Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4450/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında olan alqı-satqı müqaviləsinə görə yaranmış əsas borc 2337,50 (iki min üç yüz otuz yeddi) manat və 60 (altımış) manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında olan alqı-satqı müqaviləsinə görə yaranmış əsas borc 2337,50 (iki min üç yüz otuz yeddi) manat və 60 (altımış) manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh MMC arasında 41D/2021 saylı, xx.xx.2021- ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı üzərinə götürmüşdür. “Alıcı” isə 5 (beş) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022- ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən Cavabdehin borcu 2337,50 manat təşkil etmişdir. Bundan sonra cavabdeh iddiaçı ilə əməkdaşlıq etməmiş və borcunu ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh bu müddət ərzində borcunu ödəməkdən yayınır. Bununla bağlı ona telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar edilmişdir. Cavabdeh xəbərdarlıqlara məhəl qoymadığından ona, xx.xx.2023 il tarixli, 69 saylı pritenziya məktubu ünvanlayaraq, onunla bağlanmış müqaviləyə öhdəliklərini yerinə yetirmədiyi üçün bir tərəfli qaydada xitam verilməsi bildirilmişdir. Eyni zamanda 10 iş günü müddətində Xırman” MMC-yə olan 2337,50 manat borcun qaytarılmasını tələb etsələrdə cavabdeh yenədə ümumi vədlər verməklə borcu ödəməkdən yayındı. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-ci il tarixində ilkin mediasiya sessiasıyasnda iştirak edilməməsi barədə arayış verildi. İddiaçı 60 ( altımış) manat mediasiya xərci ödəmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X4 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının göndərdiyi elektron qaimələr mühasibin səhlənkarlığı səbəbindən 5 gün ərzində imtina edilmədiyinə görə avtomatik təsdiqlənmişdir. Üzləşmə aktındakı möhür cavabdehə məxsus olsa da, oradakı imza ona aid deyildir. Sonda cavabdehin qanuni təmsilçisi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 41D/2021 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 2337,50 manat olan mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 2337,50 manat məbləğində borcu yaranmışdır.
10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimənin və 11 yanvar 2022-ci il tarixli Üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 3 saylı Mediasiya təşkilatına 60 manat ödəmişdir.
14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2337,50 manat və 60 (altımış) manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 2337,50 manat əsas borc və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev