Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4449/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (nisyə alqı satqı müqaviləsi üzrə borcun ödənilməsi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 3119 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51.19 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 011/2022 saylı müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 3119 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 3119 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o xəbərdarlıqlara məhəl qoymur və iddiaçıya olan borcunu ödəməkdən yayınır. İİ Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir..
İİİ Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Bir tərəfdən bundan sonra “satıcı” adlandırılacaq İddiaçı MMC ilə digər tərəfdən bundan sonra “alıcı” adlandırılacaq Cavabdeh arasında bağlanmış 03 yanvar 2022-ci il tarixli, 011/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 3119 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.
2. Alıcı satlcldan ümumi dəyəri 3119 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir.
3. Alıcı satıcıya olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
4. Satıcı alıcıya verdiyi məhsullara görə üçüncü şəxslər qarşısında heç bir hüquqa və məsuliyyətə malik deyil.
5. Alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız satcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir.
6. Cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılmış xx.xx.2022-ci il tarixli ərizə ilə bildirilmişdir ki, MMC ilə aralarında bağlanan xx.xx.2022-ci il tarixli, 011/2022 saylı müqaviləyə əsasən müəssisəyə 3119 manat borcu yaranmışdır. Həmin borc məbləğinin onun borcu olmasını etiraf etmiş və 3 ay müddətində borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədikdə qanunla məsuliyyət daşımağa hazırdır. Ərizəni ona heç bir təsir olmadan özü yazmışdır və yazılanları imzası ilə təsdiq etmişdir.
7. 03 yanvar 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 03 yanvar 2022-ci il tarixli, 011/2022 saylı “məhsulların nisyə alqı-satqısı barədə” müqaviləsinə əsasən ümumi dəyəri 372 manat təşkil edən Napitok Bizon 0.25 lt (1x24) banka, 511.5 manat təşkil edən Napitok Bizon 0.45 lt (1x24) banka, 725 manat təşkil edən Napitok GO gold 8% 4.45 lt (1x24), 642.5 manat təşkil edən Napitok GO silver 8% 0.45 lt (1x24), 310 manat təşkil edən X4 0.25 lt (1x24), 558 manat təşkil edən X4 0.45 lt (1x24) olmaqla, ümumilikdə 3119 manat təşkil edən məhsullar satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir.
8. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 011/2022 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir 10.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 yanvar 2022-ci il tarixli, 011/2022 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 3119 manat təşkil edən malları cavabdehə satmağı, cavabdeh isə satılmış malların dəyərinin 3 ay müddətində ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. 03 yanvar 2022ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən hər iki tərəf 3119 manat dəyərində malların cavabdehə verilməsini təsdiq etmişlər. Beləliklə də, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmiş, lakin cavabdeh satın aldığı malların dəyərini ödəməməklə, öz öhdəliyini icra etməmişdir. 11.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 3119 manat məbləğində tutularaq İddiaçıya ödənilməlidir.
12. AR MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Məhkəmə hesab edir ki, 51.19 manat təşkil edən dövlət rüsumu da cavabdehə aid edilməlidir.
V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilməmiş 3119 ( üç min yüz on doqquz) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51.19 (əlli bir manat on doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov