasən işlərin icrası gecikdirildiyi təqdirdə podraçı hər gecikdirilmiş təqdim günü üçün aşağıdakı qaydada sifarişçiyə cərimə ödəməlidir: 6.2.1. ilk 10 (gün) gün ərzində müqavilənin ümumi qiymətinin 0,5 faizi məbləğində; 6.2.2. daha sonrakı müddətdə - hər gün üçün müqavilənin ümumi qiymətinin 1 faizi məbləğində; 6.2.3. ümumi cərimə məbləği müqavilənin ümumi qiymətinin 10 faiz artıq ola bilməz. EBCB seriyalı, 668409 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 55598,06 manat, EBCİ seriyalı, 809604 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 24463,15 manat, EBCA seriyalı, 214359 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 54708,49 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 27 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 63490,51 manat, 10 % dəbbə pulu və illik gecikdirilmiş vaxt üçün 5 % hesablanmaqla ümumi borc 75391,89 manat təşkil edir. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixində 1647,67 manat, xx.xx.2018-ci il tarixində 4111,05 manat, xx.xx.2018-ci il tarixində 4263,07 manat, xx.xx.2018-ci il tarixində 11877,05 manat, xx.xx.2018-ci il tarixində 3323,85 manat, xx.xx.2018-ci il tarixində 1706,40 manat, xx.xx.2019-cu il tarixində 541,17 manat, xx.xx.2019-cu il tarixində 1296 manat, xx.xx.2019-cu il tarixində 289,17 manat, xx.xx.2020-ci il tarixində 1576,98 manat, xx.xx.2021-ci il tarixində 9752,59 manat, xx.xx.2021-ci il tarixində 15451,72 manat, xx.xx.2021-ci il tarixində 18776,31 manat, xx.xx.2021-ci il tarixində 10772,55 manat, xx.xx.2021-ci il tarixində 357,62 manat, xx.xx.2021-ci il tarixində 1602,72 manat, xx.xx.2022-ci il tarixində 3392,42 manat, xx.xx.2022-ci il tarixində 15378,76 manat, xx.xx.2022-ci il tarixində 8684,61 manat, xx.xx.2022-ci il tarixində 8191,29 manat, xx.xx.2022-ci il tarixində 8514,45 manat, xx.xx.2022-ci il tarixində 1899,76 manat, xx.xx.2022-ci il tarixində 5908,11 manat, xx.xx.2022-ci il tarixində 4041,12 manat, xx.xx.2022-ci il tarixində 2765,36 manat, xx.xx.2022-ci il tarixində 7200 manat, xx.xx.2023cü il tarixində 900 manat, xx.xx.2023-cü il tarixində 2310,93 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən imzalanmış 25 aprel 2023-cü il tarixli Anlaşma memorandumundan görünür ki, Cavabdeh MMC və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli **********345 saylı podrat müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 58848 manat məbləğində borcu yaranmışdır. Tərəflər razılaşırlar ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli **********345 saylı podrat müqaviləsi üzrə yaranmış borclarının bağlanması üçün Cavabdeh MMC 2023-cü ilin may ayından başlayaraq ödəniş cədvəlinə əsasən 8 ay müddətində borcun ödənilməsini planlaşdırır: May 2023 – 5000, İyun 2023 – 5000, İyul 2023 – 5000, Avqust 2023 – 5000, Sentyabr 2023 – 5000, Oktyabr 2023 – 1000, Noyabr 2023 – 10000, Dekabr 2023 – 13848 manat. İddiaçı MMC-yə Kapital Bank ASC-də olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilmişdir. 24 may 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 317 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1 və 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin cavabdeh tərəfindən imzalanmış 25 aprel 2023-cü il tarixində imzalanmış anlaşma memorandumuna əsasən cavabdeh göstərilmiş xidmətlərə görə 58848 manat məbləğində borcunun olduğunu qəbul etmiş, həmin borcu 8 ay müddətində ödəməyə razı olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə münasibət bildirərək, iddiaçı tərəfindən müqaviləyə əsasən xidmətlərin göstərilməsini mübahisələndirməmiş, göstərilən xidmətlərin dəyərinin müqavilədə normaldan daha artıq şərtləşdirildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin müqavilə üzrə razılaşdırdıqları qiymətlərin orta bazar dəyərindən artıq olması cavabdehin müqavilə üzrə öhdəliyinin icrasından imtina etməsi üçün əsas deyildir. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq tərəflər xx.xx.2021ci il tarixində sərbəst iradə ifadələrinə uyğun, azad surətdə müqavilə bağlayaraq, iddiaçının təklif etdiyi xidmət haqqını cavabdeh qəbul edib, görüləcək işlərin dəyərini özləri müəyyənləşdirmişlər və bu mülki qanunvericiliyə zidd olmamışdır. Sərbəst bazar iqtisadiyyatında sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər satdıqları məhsulların və göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edir, alıcılar isə öz sərbəst seçimləri ilə təklif edilən qiymətlə razılaşıb satıcını (poratçını) seçirlər. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən müqavilə üzrə şərtləşdirilmiş xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 63490,51 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 63490,51 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 6349,05 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3174 manat müəyyən olunmalıdır. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 5552,33 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini iki ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 317 dövlət rüsumunun 306,65 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli **********345 nömrəli podrat müqaviləsinə əsasən 63490,51 manat əsas borc, 3174 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində hesablanmış 5552,33 manat, ümumilikdə 72216 (yetmiş iki min iki yüz on altı) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti, habelə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 306 (üç yüz altı) manat 65 (altmış beş) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar