Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-445/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-445/2022 02.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Hüseynxan oğlunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Hüseynxan oğlu (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 23672 manat məbləğində əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 161 manat məbləğində dövlət rüsumunun əvəzi, mediasiya xidmətləri üçün ödənilmiş 200 manat məbləğindəki pul vəsaitinin əvəzi və vəkilə xidməti üçün ödənilmiş 211 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış AGCX 14/2019, AGCX 41/2019 və AGCX 92/2019 saylı müqavilələrə əsasən, iddiaçıya məxsus texnikalardan istifadəyə və həmin texnikaların xidmətlərindən yaranmış borcun bir qismi iddiaçıya ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 23672 manat təşkil edir və bu borc məbləği 01 aprel 2021-ci il tarixli üzləşmə aktı ilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənmişdir. Yaranmış borc pul məbləğinin qaytarılmasına dair tərəflərindən göndərilmiş pretenziya üzrə 23672 manat məbləğində borc pul məbləğinin 18 noyabr 2021-ci il tarixinədək ödənilməsi təklifi qəbul edilməmişdir. Baş verənləri müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırkı iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün 161 manat məbləğində dövlət rüsumu, mediasiya xidmətləri üçün 200 manat və iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi məqsədilə isə vəkilə 211 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Əliyeva iddia ərizəsinə etiraz edib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə olan borcu təsdiq edən elektron qaimələr olmadığından iddia təmin edilə bilməz. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 92/2019 saylı 01.07.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən icraçı (iddiaçı) ona məxsus ekskavator yükləyici, buraxılış ili 2007, JCB3CX4 markalı (Qeydiyyat nömrəsi 10-0-104) nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə) vergilər daxil 4000 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 14/2019 nömrəli 04.02.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən icraçı ona məxsus XCMGQY25K-LXCPA2888A000581, buraxılış ili 2008, avtokranla (Qeydiyyat nömrəsi **-SK-***) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabiliində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə), vergilər daxil 5325 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 41/2019 saylı 28.04.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən icraçı ona məxsus XTC651153B1194828, buraxılış ili 2011, Kamaz 65115 xüsusi təyinatlı markalı (Qeydiyyat nömrəsi **-TD-***) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabiliində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə), vergilər daxil 4792,50 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 41/2019 saylı 28.04.2019-cu il tarixli subpodrat müqaviləsinə 2 nömrəli 23.12.2019-cu il tarixli əlavəyə əsasən bu əlavəyə əsasən icraçı ona məxsus XTC651153B1194828, buraxılış ili 2011, KAMAZ 65115 xüsusi təyinatlı markalı (Qeydiyyat nömrəsi **-TD-***) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Əlavənin 2-ci bəndinə əsasən razılaşmaya əsasən bu müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə) vergilər daxil 4792,50 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 92/2019 saylı 01.07.2019-cu il tarixli subpodrat müqaviləsinə 3 nömrəli 20.04.2020-ci il tarixli əlavədən görünür ki, əlavəyə əsasən icraçı ona məxsus ekskavator yükləyici, buraxılış ili 2007, JCB3CX4 markalı (qeydiyyat nömrəsi 10-0-104) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Əlavənin 2-ci bəndində razılaşmaya əsasən bu müqavilə üzrə bağlanmış olan Əlavə 2 iki tərəfində razılığı ilə ləğv olunur, bu müqaviləyə Əlavə 3 bağlanaraq 20/04/2020 tarixdən bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə) vergilər daxil 3531 manat təyin olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış AGCX 92/2019 saylı 01.07.2019-cu il tarixli subpodrat müqaviləsinə 3 nömrəli 30.10.2020-ci il tarixli əlavədən görünür ki, tərəflər razılamışlar ki, bu əlavəyə əsasən icraçı ona məxsus ekskavator yükləyici, buraxılış ili 2007, JCB3CX4 markalı (qeydiyyat nömrəli 10-0-104) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Əlavənin 2-ci bəndinə əsasən razılaşmaya əsasən bu müqavilə üzrə bağlanmış olan Əlavə 2 iki tərəfin də razılığı ilə ləğv olunur, bu müqaviləyə Əlavə 3 bağlanaraq 20/04/2020 tarixdən bir texnikanın bir aylıq xidmət haqqı vergilər daxil 3531 manat təyin olunur. 17 noyabr-30 noyabr 2020-ci il tarixləri arası İddiaçı Hüseynxan oğluna məxsus olan və AGCX41/2019 nömrəli 28.04.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-yə xidmət göstərən nəqliyyat vasitəsinin xidmət haqqı barədə 30.12.2020-ci il tarixli təhviltəslim aktı ilə 3531 manat xidmət haqqı əvəzində 10-0-104 dövlət nömrə nişanlı JCB3CX4 markalı ekskavator, 30.12.2020-ci il tarixli təhvil-təslim aktı ilə 4792,50 manat xidmət haqqı əvəzində **-TD-*** dövlət nömrə nişanlı Kamaz-65115 markalı Avtokran, 30.11.2020-ci il tarixli təhvil-təslim aktı ilə 2076,75 manat xidmət haqqı əvəzində **-TD-*** dövlət nömrə nişanlı Kamaz-65115 markalı avokran, 31.01.2021-ci il tarixli təhvil-təslim aktı ilə 3727,50 manat xidmət haqqı əvəzində **-SK-*** dövlət nömrə nişanlı XCMGQY25KLXCPA2888A000581 markalı avtokran, 12.02.2021-ci il tarixli təhvil-təslim aktı 1597,50 manat xidmət haqqı əvəzində **-SK-*** dövlət nömrə nişanlı XCMGQY25KLXCPA2888A000581 markalı avtokran, 29 mart 2021-ci il tarixli təhvil-təslim aktı ilə 2354 manat xidmət haqqı əvəzində 10-O-104 dövlət nömrə nişanlı JCB3CX4 markalı ekskavator, 01.03.2021-ci il tarixli təhvil-təslim aktı ilə 3531 manat xidmət haqqı əvəzində 10-O-104 dövlət nömrə nişanlı JCB3CX4 markalı ekskavator, 01.02.2021-ci il tarixli təhvil-təslim aktı ilə 3531 manat xidmət haqqı əvəzində 10-O-104 dövlət nömrə nişanlı JCB3CX4 markalı ekskavator, 30.11.2020-ci il tarixli təhvil-təslim aktı ilə 3531 manat xidmət haqqı əvəzində 10-O-104 dövlət nömrə nişanlı JCB3CX4 markalı ekskavator 30 noyabr 2020-ci il tarixli təhvil-təslim aktı ilə 2076,75 manat, 30 dekabr 2020ci il tarixli təhvil-təslim aktı ilə 4792,50 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli üzləşmə aktı ilə tərəflər aralarındakı borc məbləğinin AGCX 114/2019 saylı 04.02.2019-cu il tarixli müqavilə üzrə 5325 manat, AGCX 41/2019 saylı 28.04.2019-cu il tarixli müqavilə üzrə 6869,25 manat, AGCX 92/2019 saylı 07.07.2019-cu il tarixli müqavilə üzrə 11478 manat, ümumilikdə 23672,25 manat məbləğində olmasını təsdiq etmişlər. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 05.11.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən aralarında bağlanmış müqavilə üzrə yaranmış 23500 manat məbləğində borcunu 18 noyabr 2021-ci il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02.11.2021-ci il tarixli 2021- 005208 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış AGCX 14/2019, AGCX 41/2019 və AGCX 92/2019 saylı müqavilələrdən irəli gəlir. Cavabdehin həmin müqavilələr üzrə üzərinə düşən öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin AGCX 14/2019, AGCX 41/2019 və AGCX 92/2019 saylı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya 23672 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23672 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin hazırkı borcu təsdiq edən elektron qaimələrin olmaması səbəbindən iddianın təmin edilə bilməməsi barədə dəlilinə cavab olaraq bildirir ki, materiallarda olan təhvil təslim aktları, habelə 01.04.2021-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya 23672 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi tərəfindən həmin sübutları şübhə altına sala biləcək, habelə həmin sübutları təkzib edə biləcək dəlillər göstərilməmiş, buna dair hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddia ərizəsində 211 manat vəkilin göstərdiyi hüquqi yardıma görə pulun cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, materiallarda olan 31686 saylı, 19.11.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 211 manat pul köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23672 manat əsas borc, 211 manat hüquqi yardıma görə ödənilmiş vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və 161 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23672 (iyirmi üç min altı yüz yetmiş iki) manat əsas borc, 211 manat hüquqi yardıma görə ödənilmiş pul və ödənilmiş 361 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Hüseynxan oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar