Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-445/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil1, cavabdeh “X1 Zavodu” MMC-nin nümayəndəsi, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 zavodu” MMC-yə (müstəqil tələb irəli sürməyən "xxxx" ASC) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 352- LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 21081,14 manat gecikdirilmiş borcun və hesablanmış 13913,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 35694,69 manat pul vəsaitinin cavabdeh “X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə “X1 Zavodu” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə 21081,14 manat gecikdirilmiş borcu və hesablanmış 13913,55 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdeh etiraz yükləyərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 Zavodu MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 352-LD/18 saylı lizinq müqaviləsi üzrə 21081,14 AZN məbləğində əsas borcun, 13912,55 AZN məbləğində cərimə borcunun, hüquqi yardımla bağlı 500 AZN, mediasiya xərci kimi 200 AZN olmaqla ümumilikdə 35694.69 AZN pul vəsaitinin tutulması barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsi Sizin icraatınızdadır. Hazırki kommersiya mübahisəsi üzrə işin hazırlıq iclaslarında aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh X1 Zavodu MMC-nin iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2018-ci il tarixli, 352- LD/18 saylı lizinq müqaviləsi üzrə mövcud borcu cəmi 356.94 AZN təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, cavabdeh 352/LD saylı müqavilə üzrə 896092.16 AZN məbləğində ödəniş etmiş, 48176.70 AZN məbləğində isə həmin müqavilə üzrə sığorta ödənişi qəbul edilmişdir. Lakin ödəniş cədvəlini diqqətlə analiz etdikdə məlum olur ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqları üzrə ödənişlərini borcdan düzgün qaydada silməmişdir. Belə ki, həmin tapşırıqlar üzrə cavabdeh tərəfindən 352/LD saylı müqavilə üzrə 2019-cu ilin 2-ci və 3-cü rübünün ödənişlərini təşkil edən 43880 AZN ödənilsə də, iddiaçı tərəfindən həmin rüblər üzrə yalnız müvafiq olaraq 24880.86 AZN (2019-2-ci rüb) və 42154.44 AZN (2019-3-cü rüb) borca silinmişdir. Nəticə etibarilə 20724,70 AZN məbləğində ödənilmiş borc ödənişi 352/LD saylı müqavilə üzrə borcdan silinməmiş olaraq qalmışdır. İş materiallarını araşdırarkən məlum olur ki, iddiaçı AR Mülki Məcəlləsinin 440-cı maddəsini tələblərini pozaraq borclu “X1 Zavodu” MMC-nin ödədiyi məbləği onun seçdiyi və ödəniş tapşırığında qeyd etdiyi müqavilə üzrə təyinatına uyğun olaraq silməli olduğu halda bir qismini silməmiş, qanunsuz olaraq digər köhnə müqavilələr üzrə borclara silmişdir. Bu nəticəsində də cavabdehin 20724,70 AZN məbləğində ödənişi nəzərə alınmamış və borc olaraq göstərilmişdir. Qeyd olunan ödəniş tapşırıqları etiraza əlavə edilir. AR Mülki Məcəlləsinin 440.1-ci maddəsinə görə əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Həmin ödəniş tapşırıqlarından da göründüyü kimi, 352/LD saylı müqavilə qrafiki üzrə 2019-cu ilin 2-ci və 3-cü rübünün ödənişləri ödənilsə də, iddiaçı tərəfindən həmin ödənişlərin bir qismi nəzərə alınmamış və qanunsuz olaraq digər müqavilə üzrə borclara silinmişdir. Aşağıdakı 2 nömrəli cədvəldə bu daha aydın göstərilir: Qeyd olunanlardan da göründüyü kimi, hazırki vəziyyətdə cavabdeh X1 Zavodu MMC-nin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı xx.xx.2018-ci il tarixli, 352-LD/18 saylı lizinq müqaviləsi üzrə borcu cəmi 356.94 AZN təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1; 77.1; 80 və 154-cü maddələrini rəhbər tutaraq Məhkəmədən xahiş edirəm: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 Zavodu MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 352-LD/18 saylı lizinq müqaviləsi üzrə 21081.14 AZN məbləğində əsas borcun, 13912.55 AZN məbləğində cərimə borcunun, hüquqi yardımla bağlı 500 AZN, mediasiya xərci kimi 200 AZN olmaqla ümumilikdə 35694.69 AZN pul vəsaitinin tutulması barədə iddia ərizəsi üzrə iddia tələblərinin qismən 356.94 AZN hissədə təmin edilməsi, digər hissədə rədd edilməsi barədə qətnamə qəbul edilsin. (etiraza 2 cədvəl əlavə edilmişdir) Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 Zavodu” MMC-nin nümayəndəsi, vəkili Vəkil2 etiraza yuğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, etirazda göstərilən 356,94 manat məbləğində qalıq borc düzgün hesablanmamış, sözügedən borcun mövcudluğundan imtina edir və əlavə olaraq qeyd edir ki, “X1 Zavodu” MMC-nin təyinatı üzrə 352-LD/18 nömrəli müqavilə üzrə 2019-cu ilin 3-cü rüblə bağlı xx.xx.2019-cu il tarixdə ödənilmiş 43880 manat məbləğində vəsaitin 15170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə köçürülmüş, lakin hazırda tələb olunan vəsaitdən artıq olan 28709,45 manat məbləğdə olan vəsait isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440-cı maddəsini tələblərinə zidd olaraq 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı olan borclara görə silinmiş, bu hal həmdə xx.xx.2019-cu il tarixdə aparılan ödənişlərdə də, müşahidə edilir, bu isə o deməkdir ki, hazırda tələb olunan 21081,14 manat gecikdirilmiş borc, digər müqavilələrlə bağlı yaranmış borca ödənilmiş 28709,45 manatdan azdır. Göründüyü kimi, “X1 Zavodu” MMC-nin ödənişləri təyinatı üzrə 352-LD/18 nömrəli müqavilə üzrə apardığına görə, cavabdehin 352-LD/18 nömrəli müqavilə üzrə heç bir borcu yoxdur. Nümayəndə qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə X1 Zavodu MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC 449 baş Holştin-Friz cinsli malı dəyəri lizinq ödəniş qrafikinə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 482675 manat ilkin ödənişi əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 482675 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsində götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təqdim etdiyi “X1 Zavodu” MMC-nin apardığı ödənişləri əks etdirən maliyyə cədvəlinin 42-ci bəndindən görünür ki, “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixdə 43880 manat məbləğində 2019-cu ilin 3-cü rüb üçün apardığı ödənişdən 15170,55 manatı 352- LD/18 nömrəli müqavilə üzrə, 25800 manatı 326-LD/18 nömrəli müqavilə üzrə və 2909,45 manatı isə 320-LD/18 nömrəli müqavilə üzrə borca görə silinmişdir. xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, “X1 Zavodu” MMC tərəfindən 43880 manat məbləğində vəsait "xxxx" ASC-yə ödənilmişdir. Ödənişin təyinatı və əsası olan bənddə qeyd edilmişdir ki, həmin vəsait xx.xx.2019-cu il tarixli 352- LD/18 nömrəli müqaviləyə əsasən 2019-cu ilin 3-cü rübü üçün köçürülmüşdür. xx.xx.2023-cü il tarixli 00508 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul köçürmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1 və 747.1-ci maddələrinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə “X1 Zavodu” MMC arasında "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmış, “X1 Zavodu” MMC cədvələ uyğun olaraq ödəniş etmiş və tərəflərin arasında digər 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələr olduğuna görə, həmin ödənişlərin hansı rüb və müqavilə üzrə olduğunu pulun köçürülməsi sənədlərində göstərmişlər. Belə ki, “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqaviləyə görə 2019-cu ilin 3-cü rübü üçün xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığı (sənəddə təyinatı və əsası qeyd edilmişdir) ilə "xxxx" ASC-yə 43880 manat məbləğində vəsait ödəsə də, həmin vəsaitdən 15170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə 28709,45 manat məbləğdə olan vəsait isə 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı olan borclara görə silinmişdir. Göründüyü kimi “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqaviləyə görə 2019-cu ilin 3-cü rüb üçün 43880 manat məbləğində vəsait ödəsə də, həmin puldan 28709,45 manatı təyinatı üzrə deyil, 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı yaranmış borclara görə silinmiş, yəni lizing verən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1-ci maddəsinin tələblərini pozaraq 352-LD/18 nömrəli müqaviləyə aid olan borcdan silinmələr etməmiş və nəticədə hazırki tələb üzrə olan 21081,14 manat məbləğində gecikdirilmiş borc yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə 2019-cu ilin 3-cü rüb üçün ödənilmiş 43880 manat məbləğində vəsait təyinatı üzrə silinsəydi, hazırki borc yaranmazdı, həmçinin hazırki tələb üzrə xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqavilə ilə bağlı yaranmış 21081,14 manat məbləğində gecikdirilmiş borc, əsassız digər müqavilələr üzrə yaranmış borcların silinməsinə yönəldilən 28709,45 manat məbləğindən azdır. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqavilə ilə bağlı yaranmış 21081,14 manat məbləğində gecikdirilmiş borcu tələb etsə də, “X1 Zavodu” MMC həmin borcu vaxtında ödəmiş, lakin hazırda tələb olunan vəsaitdən də çox olan 28709,45 manat məbləğində pul əsassız olaraq digər müqavilələr üzrə yaranmış borclara görə silinmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, əsas borc təmin edilmirsə, gecikmə ilə balı yaranmış cərimə də təmin edilə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 21081,14 manat gecikdirilmiş borcun və hesablanmış 13913,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 35694,69 manat pul vəsaitinin cavabdeh “X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması və xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 21081,14 manat gecikdirilmiş borcun və hesablanmış 13913,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 35694,69 manat pul vəsaitinin cavabdeh “X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması və xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-445/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver