Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-445/2020 03.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh aaa nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn nümayəndələri X7 və X4 iştirakı ilə İddiaçı aaa Cavabdehnə (Cavabdeh MMC) qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZ005 saylı alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış əsas borc qismində 47384 manat , əldən çıxmış fayda qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 52414 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 xeyrinə tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 xüsusi təchizatla sifariş verdiyi “Volvo S90 T5 İnscription” markalı, ümumi dəyəri 61000 avro olan avtomobildən imtina etməsi nəticəsində avtomobilin ümumi dəyərinin 20%-i həcmində, yəni 12200 avro və ya xx.xx.2019- cu il tarixə avro-manat (1 avro=1.9060 Azn) məzənnəsinə uyğun, yəni 23253.20 manat məbləğində dəyən zərərin cavabdehdən alınıb Cavabdeh MMC-nin hesabına ödənilməsi və iddiaçı və cavabdeh tərəfindən ödənilmiş 30 ( otuz) manat dövlət rusumunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə aid edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZ005 saylı alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış əsas borc qismində 47384 manat, əldən çıxmış fayda qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 52414 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə AZ005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən Cavabdeh MMC “Volvo S90” markalı avtomobili 165 gün müddətinə Mərkəzi Hospitalın mülkiyyətinə verməli, iddiaçı tərəfindən isə avtomobilin ümumi dəyərinin 40%-i miqdarında ilkin ödəniş ödənilməli idi. Mərkəzi Hospital tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-nin hesabına ümumi məbləğin 40% miqdarında, yəni 47384 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixədək müqavilənin predmeti olan “Volvo S90” markalı avtomobil iddiaçının mülkiyyətinə verilməli idi. Lakin Cavabdeh MMC tərəfindən müqavilədən irəli gələn öhdəliklər icra edilməyərək göstərilmiş müddətdən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, müqavilənin predmeti olan avtomobil alıcının mülkiyyətinə verilməmişdir. Bu barədə dəfələrlə cavabdehin nümayəndəsi ilə telefon danışıqları və yazışmalar aparılmışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, müqavilədə göstərilən vaxtı uzadaraq, yaranmış öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə heç bir danışıqlar aparılmadan birtərəfli qaydada müqaviləyə 2 saylı əlavəni məktub formasında göndərərək, avtomobilin xx.xx.2019-cu il tarixdə təhvil veriləcəyini göstərmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin 9.4-cü bəndinə əsasən hər hansı bir dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilənin 9.3-cü bəndinin tələblərinə əsasən öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi və ödənilmiş 47384 manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair xx.xx.2019-cu il tarixdə cavabdehə məktub ünvanlanmışdır. Cavabdeh isə həmin məktuba cavab olaraq eyni tarixdə müqavilənin predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə təhvil veriləcəyini göstərmişdir. Eyni zamanda Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 xüsusi təchizatla sifariş verdiyi “Volvo S90 T5 İnscription” markalı, ümumi dəyəri 61000 avro olan avtomobildən imtina etməsi nəticəsində avtomobilin ümumi dəyərinin 20%-i həcmində, yəni 12200 avro və ya xx.xx.2019-cu il tarixə avro-manat (1 avro=1.9060 Azn) məzənnəsinə uyğun, yəni 23253.20 manat miqdarında dəyən zərərin cavabdehdən alınıb Cavabdeh MMC-nin hesabına ödənilməsi və iddiaçı və cavabdeh tərəfindən ödənilmiş 30 ( otuz) manat dövlət rusumunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 ilə xx.xx.2019-cu il tarixdə AZ005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən alıcı Cavabdeh MMC-dən 61000 min avro dəyərində “Volvo S90” markalı avtomobil almaq məqsədilə avtomobilin dəyərinin 40% miqdarında, yəni 47384 manat ödəmişdir. Sifariş verilmiş avtomobilin xarici ölkədən gətiriləcəyi nəzərə alınaraq təhvil verilməsi üçün 165 gün müəyyən edilmişdir. Lakin onlardan asılı olmayan və digər səbəblər üzündən avtomobilin Azərbaycan Respublikasına gətirilməsi gecikdirilmişdir. Gecikmə barədə sifarişçiyə rəsmi məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə alıcının seçiminə əsasən “X9” şirkətindən 1 ədəd “Volvo S90 T5 İnscription” markalı avtomobil sifariş verərək avtomobilin dəyərini ödəmişdir. Avtomobilin istehsal tarixi xx.xx.2019-cu il qeyd edilmişdir. Lakin istehsal xəttində olan sıxlıqla əlaqədar, eyni zamanda avtomobilin alıcının xüsusi sifarişinə əsasən komplektləşdirildiyi səbəblərinə görə avtomobilin istehsalı nəzərdə tutulduğu müddətdən gec, yəni xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Ona görə də avtomobilin daşınma və çatdırılma müddətlərində gecikmələr əmələ gəlmişdir, şirkət əməkdaşları tərəfindən bu barədə alıcıya məlumatlar verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 xüsusi təchizatla sifariş verdiyi avtomobildən imtina etməsi nəticəsində Cavabdeh MMC-yə ümumilikdə avtomobilin ümumi dəyərinin 20%-i həcmində, yəni 12200 avro və ya xx.xx.2019-cu il tarixə avro-manat (1 avro=1.9060 Azn) məzənnəsinə uyğun, yəni 23253.20 manat miqdarında zərər dəyə bilər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi X7 ilkin iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, əldən çıxmış fayda hissəsində isə qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi X6 ilkin iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, əldən çıxmış fayda hissəsində isə qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış AZ005 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya Volvo S90 satır, alıcı isə həmin avtomobili qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra avtomobilin sifarişini həyata keçirir (bu barədə müştəriyə sifarişin təsdiqindən sonra çıxarış təqdim edilir), sifariş həyata keçirildikdən 165 təqvim günü müddətində avtomobili alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən alıcı avtomobilin ümumi məbləğinin (61000 avro (altmış bir min avro)) 40%-ni (24400 avro (iyirmi dörd min dörd yüz avro), xx.xx.2019-cu il tarixə avro-manat (1 avro=1.9420 AZN) məzənnəsinə uyğun 47384,00 AZN (qırx yeddi min üç yüz səksən dörd manat) ilkin ödəniş kimi ödəyir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 tərəfindən Cavabdeh MMC-nin direktoru Könül Axundovaya ünvanlanan xx.xx.2019-cu il tarixli pretenziya məktubunda xx.xx.2019-cu il tarixli müqavilənin ləğv olunması və ödənilmiş 47384 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Cavabdeh MMC tərəfindən pretenziya məktubuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 rəisi Elman Məmmədova ünvanlanan məktubda xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavə təqdim edilmiş və müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinin son tarixi kimi xx.xx.2019-cu il tarixinin qəbul edilməsi xahiş edilmişdir Cavabdeh MMC-nin nümayəndəsi X7 tərəfindən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, ilkin iddia tələbi üzrə 47384 manat borc məbləğini qəbul etdiyini və əldən çıxmış faydaya görə 5000 manat məbləği isə qəbul etmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 829227 nömrəli elektron qaimədən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 tərəfindən “xxxx” MMC-dən “BMW 730” markalı avtomobil alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən avtomobilin dəyərinin 40 faizini Cavabdeh MMC-yə ödəsə də, Cavabdeh MMC avtomobili müqavilənin şərtlərinə uyğun olaraq 165 gün ərzində təqdim etməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qanunvericiliyin qeyd olunan normalarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin vaxtında və lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçı cavabdehlə müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğuna görə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş hesab edilməli və iddiaçının tələbi xx.xx.2019-cu il tarixli, AZ005 saylı alqı-satqı müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını, ilkin iddia üzrə cavabdehin müqaviləyə əsasən avtomobili müəyyən edilmiş müddət ərzində təqdim etməməklə müqavilə öhdəliyini, qabaqcadan ödəniş məbləğini alaraq əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyini, alıcı olan ilkin iddia üzrə iddiaçının əşya üçün qabaqcadan ilkin olaraq ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 47384 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə ödənilməlidir. Məhkəmə həmçinin ilkin iddia üzrə cavabdehin nümayəndəsinin tələbin 47384 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi hissəsində etiraf etdiyini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlkin iddia üzrə iddiaçı əldən çıxmış fayda kimi ona 5000 manat məbləğində zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə sübut olunmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələbin məbləğinə münasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,15 (iyirmi yeddi manat on beş qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə Cavabdeh MMC-nin müqavilə öhdəliklərini pozan tərəf olduğunu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən müqavilə öhdəliklərinin və ya qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X1 avtomobildən imtina etməsi nəticəsində 23253.20 manat miqdarında dəyən zərərin cavabdehdən alınıb Cavabdeh MMC-nin hesabına ödənilməsi və ödənilmiş dövlət rusumlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə aid edilməsinə dair qarşılıqlı iddianı əsassız sayır və belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZ005 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən əsas borc olaraq 47384 (qırx yeddi min üç yüz səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,15 (iyirmi yeddi manat on beş qəpik) manat olmaqla, cəmi 47411,15 (qırx yeddi min dörd yüz on bir manat on beş qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-445/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver