Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-445/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-445/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və X3 qarşı müqavilə münasibətləri üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə satılmış malların geri qaytarılması və həmin mallara görə ödənilmiş 50.200 (əlli min iki yüz) manat, mənəvi ziyana görə 20.000 (iyirmi min) manat, Cavabdeh3 və Cavabdeh2 Samir oğlunun hər birindən 20.000 (iyirmi min) manat, ümumilikdə 40.000 (qırx min) manat və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tututlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, hazırki mübahisə üzrə danışıqlar prosesi və cavabdeh fiziki şəxslər barəsində polis araşdırması hüquqi nəticə vermədiyindən, iddiaçı hüququnun və qanunla qorunan mənafeyinin müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. Uzun müddətdir fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2019-cu ilin sonlarında ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsində lazer-epilyasiya mərkəzi işlətmək qərarına gəlmiş, həmin ərəfədə kosmetoloq işləyən Elnarə İsmayılova vasitəsilə "xxxx" MMC-nin baş direktoru Cavabdeh3 və MMC-də texniki məsləhətçi işləyən Cavabdeh2 Samir oğlu ilə tanış olmuşdur. Söhbət zamanı sonuncu avadanlıqları İsraildən və C.Koreyadan gətirib Bakı şəhərində satışını həyata keçirdiyini, həmçinin bəzi avadanlıqların ehtiyyat hissələrini dəyişdirməklə saz vəziyyətə gətirib satdığını bildirmişdir. Aparılan müzakirədən sonra cavabdehlərlə ilkin razılıq əldə olunmuş və nəticədə xx xxxxxx 2019-cu ildə iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən satılacaq avadanlıqların ümumi qiyməti 50.200 (əlli min iki yüz) manat təşkil etmişdir. Həmin məbləğ üzrə ilkin ödəniş müqavilə bağlanan tarixdə həyata keçirilmış və 34.600 manat pul cavabdeh təşkilata ödənilmişdir. Müqavilə imzalanan tarixdə mərkəzdə təmir işləri davam etdiyi üçün cavabdehlər iddiaçıya mərkəz fəaliyyətə başlayana qədər avadanlıqların gətirilməsi və yerləşdirilməsi təmin ediləcəyi vədini vermişlər. Mərkəz təmir edildikdən sonra avadanlıqlar iddiaçıya məxsus ofisə gətirilmişdir. İddiaçı Elnarə İsmayılova ilə işləmək barədə qərar versə də, sonradan onun əməllərində və hərəkətlərində sui-istifadə halları aşkar etmiş və onun vasitəsilə baş tutmuş alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıqların işlək olmasını araşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin sahə üzrə ixtisaslaşmış ARASH firmasının əməkdaşını ofisə dəvət etmiş, sonuncu avadanlıqlara baxış keçirdikdə bildirmişdir ki, alınmış avadanlıqlar artıq xeyli müddətdir dövriyyədən çıxıb, istismara tam yararlı deyil, həmçinin həmin avadanlıqlara peşəkar servislər tərəfindən xidmət göstərilmir, müasir mərkəzdə bu cür avadanlıqlarla işləmək mümkün deyil. Aldadıldığını görüb dərhal cavabdehlərə müraciət etmiş və bildirmişdir ki, bu avadanlıqlarla mərkəzi işlətmək mümkün deyil, bir ay ərzində ödənilmiş məbləği geri qaytarsınlar, avadanlıqlarını geri alsınlar. Qarşı tərəf bildirmişdir ki, ən tez müddət ərzində avadanlıqları sataraq geri ödəniş edəcəkdir. Ancaq xeyli müddət keçsə də, cavabdehlər verdikləri vədə əməl etmirlər. Vəziyyət belə davam etdiyindən iddiaçı onların barəsində polis orqanına müraciət etmişdir. Aparılmış araşdırma zamanı iddiaçı ilə yanaşı, Cavabdeh3, Cavabdeh2 və Elnarə İsmayılovanın izahatları alınmışdır. Həmin araşdırma üzrə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair bəndlərinin tələbləri pozulduğundan, müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması, həmçinin cavabdehlər tərəfindən aldadıldığı üçün hər birindən onun xeyrinə maddi və mənəvi ziyanin tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə satılmış malların geri qaytarılması və həmin mallara görə ödənilmiş 50.200 (əlli min iki yüz) manat, və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat pul vəsaitinin cavabdeh "Cavabdeh1" MMC-dən turularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, həmin avadanlığın tərəfə təhvil verildiyini, hazırda avadanlığın iddiaçının istifadəsində olduğunu, öncədən avadanlığın yenisinin alınması ilə bağlı razılığa gəlmədiklərini, avadanlığın yenisinin qiymətinin çox baha olduğunu, verilmiş avadanlığın bazar qiymətinə uyğun olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə üzrə “Satıcı” Cavabdeh1 MMC bu müqavilənin 1.1.-ci bəndində göstərilən malları “Alıcı” İddiaçı satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. -Həmin müqavilənin 2.1-ci bəndinə əsasən cihaz bu müqaviləyə əlavə edilmiş Spesifikasiyada nəzərdə tutulmuş siyahı və komplektasiyada “Alıcı”ya təhvil verilir. -Həmin müqavilənin 2.2 bəndinə əsasən, cihaz istifadə üçün yararlı vəziyyətdə, müvafiq formalı təhvil-təslim aktı tərtib edilməklə “Alıcı”ya təhvil verilir. -Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən cihazla birlikdə əgər müvafiq istifadə qaydaları olan texniki sənədlər də mövcuddursa, onları akt əsasında “Alıcı”ya verməyi öz öhdəsinə götürür. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən təhvil vermə müvafiq akt əsasında həyata keçirilir. -Həmin müqavilənin 4.2-ci bəndinə əsasən cihaz “Alıcı”ya işlək vəziyyətdə verilir. -Həmin müqavilənin 5.1-ci bəndinə əsasən cihaz müqavilə imzalandığı gün AZN valyutasında ifadə olumuş qiyməti 39.000 AZN məbləğində müəyyən edilir. İlkin olaraq 60% ödəniş edilir, qalan 40 % isə cihaz təhvil verildikdən sonra ödənilir. -Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə alıcıya verilən cihazın keyfiyyəti, bu tip avadanlıqlar üçün qəbul edilmiş standart və texniki şərtlərə cavab verməlidir. -Həmin müqavilənin 7.1-ci bəndinə əsasən alıcı tərəfindən cihazın texniki istismar və cari texniki xidmət qaydalarına əməl edildiyi halda, avadanlığın normal işləməsinə satıcı təminat verir. -Həmin müqavilənin 7.1-ci bəndinə əsasən alıcının cihazın istifadə qaydasına əməl etməməsi və ya bu müqavilədə göstərilməyən, lakin hər hansı digər mexaniki səbəb və nəticələrdən qaynaqlanan texniki xətalar üçün məsuliyyəti alıcı daşıyır. -Beh müqaviləsindən görünür ki, Baxışov X5 Helios2 və C02 fractional lazer avadanlıqlarına görə xxxx MMC-yə 23.400 AZN məbləğində ilkin ödəniş etmişdir. -tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Baxışov X7 EMAX lazer aparatı və SR başlığına görə xxxx MMC-yə 11.100 AZN məbləğində ödəniş etmişdir. -xx.xx.2020-ci il tarixli 1336 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Baxışov X5 Helios2 və C02 fractional lazer avadanlıqlarına görə xxxx MMC-yə olan 15.600 AZN məbləğində qalıq borcunu tam olaraq ödəmişdir. -xx.xx.2020-cil il tarixli 220620 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 34800.00 AZN olan 13 adda məhsul xx.xx.2020-ci il tarixli 220620 saylı müqaviləyə əsasən “xxxx” MMC- tərəfindən İddiaçı təhvil verilmiş, sonuncu imza ilə təsdiq edərək məhsulu təhvil almışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş Mesa servis tərəfindən tərtib edilmiş servis raporunda qeyd olunmuşdur ki, təqdim olunan cihazlar ən azı 10 il öncə istehsal olunmuş cihazlardır və artıq istismar müddətini başa vurmuşdur. Ehtiyat hissə tədarükü mümkün deyildir. Gərəkli olacaq servis baxımından sonra cihazın hansı müddətə qədər və nə cür işləyəcəyinə zəmanət vermək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avadanlıqlar ofisə gətirildikdən sonra ödəniş tam olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmiş bununla da satılan malları təhvil aldığını təsdiqləmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd qərarı”ndan görünür ki, Baxışov X8 RPİ-yə müraciət edərkən ərizəsində xx xxxxxx 2020-ci il tarixinədək avadanlığın pulunu ödədiyini bildirmiş, 2020-ci ilin may ayında isə həmin aparatların işlənmiş olduğu və mənşəyinin bilinmədiyi ona məlum olmuş, ödədiyi pulu geri istəmişdir. Göründüyü kimi iddiaçı satın aldığı avadanlıqların geri qaytarılması barədə iradəsini satıcıya iki ay sonra bildirmişdir. İdddiaçı tərəfindən mübahisələndirilən hal satıcı tərəfindən cihazların ona təhviltəslim aktına əsasən verilməməsi və alınmış avadanlıqların xeyli müddət əvvəl dövriyyədən çıxması və istismara tam yararlı olmamasıdır. İddiaçı alınmış avadanlıqların artıq xeyli müddətdir dövriyyədən çıxdığını, istismara tam yararlı olmamasını, həmçinin həmin avadanlıqlara peşəkar servislər tərəfindən xidmət göstərilmədiyini, müasir mərkəzdə bu cür avadanlıqlarla işləmək mümkün olmadığını bildirsə də məhkəmə hesab edir ki, müqavilədə alınan malların adı konkret olaraq göstərilmiş və iddiaçı həmin avadanlıqları alarkən onların müasir olub-olmaması haqqında məlumatlı olaraq həmin avadanlıqları əldə etmək iradəsini bildirmişdir. Məhkəmə həmin avadanlıqların istismara tam yararlı olmaması ilə iddiaçının iddiasına münasibətdə qeyd edir ki, bu hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, rədd edildiyindən iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və X3 qarşı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə satılmış malların geri qaytarılması və həmin mallara görə ödənilmiş 50.200 (əlli min iki yüz) manat, və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat pul vəsaitinin cavabdeh "Cavabdeh1" MMC-dən turularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar